Ədəbiyyat Xəbərlər

Çağdaş Azərbaycan ədəbiyyatında modernizm

(Sahilə Yayanın “Təxirəsalınmaz nikbinlik planı” hekayəsində təxirəsalınmaz
iyakarlıq)

Sərvanə Dağtumas
Ədəbiyyatşünas

Modern insan çağdaş dövrdə baş verən hadisələri izləyən və yaşadığı dövrə, mühitə uyğunlaşan insandır. Modernizm zamana bağlıdır, yeni ideyaların yaranması üçün şərait yaradan düşüncə tərzidir, həyatı olduğu kimi təsvir edir. Modernist sənətkar daim şübhə içərisində olur, yeni dünya yaratmağa can atır, özünü sərhəddə hiss edir, toplumun mənimsədiyi ənənələrə dini-mifik don geyindirir. Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi, gənc yazıçı Sahilə Yaya “Şeyx”, “Çevriliş” romanları, “Zemi” povesti, “Təxirəsalınmaz nikbinlik planı”, “Varlı kişinin portmanatı” hekayələrinin müəllifidir. Məqalədə əsas diqqət modernizm cərəyanında yazılmış “Təxirəsalınmaz nikbinlik planı” hekayəsində toplumda hökm sürən riyakarlığın tədqiqinə yönəlib.

Modernizm cərəyanı fərdin daxili aləmini (individualizm), düşüncələrini, hisslərini təsvir edir. Modernist sənətkar daim cəmiyyətlə konfliktdədir. Naturalizm cərəyanı dünyanın surətini təsvir edir, realizm cərəyanı isə dünyanı tənqid edirdi. Modernizm insanların danışmadığı, tabu hesab etdiyi, toplumun düşüncələrinə zidd olan, ayıb, anormal, ədəbsiz hesab etdiyi mövzuları ön plana çəkirdi (underground ədəbiyyatı). Məsələn, Eduard Manenin “Olimpiya tablosu” ilk avanqard çılpaq rəsm əsəri hesab olunur. Şarl Bodlerin “Leş” şeirində ölümün reallığı, mövcudluğu çürümüş bədənlə təsvir edilir. “Modernizm” sözü latınca “modernus” sözündəndir, mənası “indi”, “tez”, “bu dəqiqə” deməkdir. O, keçmişin əleyhinə çıxan, onu büsbütün inkar edən, daha çox yeniliyə can atan, zamanın nəbzini tutmağa çalışan cərəyandır. Bu cərəyana görə, həyat durmadan inkişafdadırsa, bədii düşüncə də onunla ayaqlaşmağa çalışmalı, keçmişin ənənəvi meyarlarından silkinib ayrılmalıdır” (Akimova, 2016).

Modernizm cərəyanında yazılmış əsərlərdə hadisələr birinci şəxsin dilindən verilir, satirik, ironik elementlərə rast gəlinir. Fərdin daxili aləmi təkrarsız və özünəməxsusdur, qəhrəmanın mənəvi-psixoloji sarsıntıları, ictimai şüura qarşı kəskin etirazı təsvir olunur. “Qeyri-adiliklərin, yolverilməzliyin təsvir və təqdimi, ənənə və normalara tabe olmamaq kimi kəskin üslubi maneralar nümayiş etdirmək modernist əsərlərin ən səciyyəvi meyar və görüntüləridir” (Abdullayeva, 2005).  Modernizm elmlə dini qarşılaşdırır, elmə üstünlük verir. Modernist sənətkar əsəri tam nəzarəti altında saxlayır, üslubunun təkrarsız və orijinal olmasını istəyir və hər şeydə vəhdət axtarır.  “Modernistlərə görə insan mətnə bərabərdir, ancaq fərq onun (insanın) sərbəst mətn yaza bilməsindədir” (Quliyev, 2006).

Filologiya elmlər doktoru, tənqidçi İradə Musayevanın fikrincə, modern ədəbiyyat qorxusunu unutmuş insanların ədəbiyyatıdır. Yəni arzuların, komplekslərin, ictimai qınağın çətiri altında qalmaqdan yorulmuş, azad, sərbəst fərdlərin ədəbiyyatı. Burada nəsihətə yer verilmir, insanın öz mənini tanımasına, özünü yenidən inşa etməsinə, yaratmasına yönəlib. İradə Musayeva “Postmodernizmin digər ədəbi-estetik “izm”lərdən fərqi” adlı məqaləsində yazır: “Fərdin cəmiyyətlə ziddiyyəti, tənhalığı antik ədəbiyyat nümunələrində də var, bunlar modernizmin xüsusiyyətləri hesab olunmur. Modernizm realizmə üsyan da deyildi, ənənəvi yaşam tərzi və ya həyata eyni münasibətlə davamı əks etdirməyə üsyan idi, həm də ədəbiyyatda eyni şeyə eyni cür baxmaq ənənəsinə sadiqliyə üsyan idi”. “Su milyon illərdir eyni cür axır, amma bu, axıntıya baxışın dəyişməsidir, axmağın forması dəyişmir, baxış dəyişir. Modernizm və ya başqa, yeni hesab edilən “izm”lər də həmin baxışdakı yenilik, fərqlilik deməkdir. Modernizm dalğası yaşamın, hadisə və çevrilişli zamanların eyni döyüntülərlə vuran ürəyi, obrazlı bədii ifadəsidir” (Musayeva, 2019).

Modernistlər insanın görə bilmədiyi, ancaq şüuraltında basdırdığı hisslər, düşüncələrlə onu üzləşdirir. Modernizmdə insana özünü xoşbəxt etməyin mümkün olması aşılanır, bu da insanı Allaha yaxınlaşdırır. Həyatına özü nəzarət edən, bütün ipləri əlinə alan insan özünü analiz edir, özü ilə hesablaşır, həyatının məsuliyyətini öz üzərinə götürür, ona qaranlıq qalan suallara ilahi ədalətin işığı altında cavab tapmağa çalışır. Bu da bizə sufizm fəlsəfəsini xatırladır. “Modernizmin digər nəzəriyyələrdən, ədəbi-estetik “izm”lərdən fərqi həm də onda idi ki, burada mətnləşdirilən hər şeyə həndəsi silsiləvilik, fizika qanunları ilə yanaşma yeniliyi var idi. Ədəbiyyatlaşmış hər məqamın, hadisə və psixoloji səciyyənin riyazi hesablama konturları, konkretliyi yaranmaqda idi”. (Musayeva, 2019).

Modernizm reallıqdan asılı olmayan və onu təqlid etməyən sənət əsəri yaratmaq istəyir, dünyanı parçalanmış şəkildə təsvir edir, bununla da dinamik bütövlüyü üzə çıxarmağa çalışır. “Yeni romançılar”ın fikrincə, yazıçı yaradıcılığında siyasət, əxlaq, ideologiya və metafizikadan uzaq durmalıdır, çünki bu sahələrlə məşğul olmaq jurnalistin işidir. Yazıçının vəzifəsi isə zövq verməkdir. Modernist yazıçı əsərdə çox vaxt müşahidəçi qismində çıxış edir, qınamır, bəraət qazandırmır, sadəcə izləyir. Belə qənaətə gəlirik ki, yük daha çox oxucunun üzərinə düşür, mətnin taleyi onun ixtiyarına buraxılır. Daxili monoloq, şüur axını, fikrin natamamlığı, yarımçıq cümlələr, təfərrüatlara və detallı təsvirlərə yer vermək, mənəvi impulslar, psixi reaksiyaların, emosiyaların şüuraltı partlayışları, hisslərin ən incə çalarlarının təsviri modernizm cərəyanına xas özəlliklərdir. “Zahiri dinamikanın olmaması insanın daxili aləminin təsviri ilə kompensasiya olunur: müəllif insan qəlbində baş verən ən incə hərəkəti, ən incə dəyişikliyi də təsbit etməyə can atır” (Quliyev, 2019).

Bədii ədəbiyyatda Marsel Prustun “İtirilmiş zaman axtarışında”, Ceyms Coysun “Uliss”, Knut Hamsunun “Aclıq”, Natalio Sarrotun “Tropizmlər”, Alen Rob-Qriyenin “Qısqanclıq” romanları, Uilyam Folknerin “Emili üçün qızılgül” hekayəsi modernizm cərəyanına nümunədir. Fransız yazıçısı Natalio Sarrot “Tropizmlər” adlı hekayələr toplusunda (iyirmi dörd hekayə) tropizmləri (bioloji amillərə cavab vermək üsulu) şüuraltında formalaşan söz və hərəkətlər kimi təsəvvür edir. Romanda tropizm qısa, güclü və izah olunmayan hisslərin simvoludur. Fransız yazıçısı Alen Rob-Qriyenin “Qısqanclıq” romanında qəhrəmanın psixoloji gərginliyi, patoloji qısqanclığı və subyektiv müşahidələri ustalıqla təsvir olunur. Təhkiyəçi − ər patoloji qısqanclıqdan (“Otello sindromu”) əziyyət çəkir, bu vəziyyətini qətiyyən sorğulamır, ətrafındakı insanlara, əşyalara qarşı şübhəli davranır. Hər hansısa fakt olmasa da xatirələr, yuxular, obsessiv, nevrotik, paranoyak düşüncələr, hallüsinasiyalar onu rahat buraxmır. Yazıçı romanda daha çox detalları, əşyaları, ətraf aləmi (banan ağacı, pəncərə, jalüz, masa, eyvan və s.) təsvir edir. “Frank getdi, indi isə A… otağına çəkildi. İçəri işıqlıdır, amma jalüzlər möhkəm bağlanıb: lövhəciklərin arasından sağa-sola yalnız zəif işıq qalıqları sızır” (Robbe-Grillet, 2022). Ər arvadının hərəkətlərini jalüzdən izləyir. Pəncərə açıq olanda çölə baxa bilirsən, jalüz olanda isə baxmaq mümkün olmur. Qısqanclıq da elə bir xəstəlikdir ki, insanın reallığını təhrif edir, jalüz kimi otağa qaranlıq salır, işığın qarşısını alır, insanın mənəviyyatını deqredasiyaya uğradır, çünki həmin “jalüz” şəxsə pəncərədən baxmağa mane olur. Nəticədə insan gördüyü hər detalı şübhəyə çevirir. Romanda jalüz qısqanclığın mexanizmini ifadə edən detaldır. Yazıçının məqsədi ərin arvadına olan şübhələrinin doğruluğunu müəyyən etmək, oxucunu belə bir axtarışa cəlb etmək deyil. “Qısqanclıq” romanında qısqanclıq xəstəliyinin yaratdığı ruhi vəziyyət və şübhənin reallığı təhrif etməsi romanın əsas ideyasıdır.

Yazıçı Aysel Əlizadənin fikrincə, Azərbaycanda modern ədəbiyyatın təməlini qoyan Mirzə Fətəli Axundov sayılsa da, dünyada modernizm cərəyanı Axundovdan sonrakı illərə aid edilir. Bu baxımdan Kafka da modernizmə yol açan yazıçı hesab edilir (Əlizadə, 2019). Çağdaş ədəbiyyatımıza nəzər salsaq, Bircənin “Cəhənnəmdən keçmiş mələk”, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” romanları, Qan Turalının “Gənc qadının və Şaxta Babanın qətli”, Elxan Zeynallının “Gözəlçə”, Firuz Mustafanın “Virtual arvad”, Sahilə Yayanın “Təxirəsalınmaz nikbinlik planı” hekayələri modernizm cərəyanında yazılıb. 

Poeziyamızda da modernist meyillər müşahidə olunur. Məsələn, İlqar Fəhminin qəzəlləri (“neoklassik qəzəl”, “neoklassik əruz” terminlərini ilk dəfə İlqar Fəhmi işlədib), Cəlil Cavanşirin haykuları (bax. “Miniatür həyatın misraları”), Həmid Herisçinin “Xaker”, “Otello”, “Qara Sevda”, (Robot Sofiyaya) “Koronoviruslu Çin gözəli”, Aqşin Evrənin “Telefonda deyilməmiş sözlər” şeirləri, Rəbiqə Nazimqızının “Peyğəmbərlər”ə həsr olunmuş şeirlər silsiləsində modernist elementlərə rast gəlinir.

Müasir dövr ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan gənc yazıçı Sahilə Yayanın yaradıcılığında modernizm cərəyanının elementləri özünü göstərir. Onun qəhrəmanları çox vaxt saxta və riyakar cəmiyyətdə doğulur, böyüyür və formalaşır. O belə cəmiyyətdə mübarizə aparan, sağ qalmağa çalışan qəhrəmanların mənəvi-psixoloji vəziyyətini təsvir edir. Sahilə Yaya “Şeyx”, “Çevriliş” romanları, “Zemi” povesti, “Təxirəsalınmaz nikbinlik planı”, “Varlı kişinin portmanatı” hekayələrinin müəllifidir. Yazıçı Aysel Əlizadənin fikrincə, yazıçının “Şeyx” romanı insanlığı saf, platonik eşqə dəvət edir. Müəllif dəyərlərə yeni baxış sərgiləyir və onu eşqin müasir forması ilə paralel təqdim edir. Aysel Əlizadə hesab edir ki, “Şeyx” bizə Elif Şafakın “Eşq” romanını xatırladır. “Elif Şafakın “Eşq” romanını xatırladan “Şeyx” dövrün sevgiyə olan inamını qaytarmaq cəhdidir, eşqin önündə sonsuzadək müxtəlif sərhədlərin – ailə, din, irq, savaş olmasına üsyandır” (Əlizadə, 2019).

Yazıçının “Varlı kişinin portmanatı” hekayəsində maddi dəyərlə mənəvi dəyəri qarşılaşdırır, mənəviyyat maddi dəyəri üstələyir, maddi dəyərin mənəviyyat ölçüsü olmadığı öz əksini tapır. Hekayənin qəhrəmanı Sevinc “yüngül əxlaqlı” qadındır. Sözsüz ki özünə bu cür həyat tərzi seçən və ya seçmək məcburiyyətində qalan qadınlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Toplumun təhqir etdiyi, alçaltdığı, əxlaqsız adlandırdığı, hörmət etmədiyi Sevinc yoldan tapdığı, içi pulla dolu portmanatı sahibinə geri qaytarır. Çətin, ağır həyat tərzi olan, övladları üçün “işləyən” bu qadının vicdanı ona qalib gəlir. “Bu pullar onun üçün hər şey idi. Amma çox təssüf ki, onun deyildi. Yaraşıqlı portmanat onun kasıb evində yol azmış qonağa bənzəyirdi” (Yaya, 2010). Cəmiyyət tərəfindən hörmətlə qarşılanan, ictimai statusuna görə seçilən Əziz müəllim isə mənəvi baxımdan kasıbdır, onun zənginliyi yalnız portmanatındakı puldan ibarətdir. Uşaqlıqda yaşadığı hadisələr, anası ilə bağlı xatirələri onun təfəkküründə hər şeyi pulla ölçmək düşüncəsini formalaşdırıb. Əziz müəllimin diliylə desək, valideynlərindən ona qalan miras yalnız dollar və xəsislik idi. Əziz müəllimin vicdanının ölçüsü də elə portmanatı boydadır.

Portmanat hekayədə bir detaldır. Bu detalla Əziz müəllimin mənəvi dünyası ortaya çıxır. Portmanat onun sınağı, imtahanı idi. O isə bu sınaqdan üzüağ çıxa bilmir. Onun beynəlxalq səviyyəli insan hüquqları institutunun aparıcı siması olması, bu sahədə çalışması təsadüfi deyil. Peşəsi ilə davranışı arasındakı ziddiyyət müəllifin ona olan ironik münasibətinin ifadəsidir. “Varlı kişinin portmanatı” hekayəsi bizə Mopassan və Çexovun hekayələrini xatırladır. Mopassan və Çexovun yaradıcılığında insanın taleyi, düşdüyü vəziyyət, yaşadığı hadisə “təsadüf” kimi təqdim olunur. Həmin “təsadüflər” qəhrəmanların həyatını dəyişir. Burada “təsadüf” janrdır. Məsələn, Mopassanın “Boyunbağı” hekayəsində boyunbağı qadının imtahanı olur. Çexovun “Hərdəmxəyal” hekayəsində isə Allah qadını təsadüf adı altında əri ilə imtahan edir. Sahilə Yayanın “Varlı kişinin portmanatı” hekayəsində də həmin qadın Əziz müəllimin sınağı olur. Əslində, qeyd etdiyimiz hekayələrdə təsadüf yoxdur, müəllif oxucuda elə təəssürat yaradır ki, guya təsadüfdür.

  Hekayə mübahisəli suallar yaradır: kimdir “əxlaqsız?” və kimdir “əxlaqlı?” “Əxlaqlı” və “əxlaqsız” olmağın ölçüsü, meyarı nədir? “Əxlaqsız” deyib qaçdığımız insanmı “əxlaqlı”dır, yoxsa “əxlaqlı” deyib etibar etdiyimiz, statuslu adamlarmı “əxlaqsız”dır? Hekayənin sonunda yağan yağış bir növ katarsis, təmizlənmədir, qəhrəmanın keçirdiyi hissləri ifadə edən detaldır. “Sevinc narın-narın yağan yağışın müşaiəti ilə içinə hopmuş kədərdən ağırlaşmış özünü küçələrdən güclə sürüyüb aparırdı” (Yaya, 2010).

Sahilə Yaya “Təxirəsalınmaz nikbinlik planı” hekayəsində saxta və riyakar münasibətləri, həmin münasibətlərin arxasında gizlənmiş qorxuları, təlatümləri, ikiüzlülüyü, sevgi olmadan “ailəqurmağa” hazır olan fərdlərin faciəsini ifşa edir. Hekayədə sevgi ilə məsuliyyət arasındakı uçurum, sevgisiz qurulan münasibətlərin qaçınılmaz sonu təsirli dillə ifadə olunur.

 “Təxirəsalınmaz nikbinlik planı” hekayəsi qəhrəmanın daxili monoloqu üzərində qurulub, şüur axını formasında, modernizm cərəyanında yazılıb. Hekayəni oxuduqca zaman hiss olunmur, təhkiyəçi sanki bir günün içində baş verənləri, başına gələnləri sürətlə, tələsik, nəfəsi kəsilmiş halda danışır, xatırladıqlarını, qırılmış sözlərini, düşüncələrini, etiraflarını dilə gətirir. Onun düşüncələri qarışıq, cümlələri yarımçıqdır. Hekayədə zaman hiss olunmur. Maraqlıdır, oxuduqca görürsən ki, hadisə bir günün içində baş verməyib. Əslində, qəhrəmanın yaşadığı hadisənin arxasında günlərlə, aylarla yığılıb qalan, etiraf etmədiyi hissləri dayanır. Buna baxmayaraq, oxucuya elə gəlir ki, hadisələr bir günün ərzində cərəyan edir. Hekayə məktubnamə təsiri bağışlayır. Təhkiyəçi elə bil məktub yazır. Bəs məktub kimə ünvanlanıb? Oxucuya, yoxsa özünə? Hadisələri bizə nəql edən təhkiyəçi elə bil reallıqda (özünə) etiraf edə bilmədiyi hisslərini oxucu ilə bölüşür, həm də bir növ özü ilə hesablaşır, özünü sakitləşdirir, təsəlli edir, “qurban” mövqeyinə keçid edərək, “günah keçisi” obrazından çıxmağa çalışır. Özünü günahkar hesab etmir və bunu oxucusuna sübut etməyə çalışır. Bəs o, həqiqətənmi günahsızdır?

Hekayənin üç qəhrəmanı var: qız, qızın anası və qızın nişanlısı. Hekayədə təhkiyəçi qızın nişanlısıdır, ancaq hadisələr qızın ətrafında cərəyan edir. Bu “qanlı üçbucağın təpə nöqtəsi” qızdır. Qəhrəmanlar ümumiləşdirilmiş obrazlar olduğu üçün adları verilməyib. Nişanlısına “o” deyə xitab edən təhkiyəçi – oğlan üçün qızın “o”dan, yad insandan heç bir fərqi yox idi: “Bir gün anladım ki, onu sevmirəm… Mən sevincə qatışmış stabil, dəyişməz kədərlə yaşamağa üstünlük verənlərdənəm” (Yaya, 2010).

Qızın zəif tərəfləri nişanlısının gözündən qaçmamışdı. “Mən onu tanıyanda o, anasını sevmirdi” (Yaya, 2010). O  bilirdi ki, qız onu sevməyən biri ilə yaşamağa razıdır, qız şüuraltı olaraq sevilməkdən çox sevməyə ehtiyac duyur, sevgi axtarışındadır. Münasibətin saxta və ya saf sevgi üzərində qurulması onu düşündürmür, təki həmin boşluğu doldura bilsin. Bu, qız üçün yetərlidir, çünki onun tərk edilmək qorxusu var (tərk edilmə şeması) düzgün sevməyi, sevilməyi bilmir, sevgi dili budur, bunu öyrənib. O hər şeyə razıdır. Qızın nişanlısı da bu həyata razı olan, heç nəyi sorğulamayan biri ilə niyə saxta və riyakar münasibəti davam etdirməsin? O ki özünü təsdiq edəcək və eqosunu bu yolla təmin edəcək. Sevməyən razı, sevilməyən razı: “O bütün ömrü boyu bu həqiqətlə yaşamağa, bunu bildiyini gizlətməyə, mənə və özünə unutdurmağa, sevilmədən yaşamağa hazırdı. Belə olan halda, mən də onu sevmədən yaşamağa hazır idim” (Yaya, 2010).

Qızın anası qızının həyatını öz qorxuları üzərində formalaşdırır, oxşar taleyi, hissləri davam etdirməsinə “etiraz edir”, nəticədə zənciri “qırır”, təkrarlanan döngüləri “dayandırır”. Ana nişanlı qızının uğursuz evlilik yaşayacağını hiss edir, anlayır ki, qızı xoşbəxt olmayacaq, çünki nişanlısı onu sevmir. Ananın qızına olan sevgisi nevrotikdir, toksikdir, destruktivdir, ana sevməyi öyrənməyib, sevməyin nə olduğunu bilmir, sevgi dili bu cürdür, heç vaxt əsl sevgini görməyib deyə sevgisini göstərə bilmir, qızına qarşı qoruyucu “davranır”, “xilas etmə” mövqeyində durur. Qız isə sevmədiyi anasından qaçır, ondan xilas olmaq üçün liman axtarır, nişanlısına xilaskar kimi baxırdı. Bəlkə də, qızı da anasını sevirdi, ancaq bunu ifadə edə bilmirdi. Onun hiss və düşüncələri geyiminə də yansıyıb (fəsilə uyğun olmayan qapalı ayaqqabılar, qalın köynək).

 “Dəli” olan və sevgi görməyən ana qızının taleyin oyununun parçası olacağını dərhal hiss edir, qızını balta ilə öldürür. O öz taleyini qızına cehiz kimi “vermir”, bu nakam tale nəsildən-nəslə “keçmir”, təkrarlanmır. Qızının ölümünü sevgisiz yaşamağından üstün tutur, qızının taleyi ilə apardığı mübarizədən “qalib çıxır”. “Sən mənim kimi ərə getməyəcəksən. Səni yalandan sevməyəcəklər. Sevdiklərinə inandırmayacaqlar. Sonra səni sevmədiklərini öyrənməyəcək, bu həqiqətlə yaşamayacaqsan. Sənə xəyanət etməyəcəklər” (Yaya, 2010).

Bir qadın evlənəndə özü ilə yalnız əşyaları aparmır, doğulub böyüdüyü evində öyrəndiyi hissləri, keçmişdə aldığı zərbələri, uşaqlıq illərini, travmalarını da aparır. İki fərdin düşüncəsi toqquşanda müharibə iki “uşağın” arasında başlayır. Vuruşan uşaqlıqdır, yaralanan yetkinlik. Uşaqlıqda alınan yara sağalmayıb deyə böyüyəndə həmin yaraya toxunduqca qanayır, ağrını iliklərinə kimi hiss edirsən. Ana üçün sevgisiz yaşamaq hər gün ölməkdir, ona görə də qızını hər gün ölməkdən, gələcək savaşlardan, mübarizədən xilas edir… “Oynaq, cinayətkar, dəli baxışları ilə mənə meydan oxuyur, onu aldada bilmədiyim üçün, qızını öz taleyini təkrarlamağa qoymadığı üçün qalib sayılırdı…” (Yaya, 2010).

“Təxirəsalınmaz nikbinlik planı” hekayəsində riyakar və saxta münasibətlər qəhrəmanları o qədər ağuşuna alıb ki, qaçmaq mümkünsüz, “təxirəsalınmaz”dır. Hekayədə qız sistemin, mövcud stereotiplərin simvoludur. Qız həm də təmiz və saf dəyərlərin simvoludur, ana onu “öldürərək” qoruyur, bu saxta cəmiyyətdən uzaqlaşdırır (Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində Oqtayın Firəngizi öldürdüyü kimi).

Sahilə Yayanın hekayədə qoyduğu problem müasir dövrlə yaxından səsləşir. Münasibətlərdə saflıq, düzlük, dürüstlükdən əsər-əlamət qalmayıb, cütlüklər bir-birinə yaddır, “o”dan ibarət fərdlərdir. Əksəriyyəti “o” dur. Bugün münasibətlərin çoxu “biz” yox, “o”, “mən” üzərində qurulub. Sevgisiz doğulan uşaqlar, sevgisizliyin yaşatdığı acılar nəsildən-nəsilə keçir. Hekayədə tək gerçək, dürüst, ağıllı, müdrik olan tək insan “dəli” olan anadır. O, “dəli” olsa da, kənardan saxta, riyakar münasibətləri, yalanları aydın şəkildə görə bilir. Bu hekayə bizə həm də yazıçı Azər Qismətin “Hamilə dəli” hekayəsini xatırladır. Böyük arzularla övladının yolunu gözləyən “dəli” ananın övladı kimi arzuları da, xəyalları da ölü “doğulur”. “Dünyanın əzab-əziyyətinə dözə biləcək, təmiz, hazırlıqlı insan övladı doğulmadı” (Qismət, 2016).

İnsan saxta dünyada yaşadığının fərqində olsa da, bu dünyadan qaça bilmir. Bəzən uyğunlaşır, tabe olur, “kütlə psixologiyası” ilə hərəkət edir, bəzən də mübarizə aparır, təslim olmur. Hekayədə də ana qızının taleyinə müdaxilə edir, qızının ömür boyu yalanlara qucaq açmasının, saxta münasibətləri davam etdirməsinin qarşısını alır, çünki övladının bu cür həyatı yaşaması “dəli” olan anaya ağır gəlir. Bir münasibətdə yalan toxumu kök salıbsa, o münasibətin meyvəsi bar verməyəcək. Ağıllı kimi görünən, sosial maska altında əsl üzlərini gizlədən insanlar yalanlarla dolu həyatlarına riyakar adlı ev qurub davam etdikləri, ikiüzlülüyün ocağında isindikləri halda həqiqəti görən yeganə şəxslər “dəlilər”dir. Ağıllı kimi görünən insanların yandırdıqları təxirəsalınmaz riyakarlıq adlı həmin ocağın tüstüsü sonda özlərini boğacaq. Bu mənada hekayənin adı da ironikdir. Qəhrəmanların münasibəti sevgi yox, gözlənti üzərində qurulub. Onların “nikbinliyi” təxirə salmaq istəmədikləri saxta davranışlardan, səmimiyyətsiz baxışlardan ibarətdir. Qəhrəmanlar yalan və illüziyadan ibarət bu cür münasibətləri davam etdirməyə məhkumdur, ancaq bu cür həyata razı olduqları üçün “nikbindirlər” (məcburi, təxirəsalınmaz nikbinlik). Ana baltası ilə stereotiplərlə dolu cəmiyyəti, riyakar, saxta sistemin yalanlarını parçalayır.

Ədəbiyyat siyahısı

Abdullayeva, Y. (2005). XX əsr ədəbiyyatında modernizm. Bakı: Mürtəcim, 2005, 108 s.

Akimova, E. (2016). Azərbaycan poeziyasında modernist estetikanın təzahürləri. //Ədəbiyyat məcmuəsi: Nizami Gəncəvi adına Ədəbiyyat İntitutunun Elmi Əsərləri / AMEA-C.XXVIII. – №2.- S.198-204.

Əlizadə, A. (2019). Köhnəni dağıt(ma), yenisini tik: hər şeydən sonra metamodernizm. 525-ci qəzet.- 25 may.- S.12.

Əlizadə, A. (2019). Köhnəni dağıt(ma), yenisini tik: hər şeydən sonra metamodernizm. 525-ci qəzet.- 18 may.- S.16-17.

İsmayılov, M. (2015). Ənənəvi dəyərlər: modernizm və islam kontekstində. //Dövlət və din.- №5.- S.33-40.

Musayeva, İ. (2019). Postmodernizmin digər ədəbi-estetik “izm”lərdən fərqi. //Risalə: Elmi araşdırmalar jurnalı.- №2.- S.176-184.

Qismət, A. (2016). “Hamilə dəli” hekayəsi. https://manera.az/index.php?newsid=2164

Quliyev, Q. (2019). Ədəbi cərəyanlar və istiqamətlər. Bakı: OL NPKT, 260 s.

Quliyev, T. (2006). Ədəbiyyatda realizm və modernizm problemləri. Bakı: Nağıl Evi, 130 s.

Robbe-Grillet, A. (2022). Kıskançlık. Istanbul, Melisa Matbaacılık, 2022, 108 s.

Yaya, S. (2010). https://www.google.com/amp/s/www.azadliq.org/amp/2137296.html

Yaya,S.(2010).https://old.525.az/view.php?lang=az&menu=7&id=13688&type=1#gsc.tab0