Rza Diqqəti – bu ad az qala bütün azərbaycanlılar üçün doğmadır. Balacadan tutmuş böyüyə kimi hamı onu özününkü bilir. O artıq bütün azərbaycanlılar üçün ortaq bir dəyərə çevrilib. Onun xalqımız üçün gördüyü işləri sadalamağa ehtiyac yoxdur. Amma bizim Rza Diqqəti kimi həmvətənlərə həmişə ehtiyacımız var. O, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında xüsusi rol oynayıb. Bizim pis günlərimizi görüb, indi yaxşı günlərimizin şahidi olur. Keçmişimizlə gələcəyimiz arasında bağ qurur. Rza Diqqəti həm də dünyanın bir çox qaynar hadisələrinə şahidlik edib. Gördüklərini fotoyaddaşına həkk edib…
Beynəlxalq tədbirlərin birində Rza Diqqəti ilə rastlaşdıq, söhbətləşməyə qərar verdik. Onun vaxtı az idi. Beş dəqiqəlik söhbətə razılaşdıq, amma yarım saatdan çox çəkdi…
Onun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur, amma onunla uzunuzadı danışmağa həmişə ehtiyac var…
– Rza bəy, Təbriz sizin üçün nə deməkdir?
– Təbriz mənim üçün nədir?! Vallah, sözün düzünü desəm, Təbriz mənim üçün indi uzaqlıqdır, valideynlərimlə birgə yeridiyim küçələrdir, evimdir, uşaqlıq dostlarımdır. Təbriz mənim üçün bunlardır. İndi həmin Təbriz qalmayıb ki. Yəni bilirəm ki, yoxdur. Qırx üç ildir ki, İrandan çıxmışam. Həmin vaxtdan ora getməmişəm. Amma mən burada, İçərişəhərdə, Bakıda gəzəndə elə bil ki Təbrizin havasını, qoxusunu alıram. Yəni məndə nostalji yoxdur. Məsələn, ay aman, qırx neçə ildir ki, getməmişəm, filan. Amma Azərbaycan elə mənə vətəndir. Bir qisminə gedə bilməsəm də, bir qismində elə varam. Yəni eyni vətəndir mənə.
– Sizin fotolardan dünya necə görünür?
– Onu gərək dünyadan soruşasınız ki, mənim şəkillərimi nə cür görürlər (gülür). Mən dünyaya nə cür baxıramsa, şəkillərimdə də bunlar əks olunur. Yəni mənim öz baxışım, öz sözüm var şəkillərimdə. Demək olar ki, mən fotoqraf olmasaydım, filosof və ya tarixçi ola bilərdim, bəlkə də, müğənni olardım. Mənim dünyaya baxışımın əsas səbəbi dünyada müxtəlif mədəniyyətləri bir-birinə tanıtmaq, həmin mədəniyyətlər vasitəsilə insanları bir-birinə yaxınlaşdırmaqdır. Bir də mən şəkillərimdə daha çox dünyadakı ədalətsizliyi göstərməyə çalışmışam. Yəni bunlar mənim demək istədiyim şeylərdir. Fotoqraf olmasaydım belə, yenə də filosof, yaxud tarixçi kimi bunları dilimə gətirərdim.
– Qürbətdə sizə azərbaycanlı kimliyi daha yaxın gəlir, yoxsa müsəlman kimliyi? Özünüzü daha çox hansı kimliyə aid edirsiniz?..
Söhbətləşdi:
Ramin Paşazadə