Ədəbiyyat Xəbərlər

İmza günü

Əli Rzazadə
AYB-nin üzvü, şərqşünas-pedaqoq

hekayə

Saat 08:00, şəhər mərkəzinə gedən sürət qatarındayam. Üzümü şüşə pəncərəyə söykəmişəm, məndən əvvəl kimin üzünü ora dayadığını vecimə almıram. Artıq mikrob və bakteriyaların hesabını aparmaq vasvasalığını birdəfəlik buraxmışam.

Ağladım, güldüm, gəzdim, qaçdım, yoruldum… amma məyusluq hissim hələ də davam edir. Bilirəm, bu, uşaqcasına bir hissdir.

Amma bəzi duyğular ağıla, məntiqə, başa düşməyə çalışmaq cəhdlərinə tabe olmur. Hətta anlayış göstərib bəhanələr tapsaq, böyüklərin gözü ilə vəziyyətə baxsaq da, gözlərimiz hələ də istədiyini ala bilmədiyi üçün var gücü ilə yeri təpikləyən, ruhunun dərinliyindən səmimi şəkildə qışqıran qəzəbli bir uşağın gözləri olaraq qalır.

Mənə deyiblər ki, yazmaq qəzəbi boşaltmağa, böyük görünən məsələləri kiçiltməyə kömək edir – halbuki onlar, əslində, o qədər də böyük deyillər.

Sən qəzəbli və məyussan, sinəndə alovlar yanır və nə edəcəyini bilmirsən. Bu vəziyyətdə yazmaq ən təmiz çıxış yoludur; hiss etdiklərini kağıza tök. Sözləri seçmək məcburiyyətində deyilsən, sadəcə içindəki duyğunu burax.

Bəzən yalnız “yazmaq” kifayətdir – sanki ürəyindəki o yanğı bir az soyuyur, ağlın sakitləşir. Sonra bir neçə dəfə dərin nəfəs alırsan, bəlkə, kiçik bir gəzintiyə çıxırsan… və birdən düşünmək üçün yer yaranır.

İçimdə o qədər şey vardı ki, hamısını qalın eynəkli o yazarın bilməsini istəyirdim, lakin eyni zamanda onun bunları bilməsindən qorxurdum. O yazıçı üçün mən minlərlə oxucusu arasında itib batan adsız bir rəqəməm; o sakit, duru dənizi xatırladan təbəssümü ilə imza paylayarkən, öz növbəsini sükutla gözləyən kölgələrdən biriyəm. Satış siyahısında sadəcə bir vahid, kitab rəflərində isə boş qalan bir kitab yeri kimiyəm. O mənim varlığımdan heç vaxt xəbər tutmayacaq, mən isə onun imzasındakı mürəkkəb qədər yaxın, lakin bir o qədər uzaq qalacağam.

Amma mənim üçün hər şey tamam başqa cürdür. Mən ötəri deyiləm, adi deyiləm, sadəcə bir rəqəm də deyiləm. Məsələ bundan qat-qat dərindir, qaranlıq, dərin… Amma bunu kim biləcək? Xüsusilə o gün baş verənlərdən sonra… hər şey bir səs-küy kimi qulağımda əks-səda verir.

Bir il əvvəlki o səhəri xatırlayıram. Böyük həyəcanla yuxudan oyanmışdım, çünki çoxdan gözlədiyim görüş günü vəd olunan gün idi. Ondan dörd il əvvəl o yazarın kitabları ilə tanış olmuş, onu oxumağa başlamışdım və elə olmuşdu ki, o adamın əsirinə və əsərinə çevrilmişdim. O mənim haqqımda, ürəyimdə gizlənən, başımda dolanan ən incə hissləri necə bu qədər dəqiq ifadə etməyi bacarırdı, bunu haradan bilirdi?

Etiraf edim ki, buna qədər heç oxucu deyildim, mədəni tədbirlərdə iştirak etmirdim. Ta ki kağız üzərində o adamla rastlaşana qədər. Və ilk fürsətdə onunla görüşməyə getməyə qərar verdim:

“Axmaqsan”.

Güzgünün qarşısında dayanıb bu sözləri özümə dedim. Sonra gördüm ki, özüm cavab verirəm:

“Niyə?”

“Nəyi gözləyirsən? Nə istəyirsən? Niyə gedirsən?.. Ümumiyyətlə, belə bir ziyarətdən nə gözləyirsən, ay bədbəxt?”

“Bilmirəm… Sadəcə ora getmək istəyirəm… Onu yaxından görmək istəyirəm”.

O səhər qalın qış paltarlarımı geyindim. Onun imza günü kitab sərgisində keçirilirdi və həyatımda ilk dəfə idi ki, kitab sərgisinə gedirdim. Buna görə də həyəcanım ikiqat idi.

Sıx avtobusda dayanıb, ayaqlarımı bir-birinə dəyişə-dəyişə nəhayət ora çatdım. Avtobusdan düşüb qarşımdakı geniş kitab mənzərəsini görəndə elə hiss etdim ki, sanki aid olduğum bir yerə gəlmişəm. Sərgiyə daxil olanda girişdə onun şəkli və kitablarının təsviri ilə bəzədilmiş uzun bannerin qarşısında dayanarkən ürəyim sanki sinəmdən çıxacaq qədər sürətlə döyünürdü.

İçəri daxil olmağa uzun müddət cəsarət tapa bilmədim. Sol cibimdə bir məktub vardı. Bilirdim ki, onu özünə verməyəcəyəm. Amma həyatımda ilk dəfə yazdığım həmin məktubu niyə özümlə gətirdiyimi özüm də anlaya bilmirdim.

Hər şey çox qarışıq, bir o qədər də qorxulu idi. İllərlə görməyi arzuladığım o adamdan yalnız bir neçə metr aralıdaydım. İrəli gedim, yoxsa geri dönüm – tərəddüd içində idim.

Sevgim də, hörmətim də sözlərin ölçüsünü aşırdı. Amma hər kəs buna layiq deyildi. Ürəyimdə bəslədiyim o saf hissi qorumağa çalışırdım; qorxurdum ki, hər hansı yersiz addım, bir anlıq laqeydlik və ya münasibətin böyüklüyünə yaraşmayan bir davranış onu zədələyə bilər.

Az qala ağlayacaqdım. Ayaqlarım yerə mıxlanmışdı. Ağlım qərar verməyə kömək etmirdi – irəli gedim, yoxsa geri qayıdım… Amma ürəyimdəki həsrət qorxudan böyük idi. Beləliklə, irəli addım atdım.

İçəri daxil olan kimi həyəcan məni bürüdü: bunlar kimlərdir, ilahi?!

İzdihamın arasında dayanıb ona heyranlıqla baxırdım. O gün ilk dəfə anladım ki, ona valeh olan tək mən deyiləm, onu tanıyan tək mən deyiləm, imza gününə çatmaq üçün tələsən tək mən də deyiləm. Üzlərdəki o həvəsi görəndə bir addım geri çəkildim – deməli, tək deyiləm!

Haradan ağlıma gəlmişdi ki, yalnız mən onun yazdıqlarını oxuyuram, yalnız mən öz dünyamı qurub onu zənginləşdirirəm, tamamilə təkəm – elə gerçək həyatda olduğu kimi?!

Bu fikri ürəyimin dərinliyinə gömüb növbədə səssizcə dayanaraq onunla üz-üzə gələcəyim anı gözlədim. Nəhayət, qarşılaşdıq və o məni elə bir səmimiyyətlə qarşıladı ki, sanki illərdir tanış idik – baxışlarında doğmalıq, üzündə isə mehriban və yazara xas zərif bir təbəssüm vardı. Hətta birlikdə şəkil çəkdirmək təklifimi də rədd etmədi – məni və onu bir araya gətirən bir şəkili. Ona demək istədim ki, inan mənə, bundan əvvəl heç bir yazarla şəkil çəkdirməmişdim. Bu dünyada heç kim məni “bizim” bir şəkilimizin olmasına həvəsləndirməmişdi.

Qısa vaxtım bitdi. İmzanı, şəkli və təbəssümü aldım, növbə digərininki oldu. Amma mən onlar kimi çıxıb getmədim. Uzaqda, zalın bir tərəfində oturdum, qapıya baxır, çıxacağı anı gözləyirdim.

Nəhayət çıxdı… amma tək deyildi. Xanımının qoluna girmişdi. Bir addım da geri çəkildim, maşınların arasında gizləndim ki, məni görməsin. Bilirdim ki, bu axmaqlıqdır – əgər məni görsəydi də, tanımazdı, simamı yadda saxlamamış olardı. Doğrusu, niyə gizləndiyimi özüm də bilmirəm… bəlkə, yalnız özüm üçün.

Onları birlikdə getdikləri zaman gördüm: çiyninə toxunurdu, tədbirin uğurundan sevinərək əlini öpürdü, sonra birlikdə maşına minib oradan uzaqlaşdılar. Mən onları gözdən itənədək izlədim.

Amma mən tək qaldım – Mən və böyük bir kədər yükü, qısqanclıq hissi ruhumda sıxıntıyla birlikdə. Kənarda oturub maşının uzaqlaşmasını izlədim, içimdə güclü bir ağlamaq arzusu var idi:

“Deməli, sən düşündüyüm kimi, yalnız mənim yazarım deyilsən”.