Elçin Bilaloğlu Köşə Yazıları

Yunis Orucovun “Tunel” romanını oxuyarkən düşündüklərim

Tarixi romanlar həm əvvəlki dövrlərin ictimai-siyasi həyatını, həm öz dövrünü, həm də vacib şəxslərin obrazlarını yaratmaq üçündür. Azərbaycan ədəbiyyatında tarixi romanlar sovet rejimi zamanında da yazılıb, amma tarixi roman janrına daha çox müstəqillik illərində müraciət edilib ki, bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Məsələn, müstəqillikdən əvvəl baş vermiş qanlı faciələr və. s kimi bir sıra proseslər, sözsüz ki, ədəbiyyata təsir etmişdir. Bu cür əsərlər daha əvvəl yazıla bilməzdimi? Çətin. Çünki sovet senzurası buna imkan vermirdi. Ona görə də tarixi romanlar, ümumilikdə tarix kölgədə qalırdı.

Tarixi roman qələmə alan müəllif ilk növbədə özünü həmin tarixə aid etməlidir. Fikrimcə, həmin dövrü hiss etmək lazımdır. Yazıçı qələmə alacağı tarixi dövrün hadisələrini, faktlarını öyrənib bilməklə yanaşı, həmin dövrün adət-ənənələrini, dəyərlərini, ümumi olaraq psixologiyasını da bilməli və öz yazıçı təxəyyülündə saf-çürük etməlidir. Belə olduğu halda həmin romanı uğurlu saymaq olar. Tarixi romanda əsas olan tarixi faktdır – bu, doğru. Amma bədii mətndə bundan daha vacib olan vasitədir, yəni tarixi faktın necə təqdim olunması… Müəllifin bunun üçün seçdiyi yollar, üsullar… Tarixi fakt yalın, həyat həqiqətləri və bədiiliklə süslənmədən təqdim olunduqda roman natamam təsiri yaradır.

Əməkdar jurnalist Yunis Orucovun ədəbiyyata gəlişi son 5 ildə olsa da, onun ədəbiyyata gəlməsini, əslində, tarixi proseslərin özü və onun tarixçi olmağı şərtləndirib. Xatırlatmaq istərdim ki, Yunis Orucovun hər üç romanı, amalı millətimizə və dövlətimizə faydalı olmaq kimi müqəddəs bir missiyanın daşıyıcısı olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyi ilə MİMTA yayımları tərəfindən nəşr edilmişdir.

Yunis Orucovun “Nargin – saralmış kədər” romanı Birinci dünya müharibəsinin gedişində Nargin adasında əsir tutulan minlərlə türk hərbçisinin taleyindən, onların işgəncələrlə dolu ağır həyatından, Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların bu əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlardan, “Boraltan – azadlığın tələsi” tarixi romanı isə İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə CHP (Cümhuriyyət Xalq Partiyası) hökumətinin zorla SSRİ-yə təhvil verdiyi soydaşlarımızın məşəqqətli və nakam taleyinə həsr olunub. Müəllif ilk iki romanını tarixi faktlar, həmin hadisələrin şahidlərinin xatirələri əsasında qələmə aldığı halda, son – “Tunel” romanında baş verən hadisələr XX əsrin sonlarında məhz müasir tariximizdə hamımızın şahidliyi ilə baş vermişdir. “Tunel” romanında baş verən hadisələr 1 milyona yaxın vətəndaşımızın başına gəlsə də, bu faciələrimizi ölkəmizin hər bir vətəndaşı görmüş və o insanların ağrılarını özləri də bütövlükdə hiss etmişlər. Müəllif “Tunel” romanında baş verən faciəli hadisələri dərindən araşdırır və Azərbaycanın erməni faşistləri tərəfindən işğal edilmiş torpaqlarında, əsirlikdə yaşanan acıların təsvirini verir. Roman həmçinin işğal altında qalan ərazilərdəki insanların psixoloji vəziyyətlərini, fiziki, mənəvi əzablarını və həyatlarının necə dəyişdiyini izah edir. Romanda qətliam zamanı bütün ailəsi gözləri önündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə girov düşən bacı-qardaş – Yeganə və Müşfiq İbrahimovların yaşadıqları ağrı-acıdan bəhs olunur.

“Tunel” romanı Azərbaycanın keçdiyi tarixi çətinlikləri, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin və müharibə dövründə yaşanan insan faciələrini ədəbiyyat vasitəsilə oxuculara çatdırmağı hədəfləyir. Romanın mərkəzində olan qəhrəmanların azadlıq uğrunda mübarizəsi, onların ailələrindən, doğmalarından ayrılmaları, əsirlikdəki ağır şərait və erməni işğalçılarının yaratdığı amansız vəziyyət kitabın əsas mövzusudur.

Yunis Orucov “Tunel” romanında yalnız tarixi faktları deyil, həm də insanın daxili dünyasını, faciəvi vəziyyətlərdəki psixoloji durumu dərindən təhlil edir. Bu əsər Azərbaycan xalqının başına gələn faciəni, məcburi köçkünlük və işğal altındakı həyat tərzini ədəbi dil ilə ortaya qoyur, oxucunu həm tarixi, həm də emosional cəhətdən təsirləndirir.

Romanda əsirlikdə yaşanan dəhşətlərin və bacı-qardaşın yaşadığı mənəvi-fiziki əzabların ağrı-acısı tam dəqiqliklə əks olunub. Y.Orucovun “Tunel”i sadəcə müharibədən bəhs edən deyil, eyni zamanda insanın müqavimətini və daxili gücünü nümayiş etdirən bir əsərdir. Bu məqamda Dostoyevskinin fikirlərini qeyd etmək yerinə düşərdi: “Yazıçı tarixi hadisələri olduğu kimi təsvir etməməlidir. Çünki hər bir insan keçmişdə baş verən hadisələr haqqında fikirləşir, hadisələrin başlanğıcını və sonunu görür, bütün bunlar isə sənətkarın münasibətini müəyyənləşdirən amillərə çevrilir”. Əsərin qəhrəmanları bizim günümüzdə bizimlə on illiklər ərzində bir yerdə yaşasalar da, bu faciənin bədii dillə ictimailəşdirilməsi məhz Yunis Orucovun qismətinə düşmüşdür.

Yunis Orucovun “Tunel” romanında Qara adlı it əsərin simvollarından biri olaraq, həm müəllifin yaratdığı atmosferin, həm də insanların daxili aləminin bir növ əks-sədasıdır. Bu it sadə bir heyvan kimi görünə bilər, amma Orucovun əsərində çox daha dərin və simvolik bir məna daşıyır. Ədəbiyyatda vəfalı it obrazı, ümumiyyətlə insanlarla itlər arasındakı emosional bağın çox güclü olduğunu və bu heyvanların insanların əzablarına qarşı duyarlı olduğunu simvolizə edir. İtlər insan həyatının ayrılmaz hissəsi olaraq təhlükəsizlik, dostluq və güvən hissini təmsil edirlər. Bu obraz həm də insanların duyğusal və mənəvi ehtiyaclarını, itlərin isə sadəcə fiziki yoldaşlıqdan daha çox, bir həyat yoldaşı olaraq mövcud olmasını göstərir. Qara it romanın qəhrəmanı olan şəxs, xüsusən də onun təkbaşına qalma və içindəki qorxularla üzləşmə prosesi ilə əlaqələndirilir. Qara həmçinin romandakı digər xarakterlərin və xüsusilə də cəmiyyətin onlara olan münasibətini simvollaşdırır. Onun özəllikləri, davranışları və ya sadəcə mövcudluğu, bəzən insanların gizlədilən hisslərini, həm də sosial və mənəvi təcrid olunmalarını ifadə edir. Qara it insanla təbiət arasındakı əlaqəni, bəzən bu əlaqənin nə qədər mürəkkəb və qəribə olacağını da göstərir. Bu obrazın romanın fəlsəfi mesajlarını da gücləndirdiyi, insanın daxili mənəvi yolçuluğunda, qorxu və ümid arasında bir körpü rolunu oynadığı deyə bilərik. Beləliklə, Yunis Orucovun “Tunel” romanında Qara it yalnız fiziki bir varlıq deyil, həm də mənəvi və psixoloji bir obraz olaraq öz yerini tapır. İt ona verilmiş evin açarını öz yuvasında gizlətməklə, elindən-obasından didərgin düşmüş inşaların nə zamansa öz evinə qayıdacağının simvolikasıdır.