Xəbərlər

Yurduma Novruz gəlib

Novruz – Bahar bayramı Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biridir. Bu bayram təbiətin oyanışını, baharın gəlişini və yeni ilin başlanğıcını simvolizə edir. Novruz hər il mart ayının 20–21-ə təsadüf edən gecə-gündüz bərabərliyi günündə qeyd olunur.

Novruza hazırlıq bir neçə həftə əvvəl başlayır. Bu müddətdə insanlar evlərini təmizləyir, bayram süfrəsi hazırlayır və səməni yetişdirirlər. Bayramın əsas atributlarından biri səmənidir. Hansı ki, o, bolluq və həyatın yenilənməsini ifadə edir.

Novruzun dörd çərşənbəsi xüsusi əhəmiyyət daşıyır: Su, Od, Yel və Torpaq çərşənbələri. Hər biri təbiətin bir ünsürünü təmsil edir və insanların bu ünsürlərlə bağlı qədim inanclarını özündə əks etdirir.

Bayram günü ailə üzvləri bir araya gəlir, süfrəyə milli şirniyyatlar, milli yeməklər və digər təamlar düzülür. İnsanlar bir-birini təbrik edir, küsülülər barışır və xoş niyyətlər diləyirlər.

…Xoş niyyətin dolaşsın,
Küsülülər barışsın,
Bərəkət aşıb-daşsın.
Novruz, gəl ha, Novruz, gəl.

Yusif Dirili

Novruz bayramı birlik, mehribanlıq və yenilənmə rəmzidir. Bayramınızı təbrik edir, sizlərə ruzili-bərəkətli, sevincli, xeyirli bayram arzulayırıq. İndi isə bayramla bağlı sizlərə aşağıdakı şeirləri təqdim edirik.

Novruzun tərifi

Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.

Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.

İlaxır Çərşənbənin
Bir başqadır növrağı.
Əski dünyadan gəlir,
Onun səsi-sorağı.

Bu bayrama çatan yox,
Girsin bəhsə, yarışa.
Heyran qalmamaq olmur
Bu nəcib yaranışa.

Allahın möcüzəsi,
Görkəzməsi, bəlkə də.
Hələ belə bayram yox,
Nə diyarda, ölkədə.

Yusif Dirili

Novruzum

Qədəmin mübarək, Novruzum!
Nə qüssə, nə qəm çək, Novruzum!
Başında çələng var al-əlvan,
Səninlə oyanır bu cahan!
Dumduru suların axanda,
Göylərdə şimşəyin çaxanda,
Yamyaşıl otların silkinər,
Gülərsən göy gülər, yer gülər!
Sən bahar qızısan, Novruzum!
Torpağın nazısan, Novruzum!
Al rəngin yaşıla qarışar,
Sən gəlsən küsənlər barışar!
Nəfəsin səməni cücərdər,
Nemətə bürünər süfrələr!
Qoğalın günəşdir nimçədə,
Şamların sönməsin heç vədə!
Şəkərburan aydı evlərdə,
Bol olsun ruzumuz ellərdə!
Paxlava dörd ünsür, çərşənbə,
Tanrıya duada hər bəndə!
Dörd yana xeyrimiz yollansın!
Qələbə ruhumuz canlansın!
Şirinin, şəkərin, noğulun,
Söylənsin əfsanən, nağılın.
Yumurta bəzənər rəngbərəng,
Tonqalın şimşəklə həmahəng!
Şəninə şərbətlər içilər,
Körpənə köynəklər biçilər!
Güllü don geyinər gözəllər,
Qədrini el bilər, gün bilər!
İgidlər “Qaytağı” oynayar,
Sellərin, suların qaynayar!
Silinər qəlblərin ağrısı,
Parıldar köhlənlər sağrısı,
Torpağın, güllərin, otların,
Bu gözəl, sevimli baharın,
Könüllər vəsfinə söz qoşar,
Nəğməli suların gurlaşar!
Gün vürub, daşların qızanda,
Plovun dəm alar qazanda!
Ən əziz müjdəsən yurduma,
Gəl əziz Novruzum,
Bir də sən yurduma!

Zərəngiz Dəmirçi Qayalı

Səməni

Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.

Çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin
Parıldasın qızıl təkin.

Bağlar bəzək vursun yenə,
Quşlar məclis qursun yenə.
Budaqlarda axşam, səhər,
Şəfəq saçsın şux meyvələr.
Sevincimiz başdan aşsın,
Bahar, günəş qucaqlaşsın.

Abdulla Şaiq

Novruz, gəl

Süfrədə düzüm-düzüm:
ləb-ləbi, xurma, üzüm.
Plovda qalıb gözüm,
Novruz, gəl ha, Novruz, gəl.

Sənsən parlayan ulduz
Keçəl, kosa, bahar qız.
Qoyma gəl bizi yalqız,
Novruz, gəl ha, Novruz, gəl.

Könül evi viran var
Bəxtindən nigaran var
Aralıqda hicran var,
Novruz, gəl ha, Novruz, gəl.

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət açıb-daşsın
Novruz, gəl ha, Novruz, gəl.

Göyərtmişəm səməni
Gözləyirəm il səni.
Tez gəl, sevindir məni,
Novruz, gəl ha, Novruz, gəl.

Burda dağlar baş-başa
Bağ-bağçalar tamaşa
Əlvida dedik qışa,
Novruz, gəl ha, Novruz, gəl.

Yusif Dirili

Yansın bayram şamları

Yansın bayram şamları,
Gəlsin el adamları
Şölələnsin kamları.
Ürəklərdə nur olsun,
Novruzumuz gur olsun.
Tonqalları çatılsın,
Üstündən el atılsın,
Hər ev bura qatılsın,
Sinədə qürur olsun,
Novruzumuz gur olsun.
Qoy yığışıb qış getsin,
Novruz ruhu xoş etsin,
Süfrə açan nuş etsin,
İşimiz uğur olsun,
Novruzumuz gur olsun.
Paxlava, şəkərbura,
Pilovun üstə qara,
Xəbər ver dosta, yara,
Bayram elə cur olsun,
Novruzumuz gur olsun.
Səməni qalaq-qalaq,
Alaq süfrəyə salaq,
Biz canbirqəlbdə olaq,
Söz ağızda dür olsun,
Novruzumuz gur olsun.
Vətənin gözü gülsün,
Gecə-gündüzü gülsün,
Millətin üzü gülsün,
Evdə yur-yuğur olsun,
Novruzumuz gur olsun.
Bu yazın leysanları,
Torpağın ehsanları,
Ay Vətən insanları,
Sübhdən durhadur olsun,
Novruzumuz gur olsun.
Bir kimsə qəm görməsin,
Qəmlə süfrə sərməsin,
Ah qolunu gərməsin,
Qışla vurhavur olsun,
Novruzumuz gur olsun.

Şirin xanım Şadiman