Füyuzat 133 Qərənfil Dünyaminqızı

Yaxşı varis olmaq

Bu məqaləni yazmağa başlayarkən yadıma ədəbiyyatşünas alim, professor Şamil Vəliyevin “Varis olmağı bacarmalıyıq” adlı məqaləsi düşdü. Müəllif yazır: “Zaman keçəcək, bizim necə varis olmağımızı sübut edəcək. Çox yaxşı olardı ki, klassiklərimizin amalına sadiq, əməlinə layiq varis olaq!” Doğrudur, sovet dövründə hakim partiya varislik düşüncəmizi, ənənəmizi də sovetləşdirmək istədi. Amma xoşbəxtlikdən buna nə tam nail ola bildi, nə də sona kimi hakim”.

1920-ci ilin 27 aprel işğalından sonra sovetlər ölkəmizdə bütün sahələrə nəzarəti gücləndirdi, xüsusən mətbuata və onun təbliğatına. Bu məqsədlə 1920-ci ilin ortalarından başlayaraq 1991-ci ilin sonlarına kimi dövlət bu sahəyə nəzarəti əldə saxlamaq üçün müəyyən qurumların, elmi təşkilatların, cəmiyyətlərin yaranmasına daha çox diqqət yetirdi.

Belə cəmiyyətlərdən biri də “Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət” (bəzi mənbələrdə cəmiyyətin adı “Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti”) olmuşdur. Bu cəmiyyət bir zamanlar “Kommunist” qəzetinə redaktorluq edən bolşevik yazar Həbib Cəbiyevin təşəbbüsü ilə yaransa da, ilk sədri Səməd Ağamalı oğlu olub. H.Cəbiyev 1923-cü il noyabrın 2-də Bakıda Maarif evində cəmiyyətin təsis yığıncağını keçirir və onun qurulması qərara alınır.

Həmçinin sonralar cəmiyyətin “Azərbaycanı öyrənmə yolu” adlı jurnalı da nəşr olunub. Jurnal 1930-cu ildən Azərbaycan Dövlət Elmi Təd­qiqat İnstitutunun ölkəşünaslıq şöbəsinin orqanı kimi fəaliyyətini davam etdirib. Jurnalın bir neçə sayını gözdən keçirdim. Diqqətimi 1931-ci ilin 2-ci və 3-cü saylarında çap olunan “Azərbaycan mətbuat tarixindən (1920-ci ilə qədər)” başlıqlı məqalə cəlb etdi. Məqalə Feyzulla Qasımzadəyə məxsusdur. O zaman Feyzulla müəllim Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı (1929–31) olub. “Azərbaycan ədəbi-elmi fikrində ədəbiyyat tarixçisi kimi tanınan ilk alim”, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi və Əməkdar müəllim Feyzulla Qasımzadə.

Məqalə haqqında məlumat verməzdən əvvəl qeyd edim ki, o, sırf sovet dövrünün tələb və təklifinə, ideoloji prinsiplərinə, marksizm nəzəriyyəsinə uyğun yazılıb. Elə müəllif özü də ilk cümləsindən qeyd edir: “Marksizm nəzəriyyəsindən aldığımız əsas prinsipə görə, ideoloji mədəni üst qurumlarından sayılan sənət, ədəbiyyat və o cümlədən mətbuat hər bir devirdə cəmiyyətin iqtisadi-ictimai münasibətləri ilə şərtlənərək meydana çıxır. …o, devir içərisində hökmranlıq edən sinfin həyat-məişətini, psixo-ideologiyasını əks və tərənnüm etdiyi kimi onun interes və məqsədlərinə xidmət etməyə çalışır”.

Müəllif tamamilə haqlıdır. Sovet mətbuatı da bütövlüklə total rejimin, hakim partiyanın siyasətinin təbliğatçısı idi. İşğal siyasəti ilə barışanlar ağa qara deyərək onun tərənnümçüsünə çevrildilər. Barışmayanlar isə çox ağır bir yolu – mücadilə, mübarizə yolunu seçdilər. Amma sonda xoşbəxtlikdən qalib gəldilər.

F.Qasımzadə məqaləsində 1905-ci ildən 1920-ci ilə qədər Azəarbaycanda fəaliyyətdə olan mətbuat orqanlarını üç dövrə bölüb:

“I – iri burjuaziya mətbuatı (“Həyat”, “İrşad” qəzetəsi, “Füyuzat” məcmuəsi);

II – xırda burjuaziya mətbuatı (“Molla Nəsrəddin” məcmuəsi, “Nicat” qəzetəsi);

III – Bakı-türk proletariat mətbuatı (“Təkamül”, “Yoldaş”, “Hümmət” qəzetələri)”…

Davamı…