Tarix

Tarixin qovşağında olan ev

Hurr ailəsi Cümhuriyyət naziri ilə necə qohum oldu

“Məkanlar onların tarixini bildikdə, daha canlı olur”
– Gizela Rasper, “Helenendorfa səyahət” (2019)

Hər bir məkanın öz keçmişi və hekayəsi var… Məkanlar bu hekayələrlə canlanır. Hekayəsi olmayan bir yer isə mənasız və maraqsız bir məkandan başqa bir şey deyil. Buna görə də, bir məkanın uzun illərə səpələnmiş maraqlı tarixini dinlədikdə, sanki həmin yer qarşınızda canlanır…

Göygöl şəhəri bir zamanlar Azərbaycanda mövcud olan səkkiz alman kəndinin ən böyüyü idi və Helenendorf adını daşıyırdı. Almanlar bu yaşıyış məntəqəsinin əsasını 1819-cu ildə salmışdılar. 1941-ci ilə qədər burada yaşamış, lakin həmin ildə Sovet hökumətinin qərarı ilə kütləvi şəkildə sürgün edilmişdilər. Onların burada qaldıqları dövr ərzində hər bir kənd ölçüsünün kiçik olmasına baxmayaraq, inkişaf etmiş infrastruktura malik idi: təhsil müəssisələri, kilsə, mədəniyyət evi, fabrik, zavod, emalatxanalar və s. Bu gün belə Göygöldə gəzərkən almanlardan qalan izlər qarşısında heyran qalmamaq mümkün deyil – dövrün məhdud imkanlarına baxmayaraq, onların qoyduğu inkişaf əsərləri hələ də göz qabağındadır. 4-5 küçəyə sıralanmış, hər biri yerli memarlıq üslubundan fərqli, dərin zirzəmilər və yeraltı tunellərlə birləşdirilmiş 300 ev… Lakin bu evlər arasında xüsusilə Heydər Əliyev küçəsi 38 ünvanında yerləşən iki mərtəbəli bir ev diqqət çəkir. Əgər bu evin dili olsaydı, bizə necə də maraqlı hekayələr danışardı… Öz sakinlərinin taleyini, yaşadıqları sevinc və kədərləri… Bir ev məgər fərqli coğrafiyaları, mədəniyyətləri, dövrləri bir yerə toplaya bilərmiş. Sanki bir tarixin qovşağı, zamanın kəsişmə nöqtəsi kimi… Elə isə gəlin bu evin hekayəsini sizə mən danışım…

HURR AİLƏSİ

Bu evdə Hurr ailəsi yaşamışdır. Yakob Hurr Helenendorfda limonad zavodunun sahibi olmuş, burada limonad istehsalının banisi sayılırdı. 1905–1907-ci illərdə bölgədə terror fəaliyyəti ilə məşğul olan “Daşnaksutyun” erməni partiyasının üzvləri Yakob Hurrdan partiya üçün 30 min rubl tələb etmişdilər. O bu tələbi rədd etdiyi üçün ermənilər tərəfindən qətlə yetirilmişdir. Onun övladları isə sovet zülmü ilə üzləşdilər…

Vilhelm, Yakobun böyük oğlu, 1887-ci ildə doğulmuşdu. O, 1908–1914-cü illərdə Estoniyanın Derpt Universitetində tibb təhsili almış, Birinci Dünya müharibəsində həkim kimi xidmət etmişdi. Müharibədən sonra Helenendorfa qayıdan Vilhelm Cənubi Qafqazdakı alman qəsəbələrində mühüm ictimai fəaliyyətlə məşğul oldu. Məhz bu fəaliyyətinə görə, o, 1937-ci ildə SSRİ NKVD tərəfindən həbs edilərək güllələndi.

Digər oğlu Henrix də eyni acı taleyi yaşadı. Azərbaycanda məcburi kollektivləşməyə, yəni kolxoz sisteminə qarşı çıxdığına görə, o da 1937-ci ildə NKVD tərəfindən həbs edildi və güllələndi.

Qızı Hilda qısa ömür sürmüş, 1939-cu ildə, 36 yaşında xəstəlik səbəbilə dünyasını dəyişmişdi. O, Rusiyanın Nalçik şəhərində dəfn olunub. Məzarı bu günədək qorunub saxlanılmayıb.

Yakobun qızı Flora isə Helenendorfda orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdu. 1941-ci ildə NKVD tərəfindən həbs olunaraq beş il müddətinə azadlıqdan məhrum edildi və Rusiyadakı Sevurallaq düşərgəsinə köçürüldü. Azadlığa çıxdıqdan sonra ona pedaqoji fəaliyyəti qadağan edildi. 1968-ci ildə bacısı Klara ilə görüşmək üçün Almaniyaya səfər etməsinə icazə verildi. Lakin bacılar görüşə bilmədilər: Flora rəsmi versiyaya görə qatardan yıxılaraq həlak olmuşdur… Ancaq qohumları bu versiyanın doğruluğuna şübhə ilə yanaşırlar. Flora Klaranın yaşadığı Lüdviqsburqda dəfn olunmuşdur.

Klara isə İkinci Dünya müharibəsindən əvvəl həyat yoldaşı ilə birlikdə Almaniyaya mühacirət etmiş, Lüdviqsburqda uzun bir ömür yaşamışdı. O, bacısı Floranın yanında dəfn edilmişdir.

Yakobun oğlu Emil 1921-ci ildə təhsil almaq üçün Almaniyaya getmiş və orada qalmışdı. Mühacirətdə Emilin taleyi Azərbaycan Xalq Cümhuriyyətin (1918-1920) naziri olmuş Əbdüləli bəy Əmircanovun ailəsi ilə kəsişib…

ƏMİRCAN AİLƏSİ

Sovet işğalı dövrünün ağır şərtləri ilə üzləşən Əmircan ailəsi böyük çətinliklər yaşayıb. Azərbaycan Cümhuriyyətinin ilk maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanov Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət edərək siyasi fəaliyyətini orada davam etdirib.

Əbdüləli bəy 1920-ci ildə İstanbula tək gəlir. Sonradan övladları Məryəm, Valiyə, Rüstəm və Fuad ona qoşulur. Xanımı Səltənət xanım isə yalnız 1938-ci ildə Sovet Azərbaycanından çıxa bilir. Lakin Sovet hökuməti Əbdüləli bəyin digər iki övladı – Murad və Rəşidi ölkədən buraxmır. Əbdüləli bəy 1948-ci ildə İstanbulda vəfat edir və Feriköy qəbiristanlığında dəfn edilir.

Əbdüləli bəyin oğlu Fuad İstanbuldakı Qalatasaray liseyini bitirdikdən sonra təhsilini Parisdəki Siyasi Elmlər İnstitutunda davam etdirir. Almaniyada hüquq təhsili aldıqdan sonra Türkiyəyə qayıdır və jurnalist kimi fəaliyyətə başlayır. İkinci Dünya Müharibəsi zamanı Almaniyaya əsir düşən azərbaycanlıların azad edilməsində, Azərbaycan legionerlərinin nəşr işinin təşkilində və mühacir azərbaycanlıların siyasi təşkilatlarında aktiv rol oynayaraq böyük etimad qazanır. Müharibədən sonra jurnalist fəaliyyətini davam etdirir. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1992-ci ildə Vətənini ziyarət edir. 1995-ci ildə Bonnda vəfat edir və İstanbulda, Feriköy məzarlığında dəfn edilir.

Sovet Azərbaycanından çıxmasına icazə verilməyən Murad və Rəşid Əmircanovlar İkinci Dünya Müharibəsi zamanı orduya çağrılırlar. Beləliklə, müharibə Əmircan ailəsini iki yerə ayırdı: ailə üzvlərinin bir qismi Almaniya, digərləri isə SSRİ tərəfində yer aldı. Tale elə gətirdi ki, onlar müharibənin əks cəbhələrində mövqe tutdular. Rəşid müharibə zamanı itkin düşür. Murad isə müharibədə Berlinə qədər iştirak edir və müxtəlif medallarla təltif olunur. Müharibədən sonra, 1968-ci ildə icazə alaraq Türkiyəyə ailəsini görməyə gəlir. Anası Səltənət xanım 1970-ci illərdə oğlu Muradın yanına Azərbaycana qayıdır və 1973-cü ildə Bakıda vəfat edir. Murad isə 1998-ci ildə vəfat edir.

Əbdüləli bəyin qızı Məryəm 1928-ci ildə İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin Tarix şöbəsini bitirərək bu fakültədən məzun olan ilk azərbaycanlı qadın kimi tarixə düşür. Mühacirətdə olduğu dövrdə Azərbaycandan tanıdığı Emil Hurr ilə yolları yenidən kəsişir…

EMİL VƏ MƏRYƏM

Məryəm İstanbulda təhsilini bitirdikdən sonra Bonn şəhərində yaşayan və orada Universitetdə dərs deyən qardaşı Fuadın yanına köçür. Orada Emil ilə rastlaşır. Ailələr hələ Azərbaycanda olarkən bir-birilərini tanıyır və yaxşı münasibət saxlayırdılar. Fuad Əmircan Bonnda yaşadığı müddətdə Emil onunla əlaqə saxlayırdı və orada Məryəmi də görmüşdü. Beləliklə, Emil Hurr və Məryəm Əmircan münasibətlərini rəsmiləşdridirərək ailə qururlar. Onlar Münhendə, Ferdinan Maria küçəsi ev 24 ünvanında məskünlaşdılar. İkinci Dünya müharibəsi zamanı Emil Hurr alman ordusunun Qafqaz istiqamətində fəaliyyət göstərən bölməsində hərbi tibb zabiti kimi xidmət etmiş, alman əsirliyində olan azərbaycanlıların azad olunmasına yardım etməyə çalışmışdı. Azad edilən əsirlər arasında, 1920-ci ildə sovet rejiminə qarşı baş vermiş Gəncə üsyanının rəhbərlərindən biri – polkovnik Cahangir bəy Kazımbəyli də var idi. Müharibədən sonra ailə Münhendə eyni ünvanda yaşamağa davam etdi. Emil Hurr 1960-cı illərdə Almaniyada dünyasını dəyişdi. 1980-ci illərdən etibarən Məryəm xanım bir neçə dəfə Azərbaycana səfər etmişdir. Məryəm xanımın övladı olmayıb və Emilin vəfatından sonra bir daha ailə qurmayıb. Qohumları evlənməsini təklif etdikdə isə, “Emil kimisi yoxdur. Biz bir-birimizə çox bağlı idik” – deyə cavab verərdi. Məryəm xanım 1980-ci illərin sonunda vəfat edir və Münhendə dəfn olunur.

EVİN TALEYİ

Hurr ailəsi Helenendorfdan (o dövr şəhər artıq Xanlar adlanırdı) öz evlərindən sürgün edildikdən sonra bina dövlət balansına keçir. 1960-cı ildə burada “Koroğlu” mehmanxanası fəaliyyət göstərir və bu, 2008-ci ilə qədər davam edir. Həmin tarixdən etibarən bina istifadəsiz qalır və hazırda ciddi təmirə ehtiyacı var. Hal-hazırda bina satışa çıxarılıb.

Zamanın sınaqlarına, ev sakinlərinin sevinc və kədərlərinə şahidlik etmiş bu bina bu gün yeni sahibini gözləyir. Kimə nəsib olacağı hələ məlum deyil, amma çox yaxşı olardı ki, keçmiş sakinlərin həyat hekayələri qorunsun və yaşadılsın… Çünki ən gözəl hekayə insan taleyidir! Tale, ən heyrətamiz hekayələr yazır…

***

Vilhelm Hurrun nəvəsi Elizabet xanıma və Əbdüləli bəy Əmircanovun nəvəsi Sevil xanıma ailələrinin hekayəsini bizimlə bölüşdükləri üçün təşəkkür edirik. Bu məqalə onların təqdim etdiyi məlumat və fotolar əsasında hazırlanıb. Eyni zamanda, bu yazı Hurr və Əmircan ailələri arasında zamanla itirilmiş qohumluq əlaqələrinin yenidən qurulmasına xidmət etdi.

Ruslan Quliyev
“Die Brücke” Azərbaycan-Almaniya mədəniyyət mərkəzinin direktoru

Bakı,
28.07.2025