”Müqayisə nifrət doğurur…”
Dünyaca məhşur uşaq psixoloqu Li Salk özünün “Valideynim bilmir ki…” kitabında belə qeyd edir:
”Başqaları ilə müqayisə olunan uşaqda qeyri-sağlam rəqabət hissi güclənir və onun şəxsiyyəti yaralanır”.
Valideynlik həm də saysız-hesabsız məsuliyyət deməkdir. Bu prosesdə istifadə olunan sözlər, ifadələr, metodlar uzun müddət sonra öz təsirini göstərmək qabiliyyətinə malikdir. Bu mənada uşaqların həmyaşıdları, həmçinin bacı və qardaşları ilə müqayisəsi onların şəxsiyyətinin inkişafına mənfi təsir göstərən amillərdəndir.
Uşaqları həmyaşıdları və ya bacı-qardaşları ilə müqayisə etmək bəzi valideynlərin öz övladları üçün daha yaxşısını istəmək arzusundan, həmçinin onları motivasiya etmək istəyindən yaranır. Ancaq bu cür müqayisələr gözlənilməz, hətta gələcəkdə uşağın şəxsiyyətində mənfi izlər buraxacaq hallar ilə müşahidə oluna bilər.
Müqayisə olunmaq uşaqda özgüvən hissini zədələyərək onun heç vaxt “kifayət qədər yaxşı” olmadığına dair dərin bir inam formalaşdıra bilər. Zaman keçdikcə bu duyğu yetkinlik yaşına qədər gedib çıxmaqla yanaşı, şəxsin peşə-ixtisas seçiminə, karyera həyatına təsir edə biləcək pisixoloji hallarla da müşahidə olunur. Bundan başqa uşaqlar başqalarının, xüsusən də valideynlərinin müəyyən etdiyi standartlara cavab verə bilməməkdən qorxaraq yeni fəaliyyətlərə qatılmaqdan, özlərini ifadə etməkdən, həmçinin səhv etməkdən çəkinə bilərlər. Bu isə özlərinə inamın, təşəbbüskarlıq və öyrənmə motivasiyasının azalmasına səbəb ola bilər.
Davamlı olan müqayisələr uşağın təkcə daxili dünyasına deyil, eyni zamanda ətrafına, xüsusən də valideyn-övlad münasibətlərinə də mənfi təsir göstərir. Təkrarlanan müqayisə uşağın həm də müqayisə olunduğu həmyaşıdına qarşı duyğularına təsir göstərməklə yanaşı, ona qarşı inciklik və narazılıqla müşahidə oluna bilər.
Müqayisənin nəticəsi olaraq uşaq onun dəyərinin şəxsiyyətinə görə deyil, başqaları ilə qiyaslanmanın nəticəsi ilə ölçüldüyü qənaətinə gəlir. Zamanla proseslər daha çətin vəziyyət alaraq ailə daxili etimadın azalmasına, qeyri-sağlam rəqabət mühitinin yaranmasına gətirib çıxarır. Belə vəziyyət uşağın özünü qəbul edilməmiş və yetərsiz hiss etməsinə səbəb olur.
Nəticə etibarilə, uşaqları başqaları ilə müqayisə etmək onların inkişafına müsbət təsir göstərmir; əksinə, özünəinamı zədələyir, natamamlıq və narazılıq hissləri formalaşdırır. Müqayisə olunmaq uşağın daxili motivasiyasını azalmaqla yanaşı, yaradıcılığının azalmasına və onu başqalarının gözləntilərinə uyğun yaşamağa vadar edir. Halbuki hər bir uşaq öz fərdi bacarıqları, maraqları və inkişaf xüsusiyyətləri ilə fərqlənən unikal bir şəxsiyyətdir.
Uşaqların inkişafını başqalarının uğurları üzərində deyil, öz potensialları və maraqları əsasında dəstəkləmək onların özünəinamını və məsuliyyət hissini möhkəmləndirir. Valideynlərin və müəllimlərin əsas məqsədi uşaqlara başqaları kimi olmaq yox, özləri kimi olmaları üçün şərait yaratmaq olmalıdır.
Yekun olaraq qeyd edə bilərik ki, uşaqlarımızı başqaları ilə müqayisə etməklə onları motivasiya etmək istəyi doğru istək deyil. Əsl inkişaf o zaman baş verir ki, uşaq olduğu kimi qəbul olunur, səyləri qiymətləndirilir və o öz dəyərlərinə əsaslanan şəxsiyyət kimi böyüyür.



