Hər dəfə “üzündə güllər açır” ifadəsini eşidəndə insanın simasına qeyri-ixtiyari təbəssüm qonur. Gülüşün çiçək kimi zərif və ətirli tərifidir bu. Bəs bir gülüşü başqa necə təsvir etmək olar? Bu zaman sətirlərlə ruhun çələngini hörən Mikayıl Müşfiqin misraları yada düşür:
“Gülsə, dodaqların ulduzlar kimi
Ruhuma bir sərin işıq saçılır”.
Bir gülüşdə ruhunun işığını tapmaq kimi sehrli hisslər yaşadır insana bu misralar. Ancaq bir təbəssümün ən gözəl tərifi sadəcə ədəbiyyatda deyil, həyatda da var olur. Həm də daha doğma duyğu ilə sarır ruhumuzu. Cümlə quruluşu sadə, yaşatdığı duyğu isə qeyri-adi…
“Günəş kimi gülürsən”.
“Anamın mətbəx qeydləri”ndən gələn bu səs nağlımda və ağlımda qalan ən sevimli sətirlərdəndir. Bu nağılda bənzədilən onun kiçik qəhrəmanının günəş gülüşü səbəbsiz yaranırdı. Bəlkə də, səbəbsiz olduğu üçün günəş gülüşü qoymuşdu adını. Axı hər səhər bizi salamlayan günəş də dünyanı isitmək, bizə gülümsəmək üçün səbəb axtarmır.
Bəzən yıxılsa da, yorulsa da, yenə gülümsəyirdi. Ancaq bir gün zaman ona günəş gülüşü qonduran qəhrəmanını çox uzaqlara aparır. Onun zərif qəhrəmanı kəpənək ömrü yaşayır. “Günəş kimi gülürsən” deyən səs səmalara qalxıb ulduza çevrilir. Ona günəş deyib özü ulduza dönür. Bu qəribə təsadüfdə bir cavab gizlənir, bəlkə də. Ayla günəş də bəzən bir-birinə qovuşur. Günəş və ulduzlar isə bir olsalar da, səma onları ayırır. Amma onlar həmişə gülümsəyirlər. Biri səhərləri, biri gecələri aydınılatmaq üçün. Yalnız dünya üçün yox, uzaq olsalar da, bir-birinin gülüşünü duyub xoşbəxt olmaq üçün…



