Xəbərlər

Daş heykəllər – Balballar

Qədim türklərin və digər köçəri xalqların ölülərə və ya qəhrəmanlara hörmət məqsədilə düzəltdikləri daş heykəllərə verilən ad – Balbal.

“Balbal” sözünün mənşəyi tam aydın olmasa da, bəzi araşdırmalara görə, bal sözü “ölü” və ya “düşmən” anlamını ifadə edir. Başqa bir fikirə görə isə, bu söz qədim türkcədə “daş”, “qalaq”, “düzmək”, “qurmaq” mənalarını daşıyır.

Balbalların hündürlüyü 1–4 metrə, çəkisi isə bəzən bir neçə tona çatır. Onlar çox vaxt döyüşçüləri, nadir hallarda isə qadınları təsvir edir. Balbalın hazırlandığı materiallar boz, ağ və sarı qumdaşı, ağ və ya qabıqlı əhəngdaşı, bəzən isə qranit olub. Balballar Türk xalqlarının qədim inancı, mifologiyası və qəhrəmanlıq ənənələri ilə sıx bağlıdır.

Bu daş abidələrin tarixi çox uzaq keçmişə gedib çıxır. Balballar, əsasən, Altay dağlarında, Orta Asiyada (Qazaxıstan, Qırğızıstan), Türkiyədə (Anadolu bölgəsində bəzi izlər var), Monqolustanda, Cənubi Sibirdə tapılıb. Balballar barədə Orxon-Yenisey abidələrində də məlumat verilmişdir.

Azərbaycanın da bəzi bölgələrində bu tip daş heykəllərə rast gəlinmişdir. Bu yerlərdən birinə Qarabağı nümunə göstərmək olar. Qarabağın hər yerində çoxlu sayda balbala rast gəlinir ki, bu da bu bölgənin dərin mədəni və tarixi əhəmiyyətini bizlərə bir daha sübut edir. Azərbaycanlı arxeoloqlar Qarabağda 19 daş heykəl aşkar ediblər. Bu abidələr Mollalar, Şəfibəyli, Suma, Güllücə (Ağdam rayonu), Şatırlı (Bərdə rayonu), Canyataq (Ağdərə rayonu), Seysulan (Tərtər rayonu) kəndləri yaxınlığında aşkar edilib. Bu heykəllərdən yeddisi Canyataq kəndi yaxınlığında tapılıb. Canyataq heykəllərindən biri Bakıya gətirilib və hazırda Qız qalasının yanında açıq səma altındadır.

Qazax rayonu ərazisində tapılan balballar təxminən VIII əsrə aid edilir. Azərbaycanın Şamaxı rayonunun Çıraqlı kəndindən aşkar edilən və eramızdan əvvəl III əsrə – eramızın II əsrinə aid daş heykəllər xüsusilə diqqəti cəlb edir.

Qədim dövrlərdə Balbalın ölən şəxsin ruhunu qoruduğuna inanılırdı. Bu heykəllər ölənin həyatda qazandığı uğurları, xüsusilə döyüşdə öldürdüyü düşmənləri simvolizə edir. Türklər həm də ölmüş əcdadlara hörmət göstərmək məqsədilə balbal düzəldirdilər.

Bu heykəllərin çoxu insan fiquru şəklində olur və adətən, həmin şəxslərin əlində qılınc və ya başqa bir əşya tutmuş vəziyyətdə təsvir edilirdi. Üz cizgiləri, geyim və bəzək detalları dövrün sənət üslubuna uyğun şəkildə göstərilir. Balballar bəzən silindrik, kvadrat və ya konik formada da ola bilir. Bu heykəllər bəzən uzun şəkildə, sıra ilə düzülür ki, bu da ölən şəxsin döyüş zamanı nə qədər düşmən öldürdüyünü simvolizə edir. Hər bir balbal bir düşmən ruhunu təmsil edir.

Balballar türklərin tarixi yaddaşı, etnoqrafiyası, dini görüşləri və döyüşçü ruhu haqqında dəyərli məlumatları, həmçinin qədim dövrdə sosial status, ictimai struktur və döyüşçülüklə bağlı hadisələri bizlərə çatdırır.

Ləman Vahid