Tarix

AXC qurucuları – Fətəli xan Xoyski

Azərbaycan xalqının milli oyanışında, milli özünüdərkində böyük xidmətləri olmuş şəxsiyyətlərin əksəriyyəti Rusiya və Avropanın ali məktəblərində təhsil almış ziyalılar idi. İlk təhsilini, əsasən, ruhani məktəblərində almış bu insanların Şərq tarixi, ədəbiyyatı və mədəniyyətinə, İslam dininə bələdçiliyi sonradan mənimsədikləri Avropa mədəniyyəti, düşüncəsi ilə də vəhdət təşkil etmişdir. Onlar əcnəbi ölkələrdə qazandıqları təcrübəni vətənimizin mənafeyi naminə uğurla tətbiq etmişlər. Xarici ölkələrdə həmyerlilər cəmiyyətlərinin təsis edilməsi, milli mətbuatın yaradılması, milli teatrın inkişafı üçün görülən işlər bu qəbildəndir. Xalqı üçün böyük uğurlara imza atmış, bilik və təcrübəsini bu ölkəyə həsr etmiş belə şəxsiyyətlərdən biri də Fətəli xan Xoyskidir. Öncə klassik gimnaziyada, sonradan isə Moskva Universitetində professional hüquq təhsili almış Fətəli xan Xoyski milli-mənəvi zəmində təhsil görmüş şəxsiyyətlərin milli tərəqqi, milli istiqlal uğrunda apardığı mübarizəyə öz dəyərli töhfəsini vermişdir.

Gəncə mühiti, həmçinin peşəkar fəaliyyəti ilə bağlı rəsmi qurumların qeyri-rus, qeyri-xristian xalqlara ayrı-seçkilik münasibəti Fətəli xanın dünyagörüşünün formalaşmasına ciddi təsir göstərmişdir. Onun milli fikir mərkəzi olan Gəncədə maarifçilik və xeyriyyəçilik rolu nə qədər əhəmiyyət kəsb etmişdisə, Yelizavetpol (Gəncə), Kutaisi, Suxumi, Yekaterinodar, Tiflis məhkəmələrində qazandığı təcrübə də bir o qədər səmərəli olmuşdur.

Fətəli xan Xoyskinin bioqrafiyasını məzmununa görə 2 mərhələyə bölmək olar: milli-istiqlal hərəkatında iştirakına qədərki dövr və bu hərəkatda iştirakı dövrü. Birinci dövrü mərhələlərlə səciyyələndirsək, 3 məzmunda təsnif etmək mümkündür: təhsil illəri, peşəkar fəaliyyəti və Dövlət Dumasında deputatlığı. Ədliyyə sisteminin fərqli səviyyələrində sırf peşəsi üzrə çalışmış Fətəli xan Xoyskinin siyasi, dövlətçilik karyerasında II Dövlət Dumasının deputatı kimi fəaliyyəti xüsusi mərhələ təşkil edir. Deputatlığı uzun sürməsə də, bu dövr Fətəli xanın sonrakı peşə fəaliyyətində və istiqlalçılıq, dövlətçilik xidmətlərində təsirə malik bir təcrübə olmuşdur. Eyni zamanda bir hüquqşünas kimi F.Xoyskinin peşə təcrübəsi də müsəlman fraksiyasının üzvü kimi deputat mandatını doğrultmağa yararlı oldu. Hökumətin yeritdiyi ayrı-seçkilik və köçürmə siyasətinə qarşı sərt çıxışlar edən Fətəli xana Dumaya seçildikdən cəmi iki həftə sonra artıq “Müsəlman parlament qrupu” adından fikir bildirmək səlahiyyəti həvalə olundu (Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). B., 1998, s.79). F.Xoyski 1907-ci il aprelin 2-də Dövlət Dumasındakı ilk geniş nitqində bildirdi ki, “rus dövlətinin ümumi əhalisinin 20 milyondan çoxunu təşkil edən müsəlmanlar”da aqrar məsələnin həllini səbirsizliklə gözləyirlər. O, dövlətin köçürmə siyasətinin mahiyyətini ifşa edərək ruslaşdırma siyasətinin fəsadlarını bəyan etmişdi. “Müsəlman qrupunun nöqteyi-nəzərincə, köçürmənin torpaq məsələsinin son həllinədək dayandırılmalı olduğunu, Zaqafqaziya­nın şərq hissəsində, yaxud Türküstanda su məsələsinin ən zəruri, həyati məsələ olduğunu, maldarlıqla məşğul olanlar üçün torpaq sahəsinin genişləndirilməsinin vacibliyini” qeyd etmişdi (yenə orada, s.81-85).

Fətəli xan Yelizavetpol general-qubernatorunun şəhər əhalisinə qarşı qeyri-qanuni hərəkətlərini tənqid etmiş, ll Dövlət Dumasının buraxılmasından 4 gün əvvəl, 1907-ci il mayın 29-da geniş məzmunlu çıxışında yerli məhkəmələrin yenidən təşkili haqqında qanun layihəsi ilə bağlı ciddi iradlarını dilə gətirmişdi: “Biz ucqarların əhalisi üçün həmişə aydın idi ki, bizim bürokratik əsaslarla təşkil olunmuş hökumətimiz həmişə ucqarları nəzərə almamışdır: o, (hökumət – F.Ə.) ucqarlara istismar obyekti kimi baxmışdır (yenə orada, s.90.). Yerli özünüidarə orqanları olmadığı üçün ucqarlarda barışdırıcı hakim seçkilərinin keçirilə bilməməsi müddəasına qarşı Fətəli xan hüquqi və məntiqi cəhətdən əsaslandırılmış dəlillərlə çıxış etmişdir. İmperiyanın hər yerində eyni vaxtda yeni vergilərin tətbiq edildiyi, hətta mərkəzi quberniyalara nisbətən ucqarlara daha artıq vergi qoyulduğu halda, faydalı islahatlar olunca hökumətin ucqarlara ögey münasibəti F.Xoyskini hiddətləndirmişdir. Ucqarlarda yerli məhkəmə seçkilərinə qoyulan məhdudlaşdırmalara etiraz səsini ucaldan Fətəli xan rəsmi mövqeyini yazılı surətdə də təsbit etmişdir: “Milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayan 173 deputatdan biri” də o olmuşdur (Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, 2-ci cild, B., 2005, s.24).

Dövlət Dumasının buraxılmasından sonra peşə fəaliyyətini davam etdirən Fətəli xan əvvəlcə Gəncədəki dairə məhkəməsində çalışmış, sonra isə Tiflis məhkəmə palatasının andlı iclasçısı seçilmişdir.

Fətəli xanın Bakı həyatı 1913-cü ildən başlayır. O, şəhər dairə məhkəməsində andlı iclasçı olaraq fəal vətəndaş mövqeyi sayəsində nüfuz qazanır. Şəhərin ictimai həyatında, xeyriyyə cəmiyyətlərinin işində fəallığı isə qısa müddətdə onun sosial statusunu müəyyənləşdirir. Heç bir partiyanın üzvü olmasa da, mütləqiyyətin devrilməsindən dərhal sonra siyasi həyata ilkin qoşulanlardan biri də Fətəli xan Xoyski olur.

Göstərdiyi xidmətlərin qarşılığı idi ki, Bakı cəmiyyəti ilə cəmi 4 illik ictimai əlaqəsinə baxmayaraq, o, 1917-ci ildə Bakı Müsəlman Milli Şurası müvəqqəti icraiyyə komitəsinin üzvü seçilir, Qafqaz müsəlmanlarının Bakı qurultayının təşkilatçısı və iştirakçısı kimi fəallıq göstərir.

Fətəli xanın bioqrafiyasındakı parlaq səhifələrdən birini də onun Bakı şəhər Dumasının sədri seçilməsi təşkil edir. 10 mindən çox səs almış müsəlman blokunu təmsil edən siyasi xadim kimi Dumanın sədri seçilməsi şəxsiyyət göstəricisi baxımından yüksək meyardır. Cümhuriyyət xadimlərinin Gəncə və Bakıdakı əsas nümayəndələrinin təsir faktorunu təhlil edərkən nəzərə alınmalı məqamlardan biri də odur ki, Gəncənin paytaxt kimi rol oynamadığı, ictimai-siyasi mühitinin güclü təsir göstərmədiyi şəraitdə, kifayət qədər potensialı və iddiaları olan Bakı müsəlman qüvvələri içərisindən məhz gənc bakılı, köklü gəncəli Fətəli xan Xoyski Bakı şəhər Dumasının sədri seçilə bildi. Onun rəhbərlik etdiyi dövrdə Bakı şəhər Duması hakimiyyəti kütləvi, amansız qırğınlar yolu ilə ələ keçirməyə nail olan Bakı Sovetinin yeganə rəqibi olmuşdur. Təsadüfi deyil ki, Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan 1918-ci ilin mayında V.Leninə göndərdiyi teleqramda “xain” adlandırdığı “Xoyskilərə” qarşı əldə silahlı mübarizə aparacaqlarını yazırdı (St.Şaumyan. Pisma. 1896-1918, Erevan, 1959, s.79).

F.X.Xoyskinin siyasi həyatının mühüm bir dövrü də Zaqafqaziya Seymində fəaliyyət göstərdiyi illərdir. Seymin müsəlman fraksiyasının üzvü olan Fətəli xan Cənubi Qafqazda, Azərbaycanda, Bakıda baş verən çevik, mürəkkəb proseslərin gedişatında günbəgün vətəninin istiqlaliyyətinə doğru irəliləyirdi. Hələ Cənubi Qafqazın müstəqilliyi məsələsi müzakirə edilərkən Seymdə çıxış edən Xoyski “Müsavat” fraksiyası və bitərəflər qrupunun baxışlarını şərh etmiş, nitqinin sonunda çıxış yolunu – məsələnin yeganə düzgün həlli kimi Cənubi Qafqazın müstəqilliyinin elan olunmasında, istiqlaliyyətində görmüşdür (Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). B., 1998, s.97). O, Trabzonda Türkiyə hökumətinin nümayəndələri ilə danışıqların gedişatını, ehtimalları belə ciddiyə alaraq təhlil etmişdir.

Zaqafqaziya türklərinin və Şimali Qafqaz dağlılarının nümayəndə heyətinin xüsusi birgə komissiyasını yaratmaq qərara alındıqda Azərbaycan tərəfindən üç nəfərdən biri olaraq məhz Fətəli xan komissiyaya seçilmişdi (Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il. B., 2006, s.76). Aprelin 4-də Seymin bütün müsəlman fraksiyalarının birgə iclası F.Xoyski və X.Xasməmmədovun məruzəsi ilə açılmışdı. Almaniyanın İrandakı keçmiş konsulu olmuş, Tiflis Universitetinin professoru Şreyderlə söhbətlərinin məzmununu Seym üzvlərinə onlar çatdırmışdılar. Almaniyanın Şərq siyasətində Cənubi Qafqazın yerini aydınlaşdırmağa çalışan Seym üzvlərini həmin günlərdə təlaşlandıran əsas məsələ Bakıda bolşeviklərin daşnak­larla birgə müsəlman əhaliyə – Azərbaycan xalqına qarşı törətdiyi qırğınlar idi. Polkovnik knyaz Maqalovun dəstəsinin Hacıqabul stansiyasında məğlubiyyəti haqqındakı teleqramla əlaqədar Seymin müsəlman fraksiyaları aprelin 7-də təcili iclas çağırdı. Əsəbi şəraitdə keçən müzakirələrdə Trabzon nümayəndə heyəti ilə danışıqların tərəfdarı olduğunu bildirən Fətəli xan bir sıra təcili praktiki tədbirləri həyata keçirməyi də təklif etmişdir. Konkret şəxslərin adlarını çəkərək onların nümayəndə kimi göndərilməsini vacib saymış, digər natiqlərin təkliflərini dəs­təkləyərək sistemləşdirmişdir. Bununla da aprelin 7-də F.Xoyski “Şərqi Qafqazın müstəqilliyinin elan edilməsinin mümkünlüyü haqqında” məsələni gündəmə gətirmiş oldu (Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il. B., 2006,s.91).

Seymdəki fəaliyyəti F.Xoyskinin fəal, qətiyyətli, çevik, konkret, realist və praktik məzmunlu keyfiyyətlərini göstərməyə imkan verdi. Rəsmi bioqrafiyasında qeyri-müəyyənliyin yer almadığı Fətəli xan menşeviklərin dəyişkən mövqeyindən xüsusi narahatlıq keçirmiş, Zaqafqaziyanın müstəqilliyinin bəyan ediləcəyi təqdirdə sərhədlərinin göstərilməsində israr etmişdir.

Müstəqil Zaqafqaziya Federativ Respublikası elan olunduqda – aprelin 26-da təşkil olunmuş hökumətin tərkibində F.X.Xoyski xalq maarifi naziri vəzifəsini tutur. Qısamüddətli fəaliyyəti dövründə Fətəli xan Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürür və sonralar Azərbaycan Cümhuriyyəti dövründə Bakıda universitetin açılmasında mühüm xidmətləri olur. Bakı Dövlət Universitetinin ilk rektoru olmuş professor V.İ.Razumovski həmin dövrü xatırlayarkən belə yazırdı: “…Zaqafqaziya Respub­likası kimi Qafqaz da Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən, türklərdən ibarət birgə hökumət təşkil edildi. Xalq maarifi naziri bakılı Xan Xoyski idi. Biz Tiflisdə “rus universiteti”nin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir (Xan Xoyski) bizi dinlədi və Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirərək əlavə etdi: “Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti… Bəlkə, universiteti Bakıda açmaq daha düzgün olardı?” O bizim məlumat məktubumuzu nəzərdən keçirmək üçün götürdü və məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi (Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, 1-ci cild, B., s.200-201). Qeyd edək ki, bu məsələ ilə məşğul olmağa hökumət imkan tapmadı.

Bakı və Yelizavetpol quberniyalarında vəziyyətin daha da kəskinləşməsi müsəlman fraksiyasının mayın 6-da keçirilən iclasında müzakirə olundu. Fətəli xan həmin iclasda Seym üzvü olmaqdan daha çox, Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının üzvü kimi iştirak edirdi. Növbədənkənar bəyanatla çıxış edən Fətəli xan “Daşnaksütyun” partiyasının Seym fraksiyası nümayəndələrinin Bakı ilə bağlı şərtlərini “həyasız təklif” adlandıraraq daşnaklara bir sıra şərtlər qoymağı təklif edir: Bakıda hakimiyyəti müsəlmanlara vermək, bu hakimiyyəti müdafiə etmək üçün müsəlman hərbi hissələrini Bakıya yeritmək və tərk-silah edilmiş erməni hərbi hissələrini oradan çıxarmaq. F.Xoyskinin təklifi yekdilliklə qəbul olunmuşdur (Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il. B., 2006,s.104).

Cənubi Qafqazda siyasi vəziyyətin kəskin dəyişməsi ilə əlaqədar Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının mayın 16-da çağırılmış iclasında Batuma göndəriləcək əlavə nümayəndə heyətinin tərkibinə F.X.Xoyskinin də qatılması təklif olunur. Seymin bütün müsəlman fraksiyalarının mayın 25-də keçirilən axşam iclasında F.Xoyski artıq iştirak edirdi. Mayın sonuncu həftəsi ərzində keçirilmiş müsəlman fraksiyası və Milli Şura iclaslarında Fətəli xan xüsusi fəallığı ilə seçilirdi.

Ümumiyyətlə götürsək, Azərbaycan xalqının müqəddəratının həlli ilə bağlı qərarların legitimləşdirilməsində F.X.Xoyskinin mühüm rolu olmuşdur. Həmin qərarların müəyyənləşdirilməsi, qəbul edilməsi Batumdakı nümayəndələr də daxil olmaqla müsəlman fraksiyasının üzvləri tərəfindən həyata keçirilmişdisə, qərarların qəbulu ilə bağlı Seym rəhbərliyi ilə müzakirələrin aparılması Fətəli xana həvalə olunmuşdu.

Bu baxımdan Seymin müsəlman fraksiyasının 25 may tarixli axşam iclası Fətəli xanın üstün aktivliyi ilə müşayiət olundu. İclasa sədrlik edən Fətəli xana Seymin sədri Çxeidze ilə sabahkı – 26 may tarixli iclasın məsələlərini aydınlaşdırmaq və birbaşa xətlə Batumdakı azərbaycanlı nümayəndələrlə təcili danışıqlar aparmaq tapşırılmışdı. Üzərinə düşən vəzifəni yerinə yetirən Fətəli xan Seymin sədrinə, gürcü liderlərinə bildirmişdi ki, Gürcüstanın müstəqilliyi bəyan ediləcəyi təqdirdə Azərbaycan türkləri də müvafiq qərar qəbul edəcəklər (Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il. B., 2006, s.113.).

Bu, Seymin müsəlman fraksiyasının sonuncu iclası idi. Mayın 27-də fövqəladə iclasa sabiq Seym üzvləri kimi toplaşan müsəlmanlar – azərbaycanlılar xalq adına taleyüklü qərar qəbul etməli idilər. Zaqafqaziya Seyminin bütün sabiq müsəlman üzvləri özünü Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etdi. Bununla icraedici quruma yekdilliklə sədr seçilən Fətəli xan Xoyskinin bioqrafiyasında yeni bir səhifə açıldı. O, Azərbaycanın müstəqil elan edilməsində təmkinli mövqe tutaraq dövlətlərlə sülh danışıqları aparmaq üçün tamhüquqlu hökumət təşkil etməyin tərəfdarı olmuşdur. Hərtərəfli, fəal müzakirədən sonra Azərbaycanın müstəqil demokratik respublika elan olunması haqqında “İstiqlaliyyət aktı” bəyan edildi və hökumətin təşkili F.X.Xoyskiyə tapşırıldı. Bir saatlıq fasilədən sonra isə Fətəli xan hökumətin təşkili haqqında məruzə ilə çıxış etdi.

Azərbaycanın istiqlalı haqqında əqdə imza atan, ilk, ümumilikdə isə ardıcıl olaraq 3 hökumətə sədrlik edən Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyətinin məzmunu itirilmiş Azərbaycan dövlətçiliyinin bir əsrdən sonra bərpası, həm də müsəlman Şərqində – türk aləmində ilk respublikanın qurulması prosesinin salnaməsindən ibarət idi. Birinci müvəqqəti hökumət kabinəsində “rəisi vükalə və daxiliyyə naziri” olan Fətəli xan ərazisi işğal altında olan, ordusu, maliyyəsi, paytaxtı əlində olmayan, Tiflisdə elan edilmiş bir dövlətin hökumət başçısı oldu. Hətta Azərbaycanın müstəqilliyinin elan olunması haqqında teleqramı belə Tiflisdən göndərməklə bağlı çətinlik çəkən baş nazir teleqramın rus və fransız dillərində mətnlərini xarici işlər naziri M.H.Hacınskiyə çatdırmışdı ki, Batumdan radio ilə birbaşa xətlə İstanbula, oradan da digər yerlərə xəbər versin (ARDA, f.970, s.1, iş.4, v.1-2).

30 may 1918-ci ildə Azərbaycanın müstəqil respublika elan olunması haqqında dünyanın əsas siyasi mərkəzlərinə radioqram göndərmək şərəfi hökumət başçısı F.X.Xoyskiyə nəsib olmuşdur. Lakin Azərbaycan dövlətçiliyi zərbə altında idi. Hökumət müvəqqəti yerləşəcəyi Gəncə şəhərinə köçən kimi ciddi böhranla qarşılaşdı. Milli Şuranın 17 iyun tarixli qapalı iclasında Fətəli xan çıxış edərək kabinetinin istefa verdiyini bildirsə də, Milli Şura hökumətin təşkilini yenidən ona tapşırmışdı. “Ölkənin hökumətsiz qala bilməyəcəyi” qənaəti ilə F.Xoyski yeni hökumət təşkil edir. Baş nazir vəzifəsi ilə yanaşı, o, ikinci kabinetdə ədliyyə naziri vəzifəsini də tutur. M.Ə.Rəsulzadə bütün tarixi məsuliyyət yükünün Fətəli xan Xoyski hökumətinin çiyinlərində olduğunu bildirməklə Fətəli xanın həyəcanlı davranışının hərbi mənada bənzətməsini göstərmişdir. Ən bariz bənzətməni Üzeyir bəy Hacıbəyli vermişdir: “Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta parçalarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, belə fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır… Bu zəif gəmini belə fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq və məharət göstərdi”.

Belə ağır, çox mürəkkəb bir vəziyyətdə ölkəyə rəhbərlik etmək müşkül məsələ idi. Həm qanunverici, həm də icraedici hakimiyyət Fətəli xan hökumətinə verilmişdi. Bütün hakimiyyətin əlində cəmləşdiyi hökumət 6 aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. Qeyd edək ki, Azərbaycanın istiqlaliyyət və siyasi azadlığı ləğv edilə, həmçinin aqrar və bu kimi digər mühüm inqilabi əhəmiyyətli qanunlar dəyişdirilə bilməzdi (Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, 2-ci cild, B., 2005, s.26).Təşkilati işlərdən başlamış, cari tələbatları ödəmək zərurəti ilə qayğılanan hökumət strateci qərarları ilə cəsarətli başlanğıc etdi. Hökumətin bir nömrəli vəzifəsi Bakının azad edilməsi olduğu üçün ilk tədbir iyunun 19-da Azərbaycanda hərbi vəziyyətin elan edilməsi idi. Bu məqsədlə ordu quruculuğuna başlandı, hərbi mükəlləfiyyət haqqında qanun qəbul edildi. Türk dili dövlət dili elan edildi, tarixi adların bərpasına başlandı, tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Son dərəcə mühüm, strateci əhəmiyyətli qərar isə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında oldu. İyulun 15-də yaradılmış komissiya I Dünya müharibəsi illərində Zaqafqaziya ərazisində yerli müsəlmanlara qarşı törədilmiş vəhşilikləri araşdırmalı idi.

Kəskin maliyyə sıxıntısı içərisində olan hökumət çıxış yolları axtarırdı. Belə bir vaxtda Fətəli xan İstanbulda olan M.Ə.Rəsulzadə ilə yazışmalarında Türkiyədə Azərbaycan pul nişanlarının hazırlanması ilə bağlı məsələni təxirəsalınmaz vəzifə kimi qoymuş və bu məsələni qısa müddətdə həll etməyə də nail olmuşdu.

Fətəli xan hökumət başçısı kimi dövlət quruculuğu ilə bağlı heç bir məsələni diqqətdən kənar qoymasa da, bütün qüvvələri bir nömrəli vəzifə kimi Bakının azad edilməsinə səfərbər etmişdi. Qafqaz İslam Ordusunun Bakı uğrunda apardığı hərbi əməliyyatlarla yanaşı, Azərbaycan hökuməti də intensiv iş görürdü. Fətəli xan özü cəbhədə vəziyyətlə yaxından tanış olur, diplomatik səyləri gücləndirirdi. O zaman İstanbulda olan M.Ə.Rəsulzadəyə göndərdiyi məktublarında Azərbaycanın əraziləri ilə, xüsusən Bakı ilə əlaqədar məsələni dönə-dönə vurğulayırdı. Beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə etmək məqsədilə Ə.M.Topçubaşovun fövqəladə səlahiyyətlərlə Türkiyəyə göndərilməsi qərarı da Fətəli xan hökumətinin mühüm tədbirlərindən sayılmalıdır. Belə ki, beynəlxalq konfransın başlayacağı təqdirdə Ə.M.Topçubaşova Azərbaycan nümayəndə heyətinin tamhüquqlu üzvü kimi konfransda iştirak etmək səlahiyyəti verilirdi.

Azərbaycan dövlətçiliyinin müqəddəratı ilə bağlı strateci qərarların qəbul edilməsində Fətəli xan prinsipial mövqe tutmuşdur. Yeganə beynəlxalq müttəfiq olan Osmanlı dövləti ilə son dərəcə sıx münasibətlərdə, taleyüklü məsələlərdə Osmanlının nicat yeri olmasına baxmayaraq, türk komandanlığının Azərbaycanın daxili işlərinə qarışmasına etirazını bildirmiş, dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə hesab etmişdir. Bakının azad olması ilə əlaqədar söylədiyi fikirlər Fətəli xanın Azərbaycan xalqının müqəddəratına olan münasibətinin bariz ifadəsidir: “Bizim də yaşamaq – azad yaşamaq haqqımız var. Nə zirehli maşın, hidropan, kanonerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyətlə hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi. Onların əlliminlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır” (Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, 2-ci cild, B., 2005, s.26).

Bakının 1918-ci il sentyabrın 15-də azad olunması haqqında teleqramları imzalamaq sevinci uzun sürmədi, Azərbaycan hökuməti yeni təhlükə ilə üz-üzə qaldı. Nəticədə dövlət quruculuğu işlərinə yeni vüsətlə qoşulan hökumət mühüm tədbirlər həyata keçirməyə başladı. Oktyabrın 6-da hökumət kabinetində dəyişikliklər edildi.

Azərbaycan ərazilərinin tam hakimiyyət altında birləşdirilməsi başa çatmadı, beynəlxalq vəziyyət dövləti çətin duruma saldı. Osmanlı dövləti məğlub tərəf kimi Mudros müqaviləsini imzaladı və qoşunlarını Cənubi Qafqazdan çıxararaq Bakının işğalına etiraz hüququnu itirdi. Nəticədə Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edildi. General Tomsonun rəhbərliyi altında Bakıya daxil olan Britaniya komandanlığı Azərbaycan hakimiyyətinə qarşı xoş münasibət bəsləmirdi. Buna baxmayaraq Fətəli xan Xoyskinin siyasətçi, diplomat, dövlət xadimi kimi keyfiyyətləri sayəsində qısa müddətdə Azərbaycan hökuməti ingilis komandanlığı ilə əməkdaşlığa nail ola bildi. Azərbaycan hakimiyyətinin legitimliyini qəbul etdirmək məqsədilə bir sıra təcili addımlar atıldı. Azərbaycan müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına kömək göstərmək xahişi ilə ABŞ prezidenti Vudro Vilsona teleqram göndərildi. Parlamentin çağırılması işinin təşkili üçün komissiya yaradıldı.

Azərbaycanın “Türk intriqasından yaranmış dövlət” olmadığının təsbiti kimi, noyabrın 9-da F.X.Xoyskinin məruzəsi əsasında hökumət Azərbaycanın üçrəngli bayrağını təsdiqlədi. Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olundu. Noyabrın 16-da keçirilən Milli Şuranın birinci iclasında çıxış edən Fətəli xan mövcud vəziyyəti yığcam şəkildə şərh edərək sonda belə bir çağırış etdi: “Hökumət və biz əminik ki, istiqlaliyyət nə qədər çətin ələ gələn və çox qurban tələb edib müşkülat çıxaran bir əmr isə də, müttəhidən çalışsaq, müşküllər səhl olar” (Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları. 1918-ci il. B., 2006, s.159).

Azərbaycan parlamentinin açılması üçün F.X.Xoyski Rus Milli Komitəsi, Erməni Milli Şurası və general Tomsonla mütəmadi danışıqlar aparırdı. Danışıqların gedişatı barədə Azərbaycan Milli Şurasının iclaslarında məlumat verərkən Fətəli xan Azərbaycan parlamentinin açılış gününü də müəyyənləşdirir. Dekabrın 3-ü Həzrət Muhəmmədin (s) vəfatı günü ilə üst-üstə düşdüyündən Fətəli xan parlamentin açılışını dekabrın 7-nə keçirməyi təklif edir (yenə orada, s.176). Fətəli xan Tomsonla növbəti görüşünün təfsilatını anladarkən generalın Azərbaycan hökumətinə xoş münasibətini, hökumətin daxili işlərinə qarışmamaq vədini, səylərini dəstəkləməyə hazır olduğunu bildirir. Əvvəlcə Azərbaycan adlı dövləti, hökuməti tanımaq istəməyən Tomson bir ay keçməmiş mövqeyini dəyişir və dekabrın 28-də Fətəli xan Xoyski hökumətini Azərbaycanın yeganə qanuni yerli hakimiyyət orqanı kimi tanıyır. Azərbaycan Cümhuriyyətinin müqəddəratı üçün yaranmış ağır şəraitdə Fətəli xan Xoyski hökumətinin müvazinətini itirməməsi, siyasi iradəsini ortaya qoyaraq dövlətçilik naminə qətiyyətli addımlar atması sayəsində Böyük Britaniya komandanlığı ilə münasibətlər işgüzar əməkdaşlıq müstəvisinə keçir.

Parlamentin açılışında hökumətin fəaliyyəti haqqında hesabat verən Fətəli xan deputatlara müraciətlə demişdir: “…Bu altı ay müddətində ki hökuməti idarə eyləmişdir, siz görürsünüz ki, çox şeylər təzə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi Allaha şükür olsun ki, Azərbaycanın hər yerində, lazımi qədər olmasa da, xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgər və xəzinəsi olan hökumətmi? Yoxsa iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız, görərsiniz ki, nə qədər zəhmət lazım idi. Dəmir yolları işləmirdi, dağılmışdı, vaqon, filan yox idi. Məmləkətin dolanışacağı buna bağlı idi. Ona binaən hökumət vaxt verdi. Doğrudur, indi də mümkün və lazım olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, Allaha şükür, yaz, qış dəmir yolları düzəlib idarə olunur. Teleqraf yox idi, bir kağız göndərmək mümkün deyil idi. İndi qüvvəmiz çatan qədər işləyib təmamilə olmasa da, çox yerdə poçt, teleqraf açılmışdır. İstənilən yerlərə teleqram, məktub göndərmək olar. Vacib məsələlərdən birisi də maliyyat məsələsi idi ki, onsuz işləmək mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nüma­yəndələrinə pul göndərmək lazım olduğu halda, on min manat tapılmayıb Tiflisdən borc axtarılırdı… Əlbəttə ki, bu işlər azdır və öhdəmizə düşən vəzifənin bir zərrəsidir. Yalnız böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Zira (özü də) hürriyyət, ədalət və əxəvat bayrağı daşıyan firqələr Bakını əlimizdən almış idi, bizi paytaxtsız buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idi. Başbilənlər Dağıstan, İran və Turana dağılmışlar idi. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın, bir iş görsün. Böylə olan surətdə bu məsələdən başqasına artıq əhəmiyyət vermək olurmu idi?..

Hər nəzarətdən ayrı-ayrı bəhs edə bilməyəcəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna da diqqət etməli idi. Çünki ədliyyə idarəsi olmayınca məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu ikisi birdir ki, əvvəl baş milliləşməli idi. Şimdi məktəblər milliləşdi. İbtidai məktəblər və bəzi siniflər milliləşmiş, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təmdid etdi. İndi Allaha şükürlər, hər yerdə olamaz isə də, bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər, yol göstərən işıqlı ulduzu kimi şüarı bu olmuşdur: “Millətin Hüququ, İstiqlalı, Hürriyyəti”.

Sonra isə bayram münasibətilə təbriklərini çatdırmışdır (Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). B., 1998, s.118). “Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız, hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm” (yenə orada, s.112).

Parlament qarşısında istefa verən Xoyskidən Həsən bəy Ağayev rəsmi məktubla yeni – sayca üçüncü hökumətin təşkilini xahiş edir, lakin göstərilən etimada minnətdarlıqla hökumət təşkili təklifini qəbul etməyən Xoyskiyə Həsən bəy dekabrın 18-də baş nazir vəzifəsini qəbul etməsi barədə təkrar müraciət edir: “…millət naminə rica ediyorum ki, Vətənin bu ağır zamanında hökumətin təşkili kimi məsuliyyətli bir vəzifədən bərkənar olmayıb yeni müştərək bir kabinə təşkilini öhdənizə gö­türəsiniz” (yenə orada, s.45).

Yeni hökumətin təşkilinə böyük əzmlə başlayan Xoyski parlamentin beşinci iclasında geniş proqramla məruzə edir. Artıq parlament tribunasında hökumətin fəaliyyətinə dair mütəmadi hesabat verən Xoyski müxalifət nümayəndələrinin sorğularını qərəzli hesab edirdi: “Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir… Bu, sorğu deyil, dalında yumruq, cibində daş gizlətməkdir ki, hökuməti qəflətən vurasan, belə sorğuya nə cavab vermək olar… Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir. Biliniz, indi elə vaxtdır ki, nəinki bez və çit, hətta elə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz, istiqlalımız gedər… Belə qorxulu zamanda dalğalar arasında bulunan qayığımızı bir tövr salamata çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyətlə nail ola bilək” (yenə orada, s.132–135). Hökumətə qarşı tənqidləri haqsız sayan Xoyski hökuməti 1919-cu ilin fevralında növbəti istefasını verdi.

Parlament üzvü kimi fəaliyyətini davam etdirən F.X.Xoyski 1919-cu ilin noyabrında Azərbaycan və Ermənistan arasında ərazi məsələlərini həll etmək üçün çağırılacaq konfransda Azərbaycan nümayəndə heyətinin sədri simasında iştirak edirdi. Bir qədər sonra – dekabrın 22-də isə təşkil olunan yeni hökumət tərkibində xarici işlər naziri təyin olundu. Xoyskinin bu vəzifədə fəaliyyəti Azərbaycan dövlətçiliyinin müdafiəsi baxımından şərəfli tarixə malikdir. Sovet Rusiyası hökumətinə qətiyyətli mövqe bildirən, hüquqşünas məntiqi, diplomat bacarığı ilə Azərbaycan istiqlalını müdafiə edib Rusiyanın təkəbbürlü, iddialı notalarına tutarlı cavab verdiyi günlərdə Xoyskinin qəlbini fərəhləndirən, sabaha ümidləndirən hadisə Azərbaycanın müstəqilliyinin Paris Sülh konfransında tanınması xəbəri oldu. Bu barədə parlamentdə məlumat verərkən o demişdir: “Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman hökumət başında mən idim və indi də təsdiqini sizə mən elan edirəm”.

Lakin təəssüf ki, bu sevinci yaşamağa imkan vermiş qüvvələr gənc cümhuriyyəti taleyin hökmünə – bolşevik Rusiyasının caynağına buraxdı. Xoyskinin Çiçerinlə nota davası məkrli prose­sin bir həlqəsi idi. Diplomatik oyunbazlıqla Azərbaycanı duyuq salmamağa çalışan Rusiya 1920-ci il aprelin 27-də istədiyinə nail oldu – Azərbaycan işğal olundu, cümhuriyyət süqut etdi. İşğaldan dərhal sonra fəaliyyətini Tiflis şəhərinə keçirən Fətəli xan Xoyski iyunun 19-da erməni terrorçusu tərəfindən qətlə yetirildi. Şəhadət şərbətini içən bu böyük Azərbaycan oğlu Tiflisdə azərbaycanlılar qəbiristanlığında dəfn olundu. Azərbaycan istiqlalının işğaldan sonrakı ilk şəhidlərindən olan FƏTƏLİ XAN XOYSKİNİN adı Azərbaycan dövlətçiliyi tarixinə əbədiyyən həkk olunmuşdur.

Firdovsiyyə Əhmədova