Xəbərlər

Birinci Türkoloji Qurultayda türklər üçün ədəbi dil məsələləri

Mayın 1-i görkəmli türkoloq alim, Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin doğum günüdür.  Bu münasibətlə akademikin “Füyuzat” jurnalında dərc olunmuş məqaləsini oxucularımıza təqdim edirik:

Qurultayın ən səs-küylü, ətrafında ən qızğın mübahisə gedən məsələsi əlifba mövzusu idi. Əlifbanın müzakirəsi beş iclası (9–13) əhatə edirdi. Əslində, rəsmi Moskvanın bu qurultayı təşkil etməsi türk xalqlarını əzizləməsindən irəli gəlmirdi; recim bir tərəfdən türklərin bir-biri ilə ünsiyyətini kəsmək, digər tərəfdən onları öz qədim, dolğun tarixlərindən məlumatsızlaşdırmaq istəyirdi. Bunun üçün isə min ildən çox işlətdiyi əlifbasını türklərin əlindən almaq yetərli idi. Türkün böyük, şərəfli tarixi bu əlifba ilə yazılmışdı. “Elmi terminologiyanın sistemi haqqında” məruzəsində Bəkir Çobanzadənin təbirincə desək, “Asiya tarixinin ən mühüm, ən uca dövrləri – monqollar, hunlar, teymurilər dövrü və ya İslamın yayılma dövrü” bu əlifba ilə yazılmışdı. Gələcək türk nəsilləri öz babalarının bu şanlı tarixini oxuya bilməyəcək, kimin övladları olduqlarından xəbərsiz qalacaq və tarixinin 1920-ci illərdən başlandığını sanacaqlar. Bununla da türklər özlərini “böyük rus tarixinin” qarşısında yazıq hesab edəcəkdilər. Hələ də bəd niyyətini pərdələmək üçün “slavyan çirkabını” (F.Engels) gizlədən Moskva riyakar siyasi biclik işlədərək, “Oktyabr inqilabında” imperiya xalqlarına verdiyi hörmət vədini “saxlayaraq” kiril-filan təklif eləmədən türkə tarixi əlifbasının yerinə müasir Avropanın və dünyanın ən böyük işlənmə coğrafiyasına malik latın əlifbasını təqdim etdi. Beləliklə, rus hökumət dairələrinin türkün taleyinə hazırladığı dramın səhnəarxası faciə məzmunundan qurultay nümayəndələri xəbərsiz idilər. Hətta qurultayın Moskva təşkilatçısı professor A.N.Samoyloviç də, nəhəng şərqşünas, “Dədə Qorqud kitabı”nın rus dilində gözəl tərcüməçisi V.V.Bartold da bu səhnəarxası qurğu haqqında heç nə bilmirdilər, latın əlifbasına keçməyi, sadəcə, mədəni hadisə sayırdılar.

Türklər üçün ədəbi dil məsələsi qurultayın 14-cü iclasında – Türkiyənin və o dövr şərqşünaslığının böyük ədəbiyyatşünası professor Mehmet Fuad Köprülüzadənin “Türk xalqlarında ədəbi dilin inkişafı” adlı məruzəsinin müzakirəsi ətrafında gedən çıxışlarda qaldırıldı. Adından da göründüyü kimi, məruzədə söhbət türk ədəbi dilinin keçmişindən, tarixin hansı dərinliyində bu ədəbi dilin fəaliyyətə başlamasından, bu dildə hansı və necə ədəbi-bədii və elmi əsərlərin yaradılmasından gedir. F.Köprülüzadə qədim və yüksək mədəni tərəqqi faktı kimi türk xalqlarının mükəmməl ədəbi dil sahibi olmalarından söhbət açır, hələ İslama qədər türk dilinin bir sıra ləhcələrə ayrılmış olduğundan danışır. İslamdan əvvəlki tarixdə türklərin müxtəlif əlifbalardan istifadə etmələri haqqında məlumat verir və bu əlifbalardan birini – Orxon əlifbasını məhz türklərin özünün yaratdığını vurğulayır. Əlifba yaratmaq mədəniyyət faktıdır və ədəbi dilin var olması deməkdir. F.Köprülüzadə hesab edir ki, bu əlifbanı işlədən ləhcələrdən bəziləri ədəbi dillər sayıla bilərdi. Əslində, burada şərt qoymağa – “sayıla bilərdi” deməyə ehtiyac yoxdur. Çünki əlifba ədəbi dilin yazı ehtiyacını ödəmək üçün yaradılır və bilavasitə ədəbi dilin tələbi ilə gerçəkləşir. Yəni yazısı olan hər bir dil və ya ləhcə ədəbi nitq təşkilatı deməkdir. İllərlə apardığı tədqiqatın nəticəsi olaraq F.Köprülüzadə türk dilində Sasanilər dövrünə (V əsr) gedib çıxan əsərlərin olduğunu söyləyir. Dünya mədəniyyətinə hələ XIX əsrdən məlumdur ki, məhz öz əlifbası ilə yazılmış Orxon abidələrinin kamil dili timsalında VIII əsrdə türkün mükəmməl ədəbi dili vardı. Bu, kifayət qədər inkişaf etmiş ədəbi dildir. Bu, Altaydan Dunaya qədər uzanan möhtəşəm imperiyanın dövlət dilidir. Şübhəsiz, bu ucsuz-bucaqsız coğrafiyada az-çox özünəməxsus məhəlli əlamətlər qazanmış müxtəlif ləhcələr də olmalıydı. Bu nəhəng türk imperiyasının qövmləri, əşirətləri olmaq etibarilə yerli türklərin yerli ədəbi ləhcələri də imperiya ədəbi-dövlət dilinin tərkib hissələridir və təbii ki, yerli ədəbi təzahürlərdə əsas leksik, qrammatik norma imperiya – dövlət ədəbi dilinə məxsusdur.

F.Köprülüzadə M.Kaşğariyə əsaslanaraq göstərir ki, artıq XI əsrdə morfologiya, fonetika və semantikası (yəni leksikası) ilə fərqlənən iki türk ədəbi ləhcəsi var idi: xaqaniyə və ya, sadəcə, türk ləhcəsi (türki) adlanan Şərq ədəbi türkcəsi; Oğuz ədəbi ləhcəsindən ibarət Qərb ədəbi türkcəsi. Bu, sadəcə, mülahizə deyil, türk yazılı abidələrinin dilinə əsaslanan təmiz faktdır. Artıq VII əsrdə Qərb-Oğuz ədəbi ləhcəsinin “Dədə Qorqud kitabı” kimi mükəmməl bir abidəsi vardı. Fonetika, morfologiya  və leksikasına görə bu abidə hətta 85–90 faiz bugünkü Azərbaycan və Türkiyə türkcələrinə uyğun gəlir. Bugünkü milli ədəbi dillərin VII əsrdəki abidənin dilinə bu dərəcədə yaxınlığının nə demək olduğunu hər kəs təsəvvür edər. Dünya mədəniyyəti heç bir milli dilin tarixində belə fakt aşkar etməyib (bu təcrübə ancaq müasir ərəb dili ilə “Quran”ın dili arasında görünür). Eləcə də Şərq-xaqaniyə ləhcəsində “Qutadğu bilig”, M.Kaşğari “Divan”ındakı bədii nümunələr kimi fonetika, morfologiya və leksik semantikası ilə oturuşmuş kamil türkcə mövcud idi. Şərq türkcəsində “kağan” fonetikası işlənəndə Qərb türkcəsində “xaqan” deyilirdi.

Məruzəçi deyirdi ki, bu türkcə ləhcələrdə ərəb və fars dillərində yazılmış nümunələrə dil mükəmməlliyinə görə bir zərrə güzəştə getməyən minlərlə ədəbi-bədii və elmi əsər yaradılmışdır.

F.Köprülüzadə məruzəsində xüsusi vurğulamır ki, bu gün türklər üçün vahid ədəbi dil yaratmaq lazımdır. Ancaq məruzəsinin adı hay-küysüz, qışqırıqsız öz məzmununu elan edir: “Türk xalqlarında ədəbi dilin inkişafı” deyilir, “Türk xalqlarında ədəbi dillərin inkişafı” deyilmir. Deməli: hər türk xalqı xüsusi ədəbi dil işlətmir, bütün xalqlara bir ədəbi dil xidmət göstərir. Hamı bu örtülü, bir növ Ezop dili ilə deyilmiş mətləbi məruzənin adından oxuyub qavraya bildi və hər kəs öz hesabını götürdü. Bundan əvvəl isə B.Çobanzadə “Türk dillərinin yaxın qohumluğu” adlı məruzəsində bu mətləb üçün bir hazırlıq işi görmüşdü. Əvvələn o da məruzəsinin adı ilə çox söz deyirdi: “türk dillərinin yaxınlığı başqa dil ailələrindəki qohumluğa bənzəməz”. O biri tərəfdən M.Kaşğaridən gətirdiyi fikirlə bu dil ailəsinin üzvləri arasındakı yaxınlığın çox qədimlərə getdiyini əyani göstərmişdi və beləliklə, F.Köprülüzadənin türk xalqlarının tarixində bir ədəbi dilin inkişafından danışması havadan asılı görünmürdü. M.Kaşğarinin sözü budur: “Türk ləhcələrində leksikanın bünövrəsi birdir. Orada fərqlər yoxdur. Əgər varsa, yalnız müxtəlif hərflərdə (səslərdə) və onların dəyişmələrindədir” (“Stenoqram”, səh. 103).

Türklər üçün ümumi ədəbi dil mübahisəsində vahid ədəbi dil tərəfdarlarının əsas söykənəcəklərindən biri bugünkü türklərin bir-birini anlaması faktı idi. B.Çobanzadənin məruzəsində bu məsələ canlı faktlarla özünəməxsus şəkildə cavablanmışdı və burada çox ibrətli məqamlar vardı. Tarixən müxtəlif qütblərdən – şimaldan və cənubdan, şərqdən və qərbdən olan türklər o qədər yaxınlaşmışlar ki, sonda bir-birinə qarışmışlar; bəzən də coğrafi cəhətdən çox-çox uzaqlara düşmüşlər və nəticədə öz yeni qonşuları ilə anlaşma üçün qarşılıqlı şivə-ləhcə mübadilələri etmişlər ki, bununla da bir qrupdan olan dillər kimi görünmüşlər. Beləliklə, bu yaxınlaşmaların izləri uzaqlaşmalar zamanı itmir və buna görə də aralarında anlaşma faktoru qüvvədə qalır. B.Çobanzadənin məruzəsindən bir parçaya diqqət yetirək: “İstənilən türk diyarının, məsələn, Orta Asiya, Krım, Qafqaz, ya Volqaboyunun xəritəsini götürsək, oradakı  kənd, dağ və çay adlarına diqqət yetirsək, görərik ki, bu adlar həm şərq, həm də qərb türk ləhcələrində və hətta monqollarda belə var. Lap kiçik bir əyaləti, məsələn, Krımı götürək. Buranın tarixi dilçilik baxımından göstərir ki, krımlılar həm şərq, həm də qərb türkcələri qrupundan çox şey mənimsəyiblər. Buyurun, belə kiçik bir diyarda siz elə kənd və ərazi adları eşidə bilərsiniz ki, onları həm şərq, həm şimal, həm də cənub türklərinin ləhcələrinə aid etmək olar. Biz Krım yarımadasında əhalisinin sayı on beş mini ötməyən kiçik bir rayonun dilini tədqiq etdik… Müəyyənləşdirdik ki, bu rayonun dili Krımın başqa rayonlarının dilindən bir qədər fərqlənir və biz burada müxtəlif ləhcələrin təsirini və qalıqlarını gördük” (“Stenoqram”, səh. 104).

Türklərin tarixən yaxınlığı haqqında M.Kaşğariyə əsaslanıb danışan B.Çobanzadə müasir anlaşma ilə də bağlı maraqlı danışıq faktlarına istinad edir. Əslən krımlı olan B.Çobanzadə Krım ləhcəsində maraqlı danışıq təzahürləri ilə qarşılaşır. Onun Krım ləhcəsi üzərində apardığı müşahidələr göstərmişdir ki, əhalisi türklərdən ibarət müxtəlif kəndlərdə, hətta ayrı-ayrı ailələrdə dil və ləhcə bütövlüyünə rast gəlmək olmur. Onların nitqində həm şimal və cənub, həm də şərq və qərb türk ləhcələrinin xüsusiyyətləri özünü göstərir. Buna görə də Krım türkü həm başqırd ləhcəsini, həm özbək, həm qazan, həm də Anadolu ləhcələrini başa düşür. B.Çobanzadənin tədqiqatları aşkar etmişdir ki, Orta Asiyada da eyni vəziyyət hakimdir. Orada da qazaxların, özbəklərin, türkmənlərin və başqalarının dillərində ləhcə qarışmaları geniş yayılmışdır. Bu da oradan qaynaqlanır ki, tarixən həm şimal, həm cənub, həm şərq, həm də qərb türkcələri bir imperiyanın içində işlənmişdir. Təbii ki, eyni dövlətin diyarları arasında sıx iqtisadi-ticarət əlaqələri olmuşdur və deməli, türkcələr özləri bir-biri ilə gündəlik və tarixi ünsiyyətdə olmuşlar. Bu, İslamaqədərki tarixdə də olub, İslam dövründə də; məsələn, monqol yürüşləri, Səlcuqlar, Teymurilər, Osmanlı imperiyası zamanlarında da bu proses getmişdir. Türklərin islamlaşması ilə bu ünsiyyət xüsusilə yenidən genişlənmişdir. Yenə B.Çobanzadənin qurultaydakı başqa məruzəsində (“Elmi terminologiyanın sistemi haqqında”) deyildiyi kimi, türkcələrdəki anlaşmanın səbəblərindən biri ərəb və fars leksik mənimsəmələri olmuşdur. Minlərlə yox, on minlərlə belə müştərək sözlər, əlbəttə, anlaşma üçün böyük materiallardır (indi bunları kütləvi şəkildə Avropa sözləri ilə əvəz edən anadolulular anlaşmanı necə də pozurlar!). Bir sözlə, müxtəlif coğrafiyaların türkləri – bir-birindən uzaqda yaşayan insanlar bir-birini başa düşürlər. Bununla da belə çıxır ki, bir ədəbi dil, bir ədəbi ləhcə bütün türk xalqlarına xidmət göstərə bilər. Göründüyü kimi, bu, əsaslandırılmış elmi qənaətdir, güclü məntiqə arxalanır, heç bir şübhəyə yer qalmır. Bu sözün müəllifi dövrün və əsrin böyük dilçisidir.

Beləliklə, F.Köprülüzadənin məruzəsinə qədər ümumi ədəbi dil söhbəti üçün zəmin hazırlanmışdı və F.Köprülüzadənin məruzəsi ətrafında çıxışlarda ümumi türk ədəbi dili ideyası müzakirə olunmağa başlandı.

Müzakirədə iki tərəf oldu. Əksəriyyət bu qənaətdə idi ki, türklər üçün ümumi ədəbi dil yaratmaq mümkündür, həm də asanlıqla başa gələn hadisədir. Etiraz edən tərəf azlıq təşkil edirdi. F.Köprülüzadədən sonra birbaşa əks tərəfə söz verildi. Tatar nümayəndəsi Neymət Xakimov əlavə, alternativ məruzə ilə çıxış etdi, onun ardınca başqırd X.Qabitov nitq söylədi və Neymət Xakimovun mövqeyində durdu. Türkmən Bekki Berdiyev heç bir girişsiz, müqəddiməsiz N.Xakimovun məruzəsinin tənqidinə başladı. B.Berdiyev konkret danışdı, dil məntiqinə əsaslandı. Türkmən dialektləri, şivələri ilə ədəbi türkməncənin münasibətini ümumiləşdirdi. Natiq göstərdi ki, türkmən ləhcəsinin (“ləhcə” dil mənasında işlənir) şivələri bir-birindən və ədəbi türkməncədən xeyli fərqlənir. Məntiqli sual verir: “Bu deməkdirmi ki, ayrı-ayrı dialektləri və səyləri varsa, onda bütöv türkmən ləhcəsi (dili) yoxdur?”. Əlbəttə, bu suala “hə” demək olmaz. O halda analoci paraleli davam etdirərək deməlisən ki, yerli türk ləhcələri arasındakı fərqlər ortaq türk dili faktını rədd etmir. Türkmən dilçisi öz şəxsi müşahidəsinə söykənərək dedi ki, o, tatar və başqırd dillərini xüsusi olaraq öyrənməyib, ancaq N.Xakimov və X.Qabitovun çıxışlarını, nə dediklərini başa düşüb (N.Xakimov Qazan tatarcasında, X.Qabitov başqırd ləhcəsində danışmışdı). Ona görə də inamla dedi ki: “Göründüyü kimi, bir-birimizi anlamağa imkan verən kifayət qədər leksik material var” (“Stenoqram”, səh. 326)

Bu da maraqlıdır ki, natiq məsələni özbaşına buraxmamağı, prosesə şüurlu münasibət göstərməyi, işə məqsədli müdaxiləni məsləhət görür: yerli ləhcələrin xüsusiyyətləri ədəbi dilə uyğunlaşdırılmalıdır; deməli, ədəbi dil yerli ləhcəyə yox (halbuki belə olsa, daha demokratik yanaşma olardı, proses təbii məcrada gedərdi), yerli ləhcə ədəbi dilə güzəştə getməlidir, yerli ünsiyyət də vərdiş olunmuş materialdan müəyyən qədər imtina etməlidir. Təbii ki, bu da yerli ləhcə ilə ədəbi dil arasında ögey-doğmalıq intriqası yaradacaq bir işdir.

Bu çıxışların hamısının canı odur ki, türkcələr yaxındır, başa düşüləndir və asanlıqla ortaq türk dili yaratmaq olar. Məşhur füyuzatçı Həsən Səbri Ayvazov çıxışında dedi ki, Türkiyədə, Qazanda, Daşkənddə elə ziyalı yoxdur ki, Əlişir Nəvaini rahat anlamasın. Bu natiq anlaşmaya daha geniş bucaq altında yanaşır: oğuz-qıpçaq-karluq türk budaqlarının bir-birini anlaması kimi.

Xalq dili ilə ədəbi dilin münasibətlərindən danışarkən bəzən, ümumiyyətlə, ədəbi dilin yaradılmasına yanlış yanaşanlar da olurdu; məsələn, o dövrdə siniflər, proletarlar, ziyalılar, qara camaat anlayışları dəbdə idi və sosializmin diqqət mərkəzində proletariat və qara camaat durduğundan xalqın, yəni qara camaatın dili ilə ədəbi dilin varlığını belə izah edirdilər: “Ədəbi dil məhz sinfi meyillərin təsiri altında yaranıb, ziyalıların özlərini xalq kütləsindən təcrid etmək, qara camaatın başa düşməyəcəyi bir dil yaratmaq istəyi ilə meydana gəlib” (“Stenoqram”, səh. 333). Yəni bu düşüncəyə görə, ədəbi dil özlüyündə bir carqondur, semantik baxımdan xalq dilindən təcrid olunmuş hadisədir. Sosialistlər tarixdəki bütün qüsurları kapitalizmin üstünə yıxdıqlarından ədəbi dilin “qara” niyyətlə yaradılmasını da kapitalizmin faktı kimi dəyərləndirirdilər. Hətta söhbəti o yerə çatdıranlar oldu ki, “ədəbi dili hazırlayanda geniş xalq kütləsini (yəni xalqın başa düşüb-düşməməsini) nəzərə almağa ehtiyac yoxdur” (“Stenoqram”, səh. 330).

“Ədəbi dil yaradılır” düsturunu sxem kimi alanlar göstərirdilər ki, bir halda ki müxtəlif türk dillərində danışanlar, xüsusilə ziyalılar bir-birini başa düşürlər, bir halda ki ədəbi dili ziyalılar “düzəldirlər”, onda ümumi ədəbi dil yaratmaq mümkündür, hətta müasir dövrdə, SSRİ-də xalqların mədəni əlaqələrinin çoxaldığı, dəmir yollarının genişləndiyi şəraitdə bu, bir qədər də asan başa gələ bilər. Eyni zamanda qurultayın həmin tribunasından elmi dilçilik fikirləri də səslənir: “… bir halda ki dil ictimai hadisədir, bir sıra sosial-iqtisadi və sair şərtlərin birgə məhsuludur, bu dil laboratoriya yolu ilə düzəldilə bilməz. Bu və ya digər qrup dillər dairəsində müəyyən uyğunluqlar baş verirsə, bu, tarixi prosesin məhsuludur” (“Stenoqram”, səh. 330), yəni ayrı-ayrı şəxslərin və müəssisələrin iradəsindən asılı deyildir. Bir özbək xalq müəlliminin sözünü misal gətirdi ki, o deyib: “Əmrlə, süni yolla dil yaradılması ona bənzər ki, bizlərdən kim isə dekret verə ki, üzümüzə gələn qışda qar yağmasın”. Bu fikir də həmin nitqdəndir: “Əgər Nəvaini Anadolu türkləri, azərbaycanlılar və başqaları başa düşürlərsə, bu onların bildikləri ərəb-fars leksikasının ortaqlığından irəli gəlir, həm də bunu köhnə təhsil sistemi görmüş, ərəb-farsı bilənlər başa düşürlər, müasir məktəblilər başa düşməyəcəklər”. Qurultaydan sonra mübahisəni davam etdirənləri rəncidə salan da bu idi ki, həmin yüksək tribunada bu məsələ nə üçün “layiqincə” qoyulub həll edilmədi, yəni niyə ortaq dilin yaradılması üçün plan, proqram verilmədi. Qəribədir ki, belələri sosializmin “dil azadlığı” sahəsindəki işinin daxili məzmununu anlamadan ona formal – sxematik ton verir və öz xülyaları ilə məhz sosializmin imkanlarına istinad edirdilər; məsələn, “Türkcə sərf-nəhv” kitabının müəlliflərindən biri J.Əfəndizadə “Ümumi ədəbi türk dili məsələsi” məqaləsində yazırdı: “Bütün insan yığınlarının və sonra bütün insanların məfkurə və qayələrini, yaşayış və yaşama quruluşlarını birləşdirmək istəyən sosializm insanların dilcə də yaxınlaşmasını və hətta birləşməsini arzu etməklə çox təbii bir hərəkətdə bulunmuş olur. Böyləcə türklərin də bir dildə qonuşması sosializm üçün bir qayə ola bilər”. Müəllif təkcə sosioloci cəhətdən yox, həm də nəzəri dilçilik baxımından yanlış görünən belə bir müqayisə aparır: türkdilli tayfalar vaxtilə bir-birini anlamışlar, indi niyə anlamasınlar?

Başqa bir müəllif – M.Kaşğarinin “Divani-lüğətit-türk” əsərinin Azərbaycan türkcəsinə tərcüməçilərindən biri Xalid Səid Xocayev məsələni belə qoydu: “Əcnəbi (uzaq-uzaq coğrafiyalardakı türkcələri nəzərdə tutur – T.H.) türk uruğları arasında böylə bir dil yaratmaq mümkündürmü? Mümkün olduğu təqdirdə bu dil təbii bir dilmi olacaq və yaxud yapma bir şeymi olur?.. Türk dillərinin müxtəlif şivələri arasında öylə bir dil düzəltə bilərmiyiz ki, onu bütün türk uruğları anlasınlar və yaxud düzəltiləcək ədəbi dil bütün dil uruğlarına yabançı olaraq hər biri tərəfindən ayrıca ögrənməgə lüzum olacaq?”. Prinsipcə burada müəyyən bir məntiq var: yaxın türkcələrin əsasında bir ədəbi türk dilinin yaranmasını iddia edir. Yəni bütün türkcələrin bir türkcədə cəmlənməsi fikri ilə müqayisədə bu müddəa daha real görünə bilər. Beləliklə, oğuzlar üçün bir (Osmanlı dili – Türkiyə türkcəsi nəzərdə tutulur), qarluqlar üçün bir (özbək dili) və qıpçaqlar üçün bir (qazax dili) ədəbi dil olmaqla ümumi türk ədəbi dili yolunda ilk mərhələdə üç ədəbi dil formalaşdırılmasını tövsiyə edir. Müəllif fikrini belə konkretləşdirir: “… digər bir taqım ləhcələr də var; məsələn, Türküstan Çinində yaşayan türklərin ləhcələri özbəkcəyə pək yakın olduğu kibi, qırğızca, başqırdca, noğayca da qazaqcaya çok yakındır. Krım ləhcəsi qismən noğayca olduğundan qazaqcaya, qismən də Anatolu şivəsinə yaqın olduğunu xatirə gətirsək, məzkur üç ləhcəsinin müqayisəsindən sair bir taqım türk ləhcələrinin də bir-biri ilə olan münasibət və qərabəti haqqında ümumi bir fikir əldə etmək mümkün olur”. Deməli, digər tərəfdən, göründüyü kimi, bu şəxs ümumi türk ədəbi dili deyilən bir nitqi başa düşmək üçün ana dilindən əlavə, ən azı iki türk dilini bilməyi vacib sayır. Belə çıxır ki, “yaradılacaq” bu ədəbi dil nəinki geniş kütlə, hətta ali təhsillilərə də xidmət göstərə bilməz, ancaq bu, poliqlotlar üçün “yaradılır”. Hətta müəllif öz müqayisəli sərfini məhz bu niyyətlə yazdığını söyləyir: “Ümumi türk ləhcələri arasında geniş bir surətdə müqayisəli sərf yazılana qədər bu üç ləhcə arasındakı münasibəti ögrənmək ümumi ədəbi bir dil haqqında verəcəgimiz qərara (kitab türkoloji qurultaydan əvvəl çapa verilmişdir; “verəcəgimiz qərar”la ona işarə edir ki, qurultay ümumi ədəbi türk dili yaradılması haqqında qərar çıxaracaqdır – T.H.) bizi yaqınlaşdıracağına ümid ediyorum”.

Bəli, hansı yolla olursa-olsun, türklər üçün vahid bir ədəbi dil yaradılsın, türklərin hamısı bir-biri ilə rahat ünsiyyət saxlaya bilsin. Bundan gözəl nə var ki! Bu ideyanın müəllifləri və mücahidləri türklüyün böyük ideoloqları idi: İsmayıl bəy Qaspıralı, Əli bəy Turan (Hüseynzadə), Ziya Göyalp və onların müxtəlif türk məmləkətlərindəki yetirmələri. Bəs maraqlı olanı da budur ki, antitürk, şovinist sovetlər dövləti niyə bu ideyanın təbliğinə meydan verirdi?! Doğrudanmı bu imperialist dövlət imperiya daxilində böyük çoxluq təşkil edən türklərin birləşməsinə çalışırdı? Bir qədər sonra (1936) azərbaycanlıların türk dili adlanan dilini “Azərbaycan dili” edəcək bu hökumət niyə belə səxavətlə “türk” sözünə rəvac verir, türklüyə rəğbət göstərirdi? Hətta bəziləri çox vulqar şəkildə bu birləşməni kolxozlaşma ilə müqayisə edir və deyirdilər ki, təsərrüfatları birləşdirən, həyatın bütün sahələrində birlik yaradan sosializm türkləri də, türk ləhcələrini (dillərini) də birləşdirəcəkdir. İş burasındadır ki, imperiya bu birləşməni həqiqətən istəyirdi. Niyə? Çünki bu qədər dilləri bir-bir udmaq hara, bir dili udmaq hara?! İmperiya istəyirdi ki, hər türk xalqı öz ana dilini unutsun, türklərin hamısı birləşsin və rus dili asanlıqla bu bircə dənə dili udsun. Həm də imperiya xam xəyalda idi ki, öz dədə-baba dilini, öz beşik dilini unutmuş insanın daha bir başqa dili qəbul etməsində problem olmayacaqdır. İmperiya bu məsələni türklərin ərəb əlifbasından latına, ondan da kirilə keçməsi kimi təsəvvür edirdi. Ancaq bilmirdi ki, əlifba dekretlə olur, bir dildən başqasına keçmək isə özbək xalq müəlliminin dediyi kimi bir şeydir. Hətta bu imperialist ideya 25 ildən sonra (1950-ci ildə) bir də qalxacaqdı: Stalin deyəcək ki, dünyada xırda dillər birləşəcək, iri-iri zona dilləri yaranacaq, sonra bunlar da bir-birinin içində əriyib vahid dünya dili formalaşacaqdır və xam xəyal da bu idi ki, həmin vahid dünya dili rus dili olmalıdır.

Stalinin nəzərdə tutduğu dil birləşməsi, zona dili modelinin söhbəti türkoloji qurultayda da getdi. Qazax jurnalisti Türyakulov belə maraqlı söz dedi ki, Azərbaycan, Anadolu və türkmən dillərinin birləşməsi mümkündür, ancaq Özbəkistanı ora qatmaq nəzəri iddiadır. Maraqlıdır ki, o, özbək türkcəsi ilə onların o dövrdə gözlənilən tezlikdə birləşməsini əməli hadisə, real iş saymır, sadəcə, bu işin uzun bir proses olacağını deyir. “Mümkün deyil” demir, “nəzəri iddiadır” deyir: yəni bu, “prinsipcə mümkündür” deməkdir. “Nəzəri iddiadır” o deməkdir ki, nəzəri cəhətdən mümkündür. Beləliklə, natiq təklif edir ki, oğuz ləhcələri üçün bir, qıpçaq ləhcələri üçün bir, karluq üçün başqa ədəbi dil yaratmaq olar. Bu iddianın isə arxasında o məntiq dayanır ki, uzaq gələcəkdə bu üç türkcə də ortaq məxrəcə gələ bilər. Bu isə özünəməxsus şəkildə Stalinin “zona dilləri” iddiası deməkdir. Ancaq Türyakulovun fikri elmi əsasa söykənir: yaxın qohum dillər bir-birini asan anlayar, çünki bunların arasında ümumi cəhətlər daha çoxdur. Oğuzlar bir-birini, qıpçaqlar bir-birini, karluqlar bir-birini sərbəst başa düşürlərsə, danışıq dilləri yaxındırsa, təbii ki, həmin bazada ümumi ədəbi dil qurmaq olar.

Göründüyü kimi, bu fikir eynən Xalid Səidin mövqeyidir. Bu, elmi mülahizələr qurultayından əvvəl də, qurultay ərəfəsində də Azərbaycan mətbuatında söylənir və müzakirə olunurdu. Yüksək elmi kürsü kimi qurultayda da səsləndi.

Qurultayda bu məsələ ilə bağlı söylənənlərin içərisində həm elmi-məntiqi məzmunu, həm türklər üçün milli obyektiv münasibəti baxımından ən çox diqqəti çəkən türk olmayan, ancaq ürəyində türkə böyük sevgi bəsləyən professor Aleksandr Nikolayeviç Samoyloviçin çıxışı idi. A.N.Samoyloviç söylədi ki: “Ümumi türk ədəbi dili məsələsinə pessimist yanaşmalıyıq. Vaxtilə bu mövzuda bu ideyanın müəllifi İsmayıl bəylə (Qaspıralı ilə – T.H.) şəxsən üz-üzə söhbətim olub. O da bu fikirdə olduğunu söylədi ki, bürokratik yolla, əmr etməklə dərhal ümumi dil yaratmaq olmaz, bu, tarixi inkişaf prosesinin nəticəsində reallaşa bilər”. Türk dillərinə yaxşı bələd olan A.N.Samoyloviç sonra qeyd etdi ki, çuvaşca və yaqutcaları çıxmaqla qalanları ayrı-ayrı dillər yox, bir dilin dialektləri və şivələridir. Bunu böyük professional kürsüdən rəsmi elan etdi: “Başqa dil ailələri ilə müqayisədə türk dilinin dialekt və şivələri o qədər yaxındır ki, hətta slavyan və german qrupları arasında da belə yaxınlıq yoxdur” (“Stenoqram”, səh. 328). Onun şəxsi müşahidələrinə görə, təkcə ədəbi dil səviyyəsində deyil, iqtisadi və başqa amillər nəticəsində bəzi coğrafiyalarda danışıq dili və dialektlərin yaxınlaşması prosesi gedir. O, 1916-cı il Türküstan səfərində müşahidə etdiyi bir dil mənzərəsi haqqında məlumat verdi. Aydın oldu ki, o, Daşkəndin  küçələrində insanların danışığı zamanı yaşlılarla təhsil görmüş gənclərin dili arasında açıq-aşkar fərq görüb. Buradakı gənclərin dili özbək ağsaqqallarının, yaşlılarının dilindən daha çox, qazax, Azərbaycan, tatar, Anadolu gənclərinin dilinə bənzəyirmiş və gənclərin bu danışıq dili türk ədəbi dili imiş. Deməli, bu, Qaspıralı “Tərcüman”ının dili və onun təsiri ilə müxtəlif türk coğrafiyalarındakı mətbuat sayəsində, eyni zamanda həmin ideyaya xidmət göstərən məktəb təlimlərinin təsiri nəticəsində meydana çıxmışdır.

Təsəvvür edirsinizmi, çarizm şəraitində məktəblərdə ümumi türkcə dil təlim olunurmuş. A.N.Samoyloviç müşahidə etmişdi ki, tarixən bir-birinə yaxın cənub-qərb qrupundakı dillər kimi (Azərbaycan, Türkiyə türkcələri kimi), Özbəkistanda və Volqaboyunda ədəbi və danışıq dilləri arasında yaxınlaşma gedir. Bu faktı gözləri ilə gördüyü üçün deyirdi ki, ümumi ədəbi dilin hazırlanmasına pessimist baxmağa heç bir əsas yoxdur. Deməli, məktəb, mətbuat və dövlət birləşsə, bu iş baş tuta bilər. Guya sovet dövləti də bu istəkdədir deyə ona (sovet dövlətinə) dəstək verir ki, sosial hadisə kimi dilin, əlbəttə, ünsiyyət vasitəsi olaraq birləşməsi zəruri və arzuediləndir. Onun bu fikri həm türklərin, həm də həqiqətən səmimi niyyətdədirsə, dövlətin ürəyincə olmalıdır ki: “…ayrı-ayrı türk xalqlarının həm iqtisadi əlaqələrinin qüvvətləndirilməsi və təkmilləşdirilməsi (axı bunu dövlət yaratmış olur – T.H.), həm də təmas üsullarının kənardan, ayrı-ayrı şəxslər tərəfindən heç bir zor işlətmədən, yalnız öz aralarında daima artmaqda olan ədəbiyyat mübadiləsi yolu ilə yaxınlaşması nəticəsində ancaq ədəbi dilin yox, danışıq dilinin də eyniləşməsi və yaxınlaşması faktı ilə qarşılaşırıq” (“Stenoqram”, səh. 329).

Birinci Türkoloji Qurultayın gəldiyi ümumi nəticə belə idi: türklər üçün ümumi ədəbi dil yaratmaq mümkündür. Əvvəlindən türk ləhcələri arasında danışıq dilləri səviyyəsində anlaşma olub. İndi də – iqtisadi, siyasi, mədəni əlaqələrin, nəqliyyat və başqa kommunikativ vasitələrin artdığı, məktəb-təhsil şəbəkəsinin əvvəlki dövrlərlə müqayisədə daha da çevikləşdiyi yaşadığımız zamanda ümumi dil ideyasını gerçəkləşdirmək olar.

Bizim isə fikrimiz belədir: ümumi ortaq türk ədəbi dili yaratmaq əsla mümkün deyil. Müxtəlif coğrafiyalarda formalaşmış, yerli milli dillər şəklinə düşmüş türkcələri bir yana qoyub yeni dil hazırlamaq olmaz. “Olar” demək xam xəyala düşmək deməkdir. Ayrılma təbii gedən prosesdir, birləşdirmə isə ona qarşı ideyadır, yəni təbii prosesə qarşı çıxmaq deməkdir. Bunu ancaq dekretlə həyata keçirmək lazım gələr. Amma geniş kütlə, hər dilin sahibi olan xalq bu dekretə boyun əyməz, xalq öz dilindən əl çəkməz. İnkişaf deyilən anlayışın hərfi mənası da bu fikri rədd edir. Hər bir inkişaf irəliyə gedir, geriyə hərəkət isə tənəzzüldür, reqressiv faktordur. Dillərin ayrılması da irəli gedən prosesdir, geriyə dönmür. Vaxtilə ana dil olub və onda ayrılma getməyə başlayıb. Bu, tarixi inkişafın məntiqidir. Geriyə inkişaf, əgər buna inkişaf demək olarsa, assimilyasiyadır, bu, zorakılıqdır. Türkmən nümayəndəsi Berdiyev deyir ki, hər kəs öz dilindəki, öz türkcəsindəki özünəməxsus xüsusiyyətləri aradan qaldırarsa, ümumi ədəbi dil yaranar. Bu da assimilyasiyanın bir tipidir. Belə demək mümkünsə, bu, könüllü assimilyasiyadır. Hər halda, bu da zorakılıqdır, özünə qarşı zorakılıq tətbiq etməkdir. Yəni: milli, coğrafi türkcələr formalaşandan sonra təzə dil yaratmaq olmaz. Bununçün, əvvəla, gərək bütün türklər üçün bir dövlət yaransın və bu dövlət öz ədəbi dilini hazırlasın; buna da onilliklər gərəkdir. Əlbəttə, bu ayrı məsələdir ki, belə ümumi vahid dövlətin yaradılması əsla mümkün deyil.

Bütün bunlarla yanaşı, türklər üçün ümumi ünsiyyət təşkil etmək olar, həm də “olar” demək azdır, bunu mütləq etmək lazımdır. Heç bir türkcənin varlığına toxunmadan, dünya dövlətlərində işlənən bir təcrübədən biz də yararlana bilərik. Bütün türklər ümumi bir ünsiyyət vasitəsindən (ilətişim dilindən) istifadə edər. Bu ümumi ünsiyyət dilini yaratmağa ehtiyac yoxdur. Mövcud türk dillərindən birini götöröb onu işlətməliyik; məsələn, vaxtilə SSRİ ərazisində bütün xalqlar rus dili vasitəsilə ünsiyyət saxlayırdılar. Bu gün dünyanın çox dövlətlərində bu mövqedə ingilis dili işlənir. Belə ümumi ünsiyyət vəzifəsini bugünkü müstəqil türk dövlətlərindən hər birinin ədəbi dili yerinə yetirməyə qabildir. Ancaq elə dil seçilməlidir ki, o dilin sahibi olan dövlət hamıdan artıq iqtisadi gücə, mədəni imkanlara, beynəlxalq siyasi nüfuza malik olsun. Bu gün bu imkanların sahibi yalnız Türkiyədir. Əslində, Türkiyə türkcəsi bizimlə ünsiyyətə başlamışdır və bu ünsiyyət 20 ildən çoxdur ki, sınaqdan uğurla keçir, uşaqlarımız Türkiyənin cizgi filmlərini, yaşlılarımız isə seriallarını həvəslə seyr edirlər.

Bu işin sürətlənməsində və genişlənməsində dövlətimizin və dövlət başçılarımızın fəal münasibətlərinə də ehtiyac vardır. “Halva, halva deməklə ağız şirin olmaz”.

P.S. Bu günümüzə ibrət kimi, fikrimcə, qurultayda söylənmiş iki nitqə (məruzə deyil, məhz sıravi çıxışlardır) ayrıca şərh vermək yerinə düşər. Biri Samoyloviçin müşahidələri ilə bağlıdır. O dedi ki, müxtəlif türk ölkələrində (Tatarıstan, Özbəkistan, Azərbaycan, Türkiyə və s.) təhsil görmüş gənclər eyni ədəbi dildə, deyək ki, bizim ümumi türk ədəbi dili dediyimiz dildə danışırdılar. Bu, Qaspıralının istədiyi, örnəyini verdiyi dilin 1920-ci ilə qədərki məktəblərdə tədris olunmuş olması deməkdir. Buyurun, çar imperiyasında türklər ümumi türk ədəbi dilini öyrənməyə başlayıbmışlar. Məlum oktyabr çevrilişi aranı kəsməsəydi, həmin nəslin övladları o dildə ünsiyyətlərini daha da dərinləşdirəcəkdilər və beləcə, dərinləşə-dərinləşə gələcəkdilər. Ancaq bu gün türk dövlətləri istiqlaliyyət qazansalar da, indiyədək  bu işdə heç bir irəliləyiş yoxdur.

Bir də Qazaxıstan nümayəndəsi Ömərovun iki sözünü yada salmaq istəyirəm. Biri budur: “Biz Azərbaycan qəzetlərini oxuya bilərik, ancaq əcnəbi sözlər mane olur… Güman edirik ki, əcnəbi sözlər aradan götürüləcək… Amma azərbaycanlılar özlərini bizdən təcrid edirlər, təmizlənmiş dilin bizim nəsibimiz olmasını istəmirlər” (“Stenoqram”, səh. 334). İndi biz Türkiyə türkcəsinə üz tuturuq, o, qazax nümayəndəsinin dediyi kimi, özünü bizdən təcrid edir. Bir də budur: “Fikrimizcə, birləşmə mümkündür, bir şərtlə ki, birləşmək ideyası yuxarıdan yox, aşağıdan gəlsin”. Çox maraqlı ideyadır, deyilmi? Demək, o zaman – sovetlər zamanı yuxarılar ümumi dil istəyirmiş, ancaq avam camaat buna qarşı etinasız qalırmış. İndi isə əksinədir, aşağılar ideyaya can atırlar, ancaq dövlətlər səviyyəsində sükut var…

“Füyuzat” dərgisi, №2 (76), 2014