İçinə sevgi qarışmayan hər iş əskik və çirkindir.
Məhəmməd İqbal
Bu dünya evində hamı nəsə axtarır. Hər kəs nəyisə əldə etmək üçün var gücü ilə çalışıb çabalayır və bu axtarışlar da nəticəsiz qalmır. Sonda bir mənzilə mütləq varılır…
Bu axtarışlar şəxsə, cəmiyyətə görə dəyişir, çeşidlənir, şəkillənir.
Hər kəs axtarışının mayasına, kodlarına özü üçün əhəmiyyət kəsb edən meyarları qataraq öncəlik tanıyır…
Biz də axtarırıq!..
Sual oluna bilər: siz nəyi axtarırsınız?..
Biz öz ruhumuzun, öz dəyərlərimizlə bütünləşmiş kimliyimizin, zəngin mədəniyyətimizin, millətcə bir arada yaşayıb-yaradaraq təsis etdiyimiz mənəvi birliyimizin axtarışındayıq. Heç zaman işığı sönməyən elm və irfan ocağımızın havasının axtarışındayıq. Düşmənlərin bağrına qorxu salan yenilməzlik və qəhrəmanlıq ruhunun, vətənimizi tanıyıb tanıtmağın, onu qorumağın yollarının axtarışındayıq…
Materialist təfəkkürün və maddiyyatın məngənəsindən sıyrılıb əsrlərdir sönməyən həqiqi maarif işığının min bir çalarına boyanmağın, bu boya ilə millətcə ucalmağın axtarışındayıq…