Qədim tarixi, zəngin mədəniyyəti və dövlətçilik ənənələrindəki mühüm rolu ilə seçilən Təbriz Azərbaycan mədəniyyətinin bənzərsiz simvollarından biridir. Onun maddi-mənəvi irsinin öyrənilməsi bu gün də xüsusi önəm daşıyır. Asiya, Avropa və Afrika qitələrinə gedən yolların kəsişməsində yerləşən Təbriz Rəvvadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətlərinin paytaxtı olmuş, alınmaz qalaları və inqilablar tarixi ilə tanınan, 3500 ildən artıq keçmişə malik bir şəhərdir.
Təbriz Şərqi Azərbaycan əyalətinin və Təbriz şəhristanlarının mərkəzidir. Şəhristan şimaldan Əhər və Şəbüstərlə, şərqdən Sərab və Miyanə, cənubdan Marağa, qərbdən isə Urmiya gölü ilə həmsərhəddir.
Təbriz yollar qovşağında yerləşən şəhərdir. Tehrandan Təbrizə çəkilən asfalt yol (624 km) Culfaya qədər (Azərbaycan Respublikasına qədər) uzanıb gəlir. Təbrizdən keçən digər yol (şahrah yol) bütün İranı Türkiyə (Tehran–Ankara) və Avropa ilə birləşdirir. Bu yol Azərbaycanın Qəzvin, Zəncan, Miyanə və Marağa şəhərlərindən keçərək Təbrizə gəlir. Tehrandan başlayıb Təbrizdə qurtaran dəmir yolu Sofiyan qəsəbəsindən iki istiqamətə: şimala – Culfaya, qərbə – Türkiyəyə tərəf yönəlir. Bu yol İranın təsərrüfat həyatı, xarici iqtisadi əlaqələri və sərnişindaşıma işlərində mühüm əhəmiyyət kəsb edir. Şəhər eyni zamanda hava yolları üzərində yerləşir. Acıçay vadisində yerləşən Təbriz təyyarə meydanı Güney Azərbaycanın ən böyük hava limanıdır. Hava xətti ilə Tehran, Bakı və Ankaraya cəmi 1 saatlıq yoldur.
Təbrizin tarixinə baxış
Təbriz Yaxın və Orta Şərqin qədim şəhərlərindəndir. Tarixi mənbələrdə adı müxtəlif formalarda (Tarmakis, Tavrakis, Təvrej, Təvriz, Tarbiz və s. kimi) verilsə də, o, Azərbaycan tarixində Təbriz adı ilə tanınmış və daima əzəməti ilə seçilmişdir. “Təbriz” sözünün etimologiyası və şəhərin yaranma tarixi haqqında çoxlu fikir, mülahizə və fərziyyələr vardır. Güney Azərbaycan və onun paytaxt şəhəri Təbriz haqqında məlumat güneyli alimlərdən prof. Məhəmmədtağı Zehtabinin “İran türklərinin əski tariхi”, Səməd Sərdariniyanın “Təbriz əvvəlinci şəhərlərdəndir” və başqa əsərlərində verilib…
Sübhan Talıblı
tarix üzrə fəlsəfə doktoru, dosent



