Tarix

Səfəvi imperiyasının əhli-sünnə məzhəbli dövlət xadimləri

Səfəvi sarayında yaşamış polyak əsilli yezuit və səyyah Judasz Tadeusz Krusinski “İran səyahətnaməsi” adlı əsərində Səfəvi dövləti və dövlətin süqutu dövrü haqqında məlumatlar verir. O xüsusilə Səfəvi imperiyasında sünni məzhəbli bəzi dövlət xadimlərinin mövcudluğu və Səfəvilərin Qafqazdakı sünni əhalini xristian hücumlarından qorumaq məqsədilə onlara maliyyə yardımı göndərməsi barədə geniş qeydlər təqdim edir.

Krusinski Səfəvi sarayında olduğu müddətdə sünni məzhəbli baş vəzirin söhbətlərində iştirak etmiş və bu görüşlər zamanı topladığı məlumatları öz əsərində qeyd etmişdir. Onun yazdıqları həmin dövrün siyasi və dini münasibətlərini anlamaq baxımından mühüm mənbələrdən hesab olunur.

Səfəvi imperiyasının sünni məzhəbli dövlət xadimlərinin bəziləri:

Fətəli xan Dağıstani – Səfəvi dövlətinin Etimadüd-dövləsi (Dövlətin etimadı), yəni baş vəziri;

Qeyd: “Etimadüd-dövlə” Səfəvi dövlətinin ən üstün vəzifəsi idi, ordu və saray Səfəvi hökmdarından sonra birbaşa Etimadüd-dövləyə, yəni baş vəzirə bağlı idi.

Səfi xan Ləzgi – Çuxursəəd (İrəvan) bəylərbəyi;

Lütfəli xan Dağıstani – Səfəvi ordusunun baş komandanı və fars bəylərbəyi;

Aslan xan Dağıstani – Kuhgiluyə və Astarabad bəylərbəyi;

Həsənəli xan Dağıstani – Şirvan bəylərbəyi;

Məhəmmədəli xan – Səfəvi ordusunun baş komandanı və Çuxursəəd bəylərbəyi;

Məhəmməd xan – Herat bəylərbəyi.

Polyak Krusinski “İran səyahətnaməsi” kitabında Səfəvi dövlətinin sünni məzhəbli baş vəziri Fətəli xan Dağıstani haqqında yazır: “Etimadüddövlə”nin (Fətəli xan Dağıstaninin) məktubları şahın yazı və fərmanlarından daha təsirlidir. Etimadüd-dövlə (Fətəli xan) ləzgi olub, sünni müsəlmandır və ləzgilər üzərində xüsusi imtiyaz sahibidir. Şirvan və İrəvan qalasına qədər olan yerlər qardaşıoğlunun (Həsənəli xan Dağıstaninin) ixtiyarında olduğundan bu yerlərin işğal olunmamasına dair (sünnilərə) məktub yazmışdır. …Etimadüd-dövlə (Fətəli xan Dağıstani) şahın sadiq xidmətçisi və dövlətin xeyrini düşünən bütün işlərində şərəfli yetkin bir insan idi”.

Polyak səyyah Judasz Tadeusz Krusinski Səfəvi sarayında olduğu dövrdə Fətəli xan Dağıstaninin saraydakı toplantılarında iştirak etmişdir. Xüsusilə Fətəli xanın Səfəvi dövlətinin Qafqazdakı sünni əhalini xristian hücumlarından qorumaq məqsədilə onlara maliyyə yardımı göndərməsi ilə bağlı söylədikləri barədə qeydlər təqdim edir. Qeydlərə əsasən, məclisdə Fətəli xan Dağıstani aşağıdakı fikirləri söyləyir:

“Mənim Ləzgi əsilli və sünni olduğum cümləsinə gəlincə, Şah (Səfəvi) dövlətindəki sünni əhali sadiq və öz işləri güclərindədirlər və heç kim onlar haqqında mənfi bir şey eşitməmişdir. Mən Etimadüd-dövlə olanda ləzgiləri üsyanda gördüm. Ləzgilər İranda yaşadıqları Əlburz kimi dağlıq bölgədə, atalarınız (Səfəvi hökmdarları) zamanında onların zəbti (nəzarət altına almaq) gah çətinliklə, gah da könüllərini xoş tutaraq əldə edilirdi. Tədbir olaraq bu bölgədə bir neçə min döyüşçü əsgər saxlanılır, bundan başqa Şah Abbas xəzinədən ildə 1700 tümən axçanı (10000 pulu) onlara öz məmləkətlərini qorumaları və lazım olduqda müharibələrdə bizə (Səfəvi dövlətinə) yardıma hazır tutulmaları üçün vermişdir. Bölgədəki qarışıq vəziyyətdən istifadə edilərək və Rus təhlükəsi diqqətə alınaraq Ləzgilər yatışdırılmış, Gürcüstan valisi Vaxtan ilə Şahın dostlarına qılınc çəkməmək şərti ilə razılaşılmış və Şah Abbasın qanununa uyğun olaraq 94 qəbilə (ləzgi) rəisi Novruzda Tehrana gəlib maaşlarını istəyib birlik/ittifaq olduqlarını ifadə etmişdilər”.

Krusinski kitabında Fətəli xan Dağıstaninin qardaşı oğlu, Səfəvi ordusunun baş komandanı və fars bəylərbəyi Lütfəli xan Dağıstani haqqında da məlumat verir. Krusinskinin yazdığına görə, Lütfəli xan sünni məzhəbli olsa da, sünni Hotaki dövlətinə qarşı döyüşmüş və ömrünün sonuna qədər Səfəvi dövlətinə sadiq qalmışdır.

Lakin bəzi xainlərin xəyanəti nəticəsində o əsir alınaraq əfqanlara təhvil verilmiş və Mir Mahmud Hotaki tərəfindən amansız şəkildə öldürülmüşdür. Polyak səyyah Krusinski onun ölümü haqqında kitabında belə yazır: “İsfahan əfqanlar tərəfindən işğal edilən zaman Mir Mahmud Lütfəli xanın şah (Şah Sultan Hüseyn) və dövlət adamlarından incindiyini anlayıb (Mir Mahmud Lütfəli xanın) əfqanlara xidmət edəcəyini düşünərək ona şəfqət və ehtiram göstərdi. Lakin Lütfəli xan buna əhəmiyyət verməyərək, iranlılara (Səfəvi dövlətinə) meyl edərək (2-ci) Şah Təhmasibin yanına qaçdı. Bəzi (xain və satılmış) iranlılar isə əfqanlara öz səmimiyyət və məhəbbətlərini bildirmiş və Mir Mahmuda xidmət etmək məqsədilə Lütfəli xanı Bəni-İsfahanda saxlayıb Mir Mahmudun yanına gətirdilər. Mir Mahmudun ona (Lütfəli xana) yazığı gəlmir və onun bədəninin iki yerə bölünməsini əmrini verir. Lütfəli xanın hər tikəsini bir yola asdılar. Onun (Lütfəli xan Dağıstaninin) iki oğlu Şah Təhmasibin xidmətində olmuşdur”.

Səfəvi dövləti rəsmi olaraq şiə məzhəbini qəbul etsə də, dövlət idarəçiliyində sünni məzhəbli şəxslərə də yüksək vəzifələr verilirdi. Hətta bu sünni əhali xristian işğalçıların hücumlarından qorunur, onlara siyasi və maddi dəstək göstərilirdi. Bu isə Səfəvi hakimiyyətinin dövlət maraqlarını və siyasi sabitliyi məzhəb fərqindən üstün tutduğunu göstərən mühüm nümunələrdən biridir.

Mənbə: Judasz Tadeusz Krusinski’nin İran Seyahatnamesi, Nahide Şimşir, s. 81, 84, 86. “Post Yayınevi”, 2.baskı.

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı Vahid İbayev