Türk mədəniyyəti bir etnosun yaşayış tərzi ilə yanaşı, zaman və məkan içində formalaşan çoxqatlı ruhi dünyanı da təcəlla etdirir. O, təkamül etdikcə də, dirəniş göstərdikcə də öz mahiyyətini qorumağı bacaran nadir hadisələrdən birinə çevrilib. İmperiyaların çöküşü, ideoloji dəyişikliklər, sürgünlər və assimilyasiya cəhdləri qarşısında türk mədəniyyəti həmişə özünü mühafizə edən bir kimlik modeli olub.
Bu yazıda kulturoloji yanaşma ilə türk mədəniyyətinin tarixi inkişaf istiqaməti araşdırılır; keçdiyi mərhələlər, qarşılaşdığı təsirlər, əldə etdiyi dəyərlər, göstərdiyi dirəniş gücü və çağdaş dönəmdəki perspektivləri təhlil olunur. Yazı eyni zamanda Türk dünyasının bugünkü intellektual birliyinə konseptual töhfə vermə məramını daşıyır.
I. QƏDİM DÖNƏMLƏRDƏ TÜRK MƏDƏNİYYƏTİ: RUHUN DOĞUŞU
Türk mədəniyyətinin əsas qatlarını yalnız etnoqrafik və filoloji araşdırmalarla deyil, mifoloji düşüncənin kulturoloji incələnməsi ilə də anlamaq mümkündür. Hər bir sivilizasiyanın bir “mifosferası” (göyüzü) – ilkin düşüncə və dünyagörüşü olur. Türk mifosferasının başlanğıcı isə Göy və Yer dualizmi, at kultu, qadın ruhaniyyəti və qutsal məkan anlayışı üzərində qurulub…



