İstanbulda 1910–1912-ci illər arasında Şehbenderzadə Filibeli Əhməd Hilmi tərəfindən yetmiş doqquz nömrəsi çapdan çıxan həftəlik “Hikmət” qəzeti bütün Osmanlı coğrafiyasını əhatə edən mühüm nəşrlərdən biri olmuşdur. “Hikmət” qəzeti öz səhifələrində ədəbiyyatdan tarixə, fəlsəfədən siyasətə qədər bir çox mövzulara yer verirdi. İslam dünyasının yaşadığı hadisələr, Orta Asiya, Qafqaziya, Afrika, Balkan yarımadası və digər coğrafiyalardakı müsəlmanlar haqqında məlumatları oxucularına çatdırırdı. “İttihad həyatdır, təfriqə parçalanma” şüarı ilə çıxan qəzetin əsas yazarlarından biri də əslən qarabağlı, Şuşadan olan Əhməd bəy Ağaoğlu idi. O, türk-islam mədəniyyəti ilə yanaşı, Qərb fəlsəfə və təfəkkürünü dərindən bilirdi. Ağaoğlu Qərb düşüncə tərzinin Osmanlı-islam mədəniyyəti ilə necə uzlaşdırılacağına dair fikir və görüşlərini “Hikmət” qəzetindəki məqalələrində yayımlamışdır.
“Hikmət” qəzetinin əsas məqsədi “intibahi-islam”a töhfə vermək idi. Osmanlı və islam dünyasında “İttihadi-islam” hərəkatının geniş yayıldığı arealda nəşr həyatına başlayan “Hikmət” qəzetində Əhməd bəy Ağaoğlunun məqalələri də məhz bu ideyanı təbliğ edirdi.
Ağaoğlunun fikir və düşüncə dünyasını yazdığı əsər və məqalələrdə İkinci Məşrutiyyətdən sonra formalaşan İslamçılıq, Türkçülük, Qərbçilik kimi fikri cərəyanlar içərisində islamçı və türkçü anlayışını necə dərk etdiyini görmək mümkündür. Bu vəhdətin formalaşdırılması, milli-mənəvi dəyərlərə bağlılıq, tarixi köklərə sadiqlik onun yaradıcılığı və düşüncə tərzində əsas rol oynayan amillərdən idi. Qərbləşmə hərəkatı və ona yanaşmaları, Qərbdən gələn cərəyanlara mətbuat vasitəsilə tutarlı cavabları, müsəlmanlar arasında birliyin təmin edilməsi onun başlıca amalı olmuşdur. Avropa təhsilli olması səbəbi ilə Qərb sivilizasiyasının müsbət tərəflərini də götürməyin tərəfdarı olan Ağaoğlu təəssübkeşlik adına Qərbə kor-koranə qarşı çıxanları da sərt tənqid edirdi. Onun fikrincə, əsas olan dini və dünyəvi biliklər, elmi əsaslar üzərində birlikdə düşünmək və oradan nəticə çıxarmaqdır.
“Hikmət” müəyyən ardıcıllıqla səkkiz səhifədə çap olunur və səhifə üç sütuna bölünərək dərc edilirdi. “Hikmət” qısa müddətdə cəmiyyətin bütün təbəqələri tərəfindən maraqla qarşılandı və abunəçilərin sayı üç minə çatdı. Qəzetə ünvanlanan və dərc olunan məktublardan aydın olurdu ki, adıçəkilən mətbu orqan ictimaiyyətlə yanaşı, ziyalılar, mədrəsə və Daruşşəfəq tələbələri içində də qəzetə böyük maraq doğurmuşdur. Əhməd Ağaoğlu öz üslubu ilə bu torpaqlarda cərəyan edən hadisələri anbaan izləyir, xalqın ayıq-sayıq, diqqətli olmasının vacibliyini aydın görürdü. “İctimaiyyətin diqqəti” başlıqlı yazısında Ağaoğlu bütün müsəlmanların səsini, dünyanın hər yerindən ucalan fəryadı dinləməyi özünə borc bilən biri kimi çıxış edirdi (“Hikmət” qəzeti, №14, səh. 3).
“Hikmət” qəzeti gündəlik siyasi hadisələrdən uzaq, üfüq açan, cəmiyyətə və islam dünyasına yol göstərən keyfiyyətli nəşrləri ilə qısa zamanda geniş oxucu auditoriyasına çataraq islam aləmində rəğbət qazandı. Qəzetin bu nəşr xətti ilə yanaşı, Əhməd Ağaoğlunun üslubunun sadəliyi, “fikirlərində məntiqi dəqiqlik və qüvvət” onun daha geniş dairələrdə nüfuz sahibi olmasına kömək etdi. Ağaoğlu cəmiyyətin nicatının “Türk birliyi” və “İttihadi-islam” ideyası ətrafında birləşməkdən asılı olduğuna inanır və qəzetdə, əsasən, bu birlik ideyasını təbliğ edirdi…