Tarix Xəbərlər

Səfəvilərin yadigarı: Özbəkistanın azərbaycan icması – “Mərv qızılbaşları və ya mərvilər”

Səfəvilər dövründə strateji əhəmiyyətə malik olan, müasir Türkmənistan ərazisində yerləşən Mərv bölgəsi vaxtilə qızılbaşların məskunlaşdığı və idarə etdiyi bölgələrdən biri idi. Bu bölgəni, əsasən, qızılbaşların ustaclu, rumlu, əfşar və ən əsasda qacar tayfasının izzəddinli qolu idarə edirdi. Şah İsmayıl, Şah Təhmasib və ən əsas da Böyük Şah Abbas və Nadir Şah dövründə Azərbaycan bölgələrindən, xüsusilə Qarabağ və Gəncədən əhali Mərv şəhərinə köçürülmüş və bu bölgənin idarəsi onlara tapşırılmışdı. 1747-ci ildə Nadir Şahın ölümündən sonra Mərv Qacar xanlığı quruldu. 1785 və 1788-ci illərdə Buxara və Mərv Qacar xanlığı arasında baş verən döyüşlərdə qızılbaşlar məğlub oldu. İlk döyüşdə Bayram Əli xan Qacar öldürüldü, tarixi mənbələrdə ikinci döyüşdə isə onun oğlu Məhəmməd Hüseyn xan Qacarın məğlub olaraq əsir düşdüyü qeyd olunur.

1788-ci ildən etibarən Mərv bölgəsi Buxara xanlığının tərkibinə daxil edildi və şəhər tamamilə dağıdılaraq viran qoyuldu. Mərv əhalisinin bir hissəsi Əfqanıstana köçdü (bu gün Herat vilayətinin Şəkiban, Mamizak, Yuxarı Rabat və Aşağı Rabat kəndlərində yaşayırlar), daha bir hissəsi Xorasana sığındı və orada yurd saldı, lakin ən böyük hissəsi elə Buxara hökmdarı tərəfindən Buxara və Səmərqəndə köçürüldü. Onların törəmələri bu gün də bu şəhərlərdə yaşayır və yerli əhali tərəfindən “irani” və “mərvi” adlanırlar. Həmçinin Mərv qızılbaşları müasir Pakistanın Pişəvər şəhərində də məskunlaşıblar. Onların Pişəvərə köçü Nadir Şahın dövrünə və həmçinin XIX əsrə təsadüf edir. Bu qızılbaşlar yerləşdikləri əraziyə “Mərvi ha” məhəlləsi adını veriblər. Məşhur “Pişəvər gecələri” kitabında da bu məhəllədən və orada yaşayan qızılbaşlardan bəhs edilir. Pişəvərdəki Mərv qızılbaşları əfşar tayfasına mənsubdur. Onlar Pakistana böyük siyasi xadimlər bəxş ediblər.

Soydaşlarımız Özbəkistanda da it-bata düşməmiş, tezliklə hökmdarın ordusunda və idarəçiliyində mühüm mövqelər əldə etmişlər.

Soydaşlarımız Mərv qızılbaşları haqqında britaniyalı polkovnik-leytenant C.E.Stüard, məşhur şərqşünas, səyyah və cəsus Armin Vamberi, eləcə də özbəkistanlı alim, tarix üzrə fəlsəfə doktoru Şükrət Rüstəmoviç Toxtiyev maraqlı qeydlər apararaq bu mövzuya öz əsərlərində xüsusi yer ayırmışlar:

1. “Buxara xanlığının sakinlərinin… milliyyət prinsipini götürsək, özbək, tacik, qırğız, ərəb, mərvi (qızılbaş), fars, hindu və yəhudilərdən ibarətdir.

Mərvilər təxminən 1810-cu ildə Əmir Səid xan Sariqlərin köməyi ilə şəhəri ələ keçirdikdən sonra Mərvdən Buxaraya köçürülən 40 000 iranlının (qızılbaş) nəslindəndirlər. Onlar, əslində, mənşəcə Nadir şahın köhnə yurdlarından Mərvə gətirdiyi Azərbaycan və Qarabağ türkləridir. Taciklərdən sonra mərvilər Buxara sakinləri arasında ən hiyləgər (zəkalı) olanlardır, lakin onlar taciklər qədər qorxaq deyillər” (C.E.Stüard).

2. “Sonuncu Mərv şəhəri, Bayram Əli xan Qacar tərəfindən böyük cəsarətlə müdafiə olunmuşdu. Hazırda İrana hakim olan Qacar ailəsinin bir qolu, cəsurluqları ilə tanındıqları üçün uzaq sərhəd vilayəti olan Mərvi müdafiə etmək məqsədilə Şah Təhmasib tərəfindən oraya yerləşdirilmişdi.

Bayram Əli xan şəhər kənarında öldürüldü və qadınlar da daxil olmaqla möhtəşəm bir müdafiə göstərən oğlu Məhəmməd Hüseyn xan sağ qalan əhali ilə birlikdə Buxaraya əsir aparıldı. O vaxtdan bəri “Mərv” adlandırıla biləcək bir şəhər mövcud olmayıb. Mərv bölgəsi hələ də mövcuddur, lakin orada şəhər adına layiq heç nə qalmayıb” (Armin Vamberi).

3. “Mərv əhalisi təslim olduqdan sonra, öldürülmüş hökmdar Bayram Əlinin oğulları başda olmaqla, onların olduqca böyük bir hissəsi Buxaraya köçürülmüşdü. Bu köçürülənlərin nəslindən olanlar bizim araşdırdığımız qrupun əhəmiyyətli bir hissəsini təşkil edirdi və qrupa onların öz adlandırmalarından biri olan “Marui” adı verilmişdi; bu ad Buxarada tez-tez “Mavri” kimi tələffüz olunur.

A.D.Grebenkin mərvlilər haqqında yazırdı ki, onlar yaxşı əkinçilər, döyüşçülər və sənətkarlar idilər və buna görə də Şah Murad onları kölə etməmiş, əksinə, onları şəhərlərə yerləşdirmiş, onlara yaxşı torpaqlar və boş kənd evlərini mülk kimi vermişdi.

Dil baxımından “iranilər (mərvilər)” tacikdilli və türkdilli olmaqla iki yerə bölünür, onların (türkdilli) dili oğuz qrupuna aiddir. Hal-hazırda birincilər (tacikdilli), əsasən, Buxara vilayətində, ikincilər isə (türkdilli) Səmərqənd vilayətində yaşayırlar. Bu fakt 2007-ci ildə Səmərqənd şəhərində aparılmış sahə tədqiqatları nəticəsində öz təsdiqini tapmışdır” (Şükrət Rüstəmoviç Toxtiyev).

Böyük millətlərin yaratdığı böyük imperiyalar tarix səhnəsindən elə-belə silinib getmir. Səfəvilərin, Qızılbaş imperiyasının süqutundan əsrlər keçməsinə baxmayaraq, onların ruhu və irsi bu gün də Səmərqənddə, Buxarada və Heratda yaşayır. Səfəvi imperiyasının apardığı demoqrafik siyasət Azərbaycan icmalarının formalaşmasına, onların mədəni və tarixi irsinin daha geniş coğrafiyalara yayılmasına zəmin yaratmışdır. Bu həmçinin Azərbaycanın həmin coğrafiyalarda tarixi, mədəni və mənəvi söz haqqının mövcudluğunu göstərir.

Ədəbiyyat

  • Arminius Vambéry. (1864). Travels in Central Asia; being the account of a journey from Teheran across the Turkoman Desert on the eastern shore of the Caspian to Khiva, Bokhara, and Samarcand performed in the year 1863. London: John Murray, page 367, 370, 371.
  • C.E.Stewart. (1881). The Country of the Tekke Turkomans, and the Tejend and Murghab Rivers. page 531.
  • Ш.Р.Тохтиев. Краткая История Самаркандских И Бухарских «Ирани». стр. 124, 125, 126.

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı Vahid İbayev