Füyuzat 138 Muxtar Cəfərli

Bir gül üçün…

Gül bütün mədəniyyətlərdə sülhün, dostluğun, sevginin simvolu sayılır. Əsrlərdən bəri ədəbiyyatdan incəsənətə, tarixdən mədəniyyətə qədər bir çox sahələrdə, xüsusən də ədiblərin sehrli qələmində, şairlərin inci kimi düzülən misralarında, rəssamların həssas fırça toxunuşlarında özünəxas yer tutur. Gül varlıq aləminə məna gözü ilə baxanlar üçün zahiri gözəlliyi ilə yanaşı, batini və rəmzi mənalar da daşıyır. Çünki gül təkcə torpaqda deyil, həm də mənəviyyat və mədəniyyətlərdə də dərin kök atmışdır.

Mədəniyyətimizdə gül zərifliyi, incəliyi, bəşəri sevgini ifadə etdiyi kimi, ilahi məhəbbət və eşqi də tərənnüm edir. Rəmzi məna daşıyan bu güllər arasında lalə Allahın və onun birliyinin, qızılgül isə Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) rəmzi kimi qəbul edilir. Mənəviyyat aləmində Həzrət Əlinin (ə) ətri qırmızı qərənfilin ətrinə bənzədilir. Peyğəmbərimiz (s) Həzrət Həsən (ə) və Həzrət Hüseynin (ə) xoşətirli reyhanları olduğunu buyurur. Reyhan klassik dövr­də təkcə müəyyən bir bitki üçün deyil, bütün xoşətirli çiçəklər üçün istifadə edilən bir söz idi. Qızılgül xristianlığın ilk çağlarında Həzrət İsanın simvolu sayılırdı. Habelə Həzrət Məryəmə “tikansız gül” deyilirdi.

“Peyğəmbərimizin (s) mübarək vücudundan qızılgül ətrinin gəlməsi” (“ətrimi duymaq istəyən qızılgülü qoxlasın”) kimi rəvayətlərin islam coğrafiyasında geniş yayılması gülə daha çox xüsusilik qazandırmışdır. Bu səbəbdən də mənəviyyat alimləri Kainatın Fəxrinin (s) mübarək ətrini qızılgülün ətrinə, üzünün gözəlliyini də gülün gözəlliyinə bənzətmişlər. Onu (s) “dünyada misli-bərabəri olmayan, gəlişi ilə bütün dünyaya ətir saçan, dünya bağçasındakı ətirsiz qəlblərə ətir gətirən bir gül” adlandırmışlar.

Əksər mənəviyyat böyükləri həyatlarını elm və irfana həsr etməklə bərabər, gül-çiçək yetişdirməyə də xüsusi diqqət ayırmışlar. Güllərin iç-içə keçmiş ləçəklərində ilahi gözəlliyin təcəllilərini seyr etmişlər. Gülün hər naxışına, rənginə, ətrinə və zərifliyinə bəsirət gözü ilə baxıb təfəkkürə dalmışlar. O irfan sahiblərinin ömür kitabının ecazkar səhifələrini vərəqləyərkən hər birinin həyatında güllə bağlı nəyəsə mütləq rast gəlirik.

Kimisi soyuq qış günündə tər qızılgül kəraməti göstərmiş, kimisi dərmək istəyəndə gülün zikrini eşidib əlini geri çəkmiş, kimisi dar ağacında nadanların daş atmasından çox dostun gül atmasından incimiş, kimisi də ustadının bir gül verərək “sən ol baği-bəqanın gülşənisən” deməsindən sonra Heybəti təxəllüsünü Gülşəni ilə əvəz etmişdir…

Yaşadığımız bu dünya gözoxşayan gözəllikləri, əsrarəngiz təbiəti, müxtəlif naxışlı və rəngarəng gül-çiçəkləriylə zəngin bir bağçadır. Təbii ki, bu bağçanın bir sahibi və onu gülüstana çevirmək istəyən bağbanları da var. Bu bağbanların düşüncə və amalı dünya bağçasında xoşətirli, rəngarəng çiçəklər yetişdirmək, könülaçan yaşıllıqlar salıb onu cənnət guşəsinə çevirməkdir.

Əziz oxucular! Sizə məhz belə bir bağbanın hekayəsini danışmaq istəyirəm…

Davamı…