8 avqustda Vaşinqtonda Azərbaycan, ABŞ prezidentləri və Ermənistanın Baş naziri arasında keçirilən görüş, razılaşdırılan məsələlər, xüsusilə sülh razılaşmasının paraflanması və Zəngəzur koridorunun açılması dünya ictimaiyyətinin son günlər müzakirə etdiyi əsas mövzulardan birinə çevrildi. Əksər ölkələr əldə edilən razılaşmalarla bağlı müsbət fikirlər səsləndirib təbriklər ünvanlasa da, bəzi ölkələri susmağa, bəziləri isə hədə-qorxu dili ilə razılaşmalara kölgə salmağa çalışdı.
Əlbəttə, bu təzad Cənubi Qafqazda böyük dövlətlərin maraqlarının kəsişməsindən, ziddiyyətlərdən doğur və region uğrunda qlobal rəqabət yeni mərhələyə qədəm qoyur.
İndi cavab tapmalı olduğumuz suallar ortaya çıxır: Vaşinqton razılaşmalarının faydalı tərəfləri nələrdir? Bəs hansı risklər ortaya çıxır.
Bu suallara təkcə Azərbaycan nöqteyi-nəzərindən deyil, Azərbaycanın maraqlarını rəhbər tutaraq qlobal qarşıdurma və geosiyasi reallıqlar nöqteyindən cavab verməyə çalışacağıq.
Azərbaycan üçün razılaşmalar əgər tərəflərdən hər hansı biri razılaşmaları pozmasa, məqbul sayıla bilər. Təbii, burada Azərbaycan üçün də risklər var ki, ümumi risk faktorlarına daha sonra qayıdacağıq.
Azərbaycan Vaşinqton razılaşmaları ilə bir neçə məqsədinə çatmış olacaq. Birincisi və ən əsası, Rusiya və İran kimi imperiya xislətli qonşuların 1991-ci ildən, yəni Cənubi Qafqaz ölkələri müstəqilliyini bərpa edəndən sonra bölgəyə müdaxilə etmək üçün istifadə etdikləri əsas təsir vasitəsi – müharibə, dolayısıyla “Qarabağ kartı” sıradan çıxdı. Artıq sülh və sabitlik dövrünün başlaması üçün ilk real razılaşma əldə edildi. İkincisi, sülh paraflandı. Sülh müqaviləsi imzalanmasa da, müqavilə mətni paraflandı və beləcə sülh və sabitliyin qarantı olacaq ilk ciddi razılaşma əldə edildi.
Üçüncüsü, Zəngəzur koridoru açılacaq. Koridorun Ermənistandan keçən hissəsinin necə adlanmasından asılı olmayaraq, bu sadəcə tranzit yol olmayacaq, koridor missiyasını yerinə yetirəcək. Lokal mənada Azərbaycanı Naxçıvanla, geosiyasi və strateji mənada Türkiyəni Türkistanla, qlobal miqyasda isə Çindən Avropaya qədər ticarət yollarını bir-birinə bağlayacaq. Orta Dəhlizin işləkliyi artacaq, Azərbaycan Şərqlə Qərbi, Türküstanla Türkiyəni birləşdirəcək, elə Ermənistan özü də yeni iqtisadi üstünlüklər qazanmaqla dünya bazarlarına açılacaq, beləcə rəsmi İrəvan Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün avantajlar əldə edəcək.
Bununla da bitmir. Vaşinqton razılaşmaları bölgədəki güc balansını da dəyişdirəcək qədər ciddi məsələdir. Rusiya və İran Ermənistanın Qarabağı işğalı fonunda status-kvonu əllərində saxlayırdısa, Azərbaycan-Türkiyə müttəfiqliyi 2020-ci ildə Qarabağ zəfəri ilə bu status-kvonu dəyişmiş, yeni reallıq formalaşmışdı. Rusiya və İranın bölgədəki təsirləri azalan xətlə davam etmiş, Qarabağ problemini həll edən rəsmi Bakı qlobal arenaya açılmış, Cənubi Qafqazın əsas ölkəsi kimi regionun kənar asılılıqlarını azalmağa yönəlmiş xarici siyasət izləmişdir. Bunun nəticəsidir ki, Ermənistan Türkiyə reallığını qəbul etmək məcburiyyətində qalmış, Avropanın Cənubi Qafqaza marağı artmış, Rusiyaya alternativ enerji marşrutlarından biri Cənubi Qafqaz üzərindən inşa edilməyə çalışılmaqdadır.
Daha bir fayda Ermənistanın sivil dünyaya açılmasıdır. Lokal zehniyyətdən dünyaya baxan, hər şeyi terror xisləti və radikal milliyyətçiliklə dəyərləndirən erməni cəmiyyəti sivil cəmiyyətlərlə əlaqə qurduqca yeni reallıqlara da adaptasiya olacaq, başqalarına qarşı hansısa “tarixi mülk iddiaları” ilə təcavüzkar davranmayacaq və əldə edilən iqtisadi gəlirlər hesabına sülh və sabitliyin əhəmiyyətini anlayacaqlar.
Bütün bu faydaları nəzərə aldıqda, Vaşinqton razılaşmalarının nəzəri olaraq faydalı olduğunu görməkdəyik. Ancaq bu razılaşmalara imza atan iki tərəfdən birinin ABŞ, digərinin Ermənistan olması razılaşmaların nəzəriyyədən praktikaya keçməsini sual altında qoyur. Risk faktorlarından biri də elə burada doğur. Bayden administrasiyası ilə Ukraynaya “sonsuz dəstək” vəd edən Vaşinqton 4 illik iqtidarın dəyişməsi, Donald Trampın yenidən Ağ Evə gəlməsi ilə “Ukraynanı Rusiyanın caynağına atdı”, sadəcə öz maraqlarının əsas olduğunu, lazım gəlsə, Ukrayna torpaqlarının işğalda qalması ilə barışacaqlarını bildirdi. Sabah Tramp administrasiyası dəyişəndə yeni hakimiyyətin Vaşinqton razılaşmaları ilə bağlı mövqeyinin nə olacağını indidən demək çətin olur.
Heç Ermənistan da güvənilir tərəf deyil. Bütün beynəlxalq razılaşmaları pozan, elə 2020-ci il 10 Noyabr razılaşmasına imza atdıqdan sonra öhdəliklərindən imtina edən rəsmi İrəvan deyildimi?!
İkinci risk faktoru İran və Rusiya ilə bağlıdır. Bu ölkələrin müxtəlif rəsmi şəxslərinin dilindən Bakı və İrəvan əleyhinə fikirlərin səsləndirilməsi, hətta bəzilərinin hədə-qorxu dili ilə danışması onu göstərir ki, Moskva da, Tehran da regional güc balansının dəyişməsinin əleyhinədirlər və buna qarşı müxtəlif addımlar atacaqlar. Əlbəttə, iddia etdikləri kimi, hərbi müdaxilə və təcavüz mümkün olmasa da, bu iki ölkənin fərqli təxribatlar və planlar hazırlaması ehtimalları canlıdır.
Çünki Tehran da, Moskva da anlayır ki, Vaşinqton razılaşmalarına gedən yol Şuşa bəyəmnaməsindən keçib. ABŞ-ın regiona uzaqlığı və burada təsir imkanlarını genişləndirməsi mümkün deyil. Ən azından qısa vadədə. Ona görə, Rusiya və İranda düşünürlər ki, ABŞ-da gəlinən razılaşmalar əslində Azərbaycan-Türkiyə müttəfiqliyinin başlatdığı yeni status-kvonun nəticəsidir və gələcəkdə yenidən 200 il əvvəlki kimi türklərin bölgədə hakim olması ilə nəticələnə bilər.
Ancaq bu versiya olmasa, Cənubi Qafqazda ABŞ-ın təsirləri artacaq ki, heç bu da İran və Rusiya üçün məqbul sayılmaz. Ona görə də, kimin daha qazanclı çıxmasından asılı olmayaraq, bu razılaşmaların hər iki ölkə üçün məğlubiyyətə bərabər olduğunu anlayan Tehran və Moskva razılaşmaları pozmağa, bu olmadıqda öz maraqlarını təmin etmək üçün təzyiq etməyə başlayacaq.
Azərbaycana təzyiq etmək üçün hər hansı problemli məsələ yoxdur. Çünki koridorun Azərbaycan keçən hissəsinə hansısa ABŞ, yaxd başqa ölkənin şirkətləri nəzarət etməyəcək. Azərbaycan özü öz sərhədləri daxilində nəzarətçidir. Problem, əsasən, koridorun Ermənistandan keçən hissəsi ilə bağlıdır ki, bu nöqtədə Rusiya və İranın əsas təsir rıçaqları rəsmi İrəvana yönələcək.
Azərbaycan üçün tək problemli məsələ Ermənistanın konstitusiyasının dəyişməməsi ola bilər. Çünki Paşinyan iqtidarı Qarabağda məğlubiyyət, Rusiya ilə əlaqələrin pisləşməsinin əsa günahkarı kimi təqdim edilir. Bu isə onun cəmiyyət arasında nüfuz itirməsinə səbəb olub. Üstəlik, ermənilər arasında 200 ildir təbliğ edilən avantürist ideyalar hələ də canlıdır. Onlar hansısa “Böyük Ermənistan”, “Dənizdən–dənizə Ermənistan”dan danışırlar. Ermənistan konstitusiyası da bu xülyaların təzahürü idi. Əgər Paşinyan konstitusiyanı dəyişsə, ermənilərin buna razı olub-olmayacaqları sual altındadır. Ermənilər razılaşsa isə, Rusiyanın son aylarda silah daşıdığı və hərbi gücünü artırdığı Gümrü bazasından hansı təhlükələrin ortaya çıxacağı qeyri-müəyyəndir. Eks-prezident Robert Koçaryanın da son aylarda fəallaşması Rusiyanın mümkün bütün ssenarilərə hazırlaşdığını göstərir.
Ona görə də, Azərbaycan tərəfi konstitusiyanın dəyişdirilməsi məsələsində həmişəki kimi tələbkar nöqtədə qalmağa davam etməlidir.
Son olaraq, Vaşinqton razılaşmaları həm Azərbaycanın xarici siyasət maraqlarına, həm Ermənistanın iqtisadi-siyasi maraqlarına, həm də Cənubi Qafqazın Rusiya və İranın impperiya maraqlarının əsirinə çevrilməsindən qurtulmaq üçün atılan addımlara uyğundur. Amma ilk növbədə razılaşmaların nəzəriyyədən praktikaya keçirilməsini təmin etmək, Ermənistanın konstitusiya dəyişikliyini tezləşdirməsini təmin etmək, həmçinin sadalanan risklərə qarşı qabaqlayıcı tədbirlər atmaq lazımdır.



