Xəbərlər

Semmelveys refleksi – Müzakirə aparmadan, sorğu-sual etmədən orijinal və yeni ideyalara qarşı çıxmaq

Semmelveys refleksi – Müzakirə aparmadan, sorğu-sual etmədən orijinal və yeni ideyalara qarşı çıxmaq ədəbiyyatlarda məhz belə adlanır.

Bəs bu barədə heç düşünmüsünüzmü? Niyə məhz Semmelveys?

Bu termin macarıstanlı araşdırmaçı və həkim İqnor Semmelveysin adı ilə bağlıdır.

XIX əsrin 50-ci illərində xəstəxanalarda ölümlərin çoxu infeksiya səbəbindən baş verirdi. İnfeksiyalara səbəb kimi göstərilən əsas amillərdən biri Miasma nəzəriyyəsi idi. Yəni torpaqdan çıxan zərərli qazlar. Lakin doktor İqnaz Semmelveys bu fikrə inanmırdı. Vyananın ən məşhur doğum evində işləməyə başlayarkən ölüm sayının çoxalması səbəblərini o, yenidən araşdırır və ölümlərin infeksiyadan qaynaqlandığı dəqiqləşdirilir. Bəs infeksiyaya səbəb nə olurdu? Doktor Semmelveys bir müddət sonra xəstəxanada mühüm bir əlamətə rast gəldi. Əməliyyatdan çıxan həkimlər işlərini bitirib doğum evinə girəndə infeksiyadan ölüm halları yüksəlirdi, evdə baş verən doğuşlarda isə ölüm nisbəti aşağı idi. Bundan sonra o, Miasma nəzəriyyəsini təhlil etməyə başladı. Doktor Semmelveys həkimlərdən xəstənin yanına girməzdən əvvəl əllərini xlorlu su ilə yumağı, dezinfeksiya olunmadan xəstəyə toxunmamağı tələb etdi.

Sonra nə olduğunu təxmin edə bilərsinizmi? Bəli, yoluxma nisbəti 2 faizə düşdü. Əllərin xlorlu su ilə yuyulması ortaya heyrətamiz nəticələr çıxarmışdı. Bu çox dəyərli kəşf idi. Amma təəssüf ki, həmkarları “Əməliyyatdan əvvəl əllərinizi yuyun!” şərtini heç bəyənmədilər və şiddətlə qarşı çıxdılar. Bəziləri hətta həkimin dəli olduğunu iddia edirdilər. – Necə yəni, bəyəm bizim əllərimizdə yaşayan kiçik canlılar var?

onralar bu kiçik canlılar tibbi ədəbiyyatda “mikrob” adlandırılacaqdı. Ancaq əməliyyatdan əvvəl əllərin yuyulmasının vacibliyini iddia edən həkimin dəli olduğuna artıq inanmışdılar. Ona elə güclü təzyiqlər göstərildi ki, axırda xəstəxanadan çıxmağa məcbur olub doğulduğu Macarıstana qayıtdı. Əllərin yuyulması tövsiyəsi rədd edildiyi üçün doğum evlərində infeksiyadan ölümlərin sayı yenə eyni şəkildə artmağa başladı. Doktor Semmelveys xəstəxanadan çıxandan sonra evləndi, uşaqları oldu. Təəssüf ki, eyni səbəbdən özü də bir övladını itirdi. Bu faciə onu yenidən hərəkətə gətirdi və bir kitab yazdı: “Etiology, Concept and Prophylaxis of Childbed Fever”.

Lakin tibb aləmi bu kitabı heç də xoş qarşılamadı. Ancaq övlad itirməyin acısını hələ də içində daşıyan Semmelveys təzyiq altında təslim olmadı, Avropanın bütün ginekoloq və doğum həkimlərinə, bu sahədə çalışanlara sərt məktublar göndərdi. Onlar isə razılaşmayıb doktor Semmelveysin dəli olduğunu bildirdilər, hətta onun ruhi xəstəxanaya yerləşdirilməsini tələb etdilər. Artan təzyiqlərə baxmayaraq, inadından əl çəkməyən doktor Semmelveys axırda zorla ruhi xəstəxanaya salındı. Xəstəxanada xeyli mübahisə etdi. Təəssüf ki, burada ona xoş münasibət göstərilmədi. Əlbəyaxa davada sağ əli zədələndi, mikrob həkimin bütün bədəninə yayıldı və 47 yaşında dünyasını dəyişdi.

Onun faciəli ölümündən uzun illər sonra Paster adlı mikrobioloq bakteriyaları kəşf etdi və doktor Semmelveysin nəzəriyyəsi qəbul olundu, Miasma nəzəriyyəsinə son qoyuldu. Xəstəliklərin necə və hansı yolla keçdiyi məlum oldu. Artıq mikrob nəzəriyyəsi qəbul edilmişdi. Doktor Semmelveysin kəşfinin dəyəri çox sonralar başa düşüldü, adı universitetlərə verildi, ona heykəllər ucaldı. Ədəbiyyata onun adı ilə yeni məfhum daxil oldu: Semmelveys refleksi!

O zamandan bəri bəşəriyyət uzun bir yol keçmişdir və indi əl yuma vərdişi hər hansı bir insanın gün ərzində bir neçə dəfə yerinə yetirdiyi ümumi prosedura çevrilmişdir.

İstifadə olunan mənbə: Hakan Mengüç “Sən yola çıx, yol sənə görünər”, MİMTA Yayımları, 2025.