Füyuzat 147 Füzuli Sabiroğlu Xəbərlər

Unudulmuş İrəvan türbəsi

Füzuli Sabiroğlu
araşdırmaçı-yazar

Ötən il “Füyuzat” jurnalında dərc olunmuş “İrəvanda qalan izlərimiz” adlı yazıda bir vaxtlar İrəvanın Şəhər məhəlləsində yerləşən unikal memarlıq abidəsi – XIV əsrə aid türbə haqqında qısaca da olsa, məlumat vermişdik. Bu yaxınlarda aparılan araşdırmalar zamanı əldə etdiyimiz qiymətli materiallar türbənin tarixi, memarlıq quruluşu haqqında tam təsəvvür əldə etməyə imkan verdi. Öncədən də qeyd etdiyimiz kimi, XVII əsr fransız səyyahı Jan Şarden İrəvan şəhərində ikinci bir türbənin də olduğunu bildirir və onun qrafik təsvirini verirdi. Bu abidə xarici görünüşünə görə 1413-cü ildə Zəngibasar mahalının Cəfərabad kəndində tikilmiş Pir Hüseyn türbəsinə (şəkil 1) bənzəyir və qismən dağılmış vəziyyətdə idi: “Burada yonulmuş daşdan ucaldılmış köhnə bir türbə (qüllə) var. Ancaq mən onun nə tikilmə tarixini, nə müəllifini, nə də təyinatını müəyyən edə bilmədim… Bu türbə (qüllə) unikal memarlığa malik çox qədim bir tikilidir. İçərisi tamamilə boşdur. Onu əhatə edən yarıuçuq tikililərdən müəyyən etmək olur ki, bura ibadət yeri olub. Türbə (qüllə) isə mərkəzdə yerləşib” (Chardin, 1686, 256).

İrəvan türbəsinin hansı səbəbdən dağılması haqqında bir sıra mənbələrdə fərqli fikirlər səsləndirilsə də, əksəriyyət belə ehtimal edir ki, türbə 1679-cu ildə İrəvanda baş vermiş dağıdıcı zəlzələdən sonra uçub. Lakin ingilis səyyahı Robert Ker Porterin 1821-ci ildə nəşr olunmuş səyahətnaməsində tamamilə fərqli fikirlər yer alıb: “Mən Şardenin təsvir etdiyi qəribə qülləni tapmaq üçün bir din xadiminə müraciət etdim. Ancaq o mənə bildirdi ki, qüllə bir neçə il əvvəl ildırım vurması nəticəsində dağılıb və onun daşları tikinti materialı kimi istifadə edildiyindən indi yalnız təməli qalıb” (Porter, 1821, 198).

Müasir İrəvanın Abovyan küçəsi 3, keçmiş Qala küçəsi 59 ünvanında yerləşən və ermənilərin “Qara bina” adlandırdıqları bu tikilini İrəvanın qədim tarixinin üzərinə çəkilmiş qara pərdə də adlandırmaq olar. İrəvan türbəsi vaxtilə bu binanın yerində ucalırdı (şəkil 2). 1915-ci ildə Boris Mehrabovun layihəsi əsasında xəstəxana üçün tikilən bina 1983-cü ildə tarixi memarlıq abidəsi kimi qeydə alınıb. Binanın pasportunda yazılıb: “1915-ci ildə Boris Mehrabovun layihəsi əsasında tikilmiş binanın yerləşdiyi torpaq sahəsini İrəvanda xəstəxana sahibi olan həkim Hovanes Hovanesyan Hüseyn bəy Mirzəbəyovdan satın alıb” (şəkil 3).

Tarixi mənbələrdə İrəvan türbəsinin bir neçə rəsmi bizə gəlib çatıb. Bunlardan biri İspaniya Milli Kitabxanasında saxlanan və 1700-cü illərdə çəkilmiş, müəllifi bilinməyən “İran peyzaj­ları” rəsmi (şəkil 4), digəri isə müəllifi Jak İppolit van der Byur olan 1838-ci ilə aid “İrəvan türbəsi” qravürüdür (şəkil 5). Ancaq bu rəsmlərin çəkilmə tarixinə və təsvir detallarına baxanda onların Jan Şardenin əsərlərindən ilhamlanaraq yaradıldığı aydın görünür.

Şardenin 1673-cü ildə çəkdiyi iki rəsmdə (şəkil 6, 7) – İrəvan şəhərinin ümumi planı (Chardin, 1686, 255) və “İrəvan türbəsi” (yenə orada, 257) qravürlərində abidənin yeri və memarlıq xüsusiyyətləri haqqında müəyyən məlumatlar öz əksini tapıb. Bu rəsmləri və iddiaları diqqətlə analiz etdikdən sonra tikilinin görünüşü, memarlıq xüsusiyyətləri və təyi­natı barədə ümumi təəssürat əldə etmək mümkündür.

XI–XIII əsr Azərbaycan memarlığının bütün xüsusiyyətlərini özündə birləşdirən abidədə istifadə olunan bəzək – naxış elementləri, müxtəlif simvollar abidəni başqa türbələrdən fərqləndirir və ona mistik bir məna qazandırır. “İrəvan türbəsi” haqqında yazılanlardan belə nəticəyə gəlmək olur ki, ətrafı üç tərəfdən hücrələrlə əhatə olunubmuş, ziyarətçilər isə, çox güman ki, burada müəyyən dini ayinlər icra ediblər.

Təxmini hesablamalara görə, yonulmuş qırmızı tuf daşdan tikilmiş türbənin hündürlüyü 16–18 metr, diametri 8–9 metr olub. Düzgün onikibucaqlı şəklində olan prizmaşəkilli gövdəni yarımsferik günbəzlə müxtəlif naxışlarla bəzədilmiş kəmər birləşdirir. Kəməri əmələ gətirən on iki bütöv daşın hər birinin üzərində bir heyvan təsvir olunub. Kəmər boyu sıralanan on iki heyvan təsviri və onların yerləşmə ardıcıllığı X–XI əsr alimləri Əbu Reyhan əl-Biruni­nin “Keçmiş əsrlərdən qalan izlər” və Mahmud Kaşğarlının “Divanü lüğat-it-türk” əsərində təsvir etdiyi qədim türk təqvimi ilə eynidir.

Türbənin giriş qapısının üzərində əjdaha təsvir olunub. Bundan sonra saat əqrəbi istiqamətində ardıcıllıqla ilan, at, qoyun, meymun, toyuq, it, donuz, siçan, inək, pələng, dovşan təsvirləri verilib. Təəssüf ki, türbənin daxili plan quruluşu haqqında yuxarıda adını çəkdiyimiz mənbələrdə heç bir məlumat verilmir (şəkil 8, 9).

Türbənin sərdabə qatı haqqında uzun müddət heç bir məlumat əldə etmək mümkün olmamışdır. Yalnız vaxtilə İrəvan şəhərinin baş memarı işləmiş Mark Qriqoryan “Yerevan. Şəhərin tərcümeyi-halı” kitabında bu barədə ötəri də olsa, məlumat verir və 1980-ci illərə qədər sərdabəyə enməyin mümkün olduğunu yazır (Григорян, 2022, 58).

Lakin 2001-ci ildə “Qara bina”nın birinci mərtəbəsində yerləşən gecə klubu üçün saunanın tikintisi zamanı aşağıda böyük bir boşluğun olduğu üzə çıxdı. Tamamilə təsadüf nəticəsində aşkar olunmuş bu abidə XIV əsrə aid möhtəşəm memarlıq abidəsi olan İrəvan türbəsinin sərdabə qatı idi. Erməni arxeoloqlar burada cəmi bir neçə gün işlədilər və sonra sərdabə qatı yenidən bağlandı. Ermənistan Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 2005-ci ildə nəşr etdiyi hesabatda da sərdabə haqqında çox qısa danışılır. Məlum səbəbdən məlumat nə qədər qıt olsa da, burada çap olunan fotolar əhəmiyyətli informasiya mənbəyi hesab olunur (Калантарян, Мелконян, 2003, 121). Erməni tarixçilər sərdabənin türklərə aid olduğunu danmalarına baxmayaraq, məzarı bəzəyən bir sıra kaşı parçaları bunun tamamilə əksini söyləyir (şəkil 10).

2001-ci ildə təsadüfən İrəvanda olan və erməni arxeoloqlarla birgə sərdabəyə enən macarıstanlı arxeoloq Jolt Vaqnerin (Zsolt Vágner) çəkdiyi fotolar və həvəskar videoçəkilişlər sərdabə haqqında tam təsəvvür yaratmağa imkan verir.

Toplanan məlumatları ümumiləşdirdikdən sonra aydın olur ki, “İrəvan türbəsi”nin sərdabə qatına giriş məqbərənin arxa tərəfindən olub. Daş pilləkənləri olan yeraltı dar lağım birbaşa sərdabənin içərisinə aparır.

Dəfn otağının içərisi plan quruluşuna görə bərabərtərəfli xaç formasındadır. Dörd tərəfə uzanan və bir-biri ilə qovuşan bərabərtərəfli qolların hər biri ayrı hücrə kimi tikilib. Bu hücrələrin yuxarı hissəsi stalaktitli tağlarla tamamlanır. Tağların kənarları boyu uzanan və XI–XIV əsr türk-müsəlman memarlığına xas müxtəlif yonma həndəsi naxışlar ona xüsusi gözəllik verir. Sərdabənin kvadratşəkilli döşəməsində səkkizguşəli ulduz yonulmuş daş plitə yerləşdirilib. Hücrələrdən üçünün arxa divarı bağlıdır. Birində isə lağıma açılan kiçik qapı var. Qapı ilə üzbəüz hücrədə sərdabə sahibinin məzarı yerləşir. Məzarın üzərinə qoyulmuş sənduqə Səlcuqlu dövrünün memarlığına xas müxtəlif həndəsi və nəbati naxışlarla bəzədilib. Ziyarət zamanı içərini işıqlandıran məşəlləri qoymaq üçün məzarın qarşı tərəfində içi deşik səkkizüzlü prizma şəklində olan iki daş sütun var (şəkil 11, 12, 13, 14). Jolt Vaqnerin foto və videoçəkilişlərdən istifadə edərək, eləcə də kompüter qrafikasının köməyi ilə yaradılmış şəkillərlə sərdabənin daxili quruluşu haqqında ətraflı məlumat verməyə çalışmışıq.

Sərdabəyə açılan qapının üstündə ərəb əlifbası ilə yazılmış daş kitabə var. Kitabəni təhrif edib üzərində erməni əlifbası ilə nələrsə cızmağa çalışsalar da, onu oxumaq mümkündür. Burada türbənin hicri təqvimi ilə 768, miladi təqvimlə 1319-cu ildə Ustad Şahbənzər tərəfindən tikildiyi qeyd olunub (şəkil 15). Lakin İrəvan türbəsi Ustad Şahbənzərin inşa etdiyi yeganə abidə deyil.

Ağdam rayonunun Xaçındərbətli kəndində xalq arasında Sarı Musa türbəsi adlanan abidə də Ustad Şahbənzər tərəfindən inşa olunub. Onun interyerində – giriş qapısının üstündəki inşaat kitabəsində yazılıb: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Daş kitabəyə görə, abidə İrəvan türbəsindən 5 il əvvəl – 1314-cü ildə tikilib (şəkil 16, 17, 18).

Mükəmməl memarlıq nümunəsi olan Qutlu Xacə Musa oğlu türbəsi də iki qatdan – alt sərdabə və üst kameradan ibarətdir. Hər iki kameranın daxili plan quruluşu İrəvan türbəsi ilə eynidir. İrəvan türbəsinin sərdabə qatındakı stalaktitli naxışlardan burada da – üst kameranın interyerində və fasadını bəzəyən itiuclu tağlarda istifadə edilib. Xaçındərbətli türbəsindəki eyni bəzək elementlərinə Ustad Şahbənzərin Qırxbulaq mahalında qırmızı tufdan tikdiyi başqa bir abidənin tərtibatında da rast gəlinir (şəkil 19, 20, 21). Abidənin ərəb qrafikası ilə yazılmış kitabəsində türbənin 1321-ci ildə yerli zadəgan Əziz bəyin oğlunun məzarı üzərində tikildiyi yazılıb. 1960–70-ci illərdə günbəz hissəsi dağılmış türbə restavrasiya adı altında tamamilə sökülüb. Yenidən bərpa olunduqda isə ona xaç nişanları və kilsə qülləsi quraşdırılmaqla ilkin görkəmi tamamilə təhrif olunub.

Bu abidələri ətraflı tədqiq etmiş görkəmli sənətşünas Leonid Bretanitski öz əsərlərində abidələrin Ön Asiyadakı X–XV əsr­lər Səlcuqlu dövrü türbələri və başqa memarlıq nümunələri ilə eyni olduğunu elmi əsaslarla sübut edib (Бретаницкий, 1988). Buna baxmayaraq erməni tarixçiləri türk-islam memarlığının ayrılmaz parçası olan bu abidələri ya erməniləşdirir, ya da bu ərazilərlə heç bir əlaqəsi olmayan xalqlara aid etməyə çalışırlar.

Ədəbiyyat

Johannes Chardin. (1686). Journal du voyage du chevalier Chardin en Perse et aux Indes Orientales par la Mer Noire et par la Colchide. Chez Moses Pitt, 384 p.

Robert Ker Porter. (1821). Travels in Georgia, Persia, Armenia, Ancient Babylonia. 198 p.

Марк Григорян. (2022). Ереван. Биография города. 387 с.

А.Калантарян, У.Мелконян. (2003). Археологические работы в Армении 1990–2003 г.г., c. 122.

Л.Бретаницкий. (1988). Художественное наследие Переднего Востока эпохи феодализма. 251 c.