Xəbərlər

Əli Kərimdən Şeirlər

Bakı küləyi

Demirəm hər zaman gəz bu diyarı,
Sındır budaqları, əy budaqları.

Bəzən də sakit əs, su kimi durul,
Gəlib dalğa-dalğa tökül qoynuma.
Gah da mənə çatıb havada burul,
Burula-burula dolan boynuma.

Amma ürəyimdə bir sözüm də var,
Sən ey soyuq xəzri, isti gilavar!
Gəlsə yuxu kimi bu həyat sənə,
Min bir mübarizə xatırlat mənə.

O güclü dalğalar, o gur dalğalar
Qəfil yerimdən də qoparsın məni.
Gurlasın o ki var, coşsun o ki var,
Yüyürdə-yüyürdə aparsın məni.

Gurla, var gücünlə gurla, ey külək,
Saçımı da dağıt, sinəmdən də bas!
Mən də cavab verim, mənə qulaq as:
Gəl bir də toqquşub döş-döşə gələk!

Görsən tufansızam, görsən rahatam,
Qoyma xumarlanıb evdə də yatam.
Ey Bakı küləyi, səhərə kimi
Sındır pəncərəmi döy pəncərəmi!..

Fəhlələr

Fəhlələr yol ayrıcında
görüşdülər;
Sevindilər yamanca…
Sonra hərəsi bir tərəfə
necə gəldi:
Böyrü üstə,
Beli üstə
Töklüşdülər otlu yamaca.
Sorğu-sual etmədilər:
Hardansan?
Kimsən?
Atanın adı?
Fəhlələydilər;
Bu tanıdı,
O tanıdı.
Kimin nəyi vardı, çıxardı:
çörək, kartof, yumurta,
üzürxahsiz təbəssüm,
bir də başından
içilmiş çaxırdı.
Ötürüb boğazdan aşağı,
Tərif demədilər
Bəzilərimiz kimi boğazdan
yuxarı?
Yedilər ləzzətlə –
Baxmadılar bişmişinə, çiyinə.
Hərdən qüvvətli əl qondu
Dünyanın dayağı bir çiyninə.
Söhbətlərində bir iz yoxdu
Nə “sən, sən”dən,
Nə “mən, mən”dən.
Sonra bir-birilərinə
Neft iyi verən “Pamir” uzatdılar,
Xahişsiz,
Sözsüz,
Sümürdülər ləzzətlə
Tüstünü,
Neft iyini,
Dincliyi.
Bir də lal dostluğun ətrini.
Ayrıldılar.
Demə ayrı oldular.
Nə onlar qışqırıqçıydı,
(Nə də çəkdim mən zilə),
Sakit-sakit addımladılar
Dünya boyda
Səmimiyyət adlı bir mənzilə.