Bakı Ekspo mərkəzində 11-ci Bakı Kitab Sərgisinin fəxri yazarı, şair və ədəbiyyatşünas Qismət Rüstəmovla görüş və imza saatı keçirilib. Bu münasibətlə “Füyuzat” Qismət bəyə bəzi suallar ünvanlayıb.
Qismət bəy, siz həm ölkəmizdə, həm də xaricdə keçirilən bir çox nüfuzlu sərgilərin iştirakçısısınız. Yay aylarında Dunay sahillərinə səyahət imkanınız da olmuşdur. Bunu ona görə xüsusi vurğulayırıq ki, xaricə çıxış imkanının olması ölkədəki mədəni mühiti özgə kültürlərlə hərtərəfli müqayisə imkanı yaradır. Necə düşünürsünüz, kitab sərgisi mədəniyyəti bizdə tam formalaşıbmı? Oxucular bu layihələrdən yetərincə yararlana bilir, yoxsa sadəcə məşhur bildikləri insanları yolda yaxalayıb şəkil çəkdirməklə kifayətlənirlər?
– Bizdə kitab sərgisi mədəniyyəti, məncə, hələ indi-indi oturuşur. Mən adidən adi görünən bir məsələni təkrar etməkdən usanmıram. İstəyirəm, hamı bunun ciddiliyini anlasın: bu, mütəmadilik, ardıcılıq məsələsidir. Bu il kitab sərgisi 11-ci dəfədir keçirilir, bu davamlılıq məsələsinə dəstək olmaq lazımdır. Əgər biz ardıcıllığı qiymətləndirməsək, bir səhər məlum olar ki, bu sərgini keçirməmək də olar.
Mədəniyyət gec dəyən meyvədir, burada prestiji səbr və mütəmadilik gətirir.
Bu il Eskpo mərkəzindəki sərgidə ikinci salon da açılıb, mən bunu da yaxşı hal kimi qiymətləndirirəm. Bu cür sərgilərin uğurları görməklə yanaşı, çatışmazlıqlarımızı yerindəcə görmək üçün əla fürsətdir. Hələ görüləsi çox iş var.
Sizi həm şair, həm də ədəbiyyatşünas kimi şanslı yazar hesab edirlər. Çünki mütaliənin bu qədər zəif olduğu bir zamanda belə, sizin bəlirli bir oxucu kütləniz var ki, hər yeni şeirinizi, essenizi, tərcümənizi sevinclə gözləyir. Yeri gəlmişkən, elə yaxın günlərdə Lyosadan dəyərli bir esseni dilimizə çevirmisiniz. Eyni zamanda, Lyosanın “İmkansızın cazibəsi” kitabının da tərtibçisi və tərcüməçisisiniz. Bilmək istəyirik ki, Qismət bəy özü oxucu kütləsindən razı qalırmı?
– Çox razıyam, onlar özlərini zamanın sürətinə yox, yaxşı kitabların mütaliəsindəki ürək döyüntüsünə hesablayırlar.
Son olaraq, bizi maraqlandıran bir sualı da Sizə vermək istəyirik. Hazırda müəyyən səbəblərdən ötrü bəzi kitablar dünya miqyasında “bestseller”ə çevrilir, bəzi dəyərli nəşrlər isə kölgədə qalır, layiqi dəyəri ala bilmir. Keçici trendlərin hakim olduğu indiki zamanda əsl ədəbiyyatı necə ayırd edə bilərik? Bunun üçün Qismət Rüstəmovun öz şəxsi meyarları nələrdir?
– Dünyanın heç yerində, heç vaxt kütləvi ədəbiyyat ətrafında böyük ədəbiyyat yaranmayıb, əksinə, böyük ədəbiyyat həmişə əvvəlcə məhdud çevrədə təsdiqlənir, sonra öz seçdiyi tempdə yayılmağa başlayır. Kütləvi, əyləncəli, ədəbiyyat mədəniyyət dünyasının ən yaxşı halda lokomotividir, ancaq mədəniyyətin onurğası olan mətnlər sürətli istehlak üçün deyil, çünki onlar vaxtı öldürmək üçün yox, sonrakı əsrlərə diri keçirmək üçün yazılır.



