Son aylar İran İslam Respublikasında baş verən hadisələr, cənublu soydaşlarımızın azadlıq şüarları qəlbimdə əks-səda verir. Mənim Cənub həsrətim az qala yaşım qədərdir. Altı-yeddi yaşımda olarkən ailəmizdə 1946-cı ildə İrandan kəndimizə gəlmiş demokratlardan danışırdılar. Onlardan biri də Xəlil dayı idi. “21 Azər” fədaisi Xəlil dayı babamın “mama” deyə müraciət etdiyim bacısı ilə evlənmiş və onlar Ağdamda, daha doğrusu, şəhərlə qovuşmuş Seyidli kəndində məskunlaşmışdılar. Babam ayda bir-iki dəfə bir cüt kəhər atı dördtəkərli furqona qoşub Ağdama – bacısıgilə baş çəkməyə gedər və məni də həmişə özü ilə aparardı. Xəlil dayı qarayanız, ucaboy, şirin ləhcəli bir kişiydi; Ağdamda xalçaçılığın inkişafında müstəsna xidməti olmuşdu. 1945-ci ildə Cənubi Azərbaycanda Milli Hökumətin qurulması uğrunda döyüşən minlərlə fədai kimi o da bu dünyadan vətən həsrətiylə köçdü.
II Dünya müharibəsi zamanı sovet qoşunlarının bir qisminin İran ərazisində yerləşdirilməsi şovinist fars rejimi altında əzilən cənublu soydaşlarımızı hərəkətə gətirmişdi. Cənubi Azərbaycanda sovet ordusunun mətbu orqanı kimi 1941–42, sonra isə 1944–46-cı illərdə “Vətən yolunda” qəzeti nəşr edilirdi. Qəzetdə çalışan və ordu sıralarında müxtəlif zabit rütbələri ilə xidmət göstərən Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Cəfər Xəndan, Qılman İlkin (Musayev), Əvəz Sadıq, Seyfəddin Dağlı (Abbasov), jurnalistlərdən Rza Quliyev, Qulam Məmmədli, İsrafil Nəzərov bədii-publisistik yazıları ilə soydaşlarımızın oyanışına təkan verirdilər. Qəzet cənublu şairlərin tribunasına çevrilmişdi. Daha sonra Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzeti fəaliyyətə başladı. O günlərin şahidi mərhum Əli Tudə xatirələrində yazırdı: “Hər yeni şeirimi qəzetdə gördükdə sanırdım ki, düşmənlərin sinəsinə yeni bir atəş açmışam. Şanlı firqəmizin sədri, Milli Hökumətimizin başçısı, söz ustalarımızın ağsaqqalı S.C.Pişəvəri “Azərbaycan” qəzetinə böyük qayğı göstərirdi. O təkcə qəzetə dərin məzmunlu, yüksək ideyalı, geniş əhatəli yazılar verməklə kifayətlənmirdi, həm də hər nömrəni ilk sətirdən son sətrə qədər diqqətlə oxuyub öz faydalı məsləhətlərini verirdi. O, bədii parçalarla daha çox maraqlanırdı. İşinin həddən artıq çox olmasına baxmayaraq, qələm sahibləri ilə görüşüb fikir mübadiləsi etməyə imkan tapırdı”.
Cənubi Azərbaycana göndərilmiş yazıçı və jurnalistlərimiz zamanı fövtə verməmiş, hər dəqiqəni fürsət bilmişdilər. 1944-cü ildə yazıçı dostu Qılman İlkinlə Cənubi Azərbaycana göndərilən jurnalist, teatrşünas, salnaməçi Qulam Məmmədli xatirələrində dostu Qılmanla Qəzvində, Rəştdə, Mazandaranda, Nişapurda, Məşhəddə olduğunu bildirir. Bir gün onlar Mazandarana gedərkən yol kənarında dayanmış adamlardan gedəcəkləri yerin ünvanını soruşurlar. Qulam Məmmədli “Ömür dəftərindən səhifələr” adlı xatirələr kitabında o günləri belə yad edir:
“Onlar yol göstərib, maşınımızda olan “Vətən yolunda” qəzetindən onlara verməyi farsca xahiş etdilər. Mən onlara:
– Siz o qəzeti oxuya bilməzsiniz! – dedim.
– Nə üçün?
– Ona görə ki o qəzet azərbaycancadır.
– Elə biz də azərbaycanlıyıq da! – deyə onlardan biri cavab verdi.
Biz buna təəccüb etdik. Əhalisinin çoxu fars olan bu yerlərdə (Mazandaranda – M.Ç.) azərbaycanlı olması maraqlıdır. Bunun səbəbini soruşduq, kişi belə cavab verdi:
– Bizim babalarımız qarabağlı olublar. Fətəli şah zamanında onları öz yerlərindən buraya məcburi surətdə köçürüblər.
Aydın oldu ki, 1826–28-ci illərdə İran ilə Rusiya arasında gedən müharibə zamanı bunları vətəndən ayırıb bu yerlərə gətirmişlər. Hadisədən az qala yüz iyirmi il keçmişdi. Xalq öz dilini, ana dilini unutmamışdı. Bu dili unutdurmaq üçün nələr etmədilər, nə tədbirlər görmədilər, təhqirlərə əl atmadılar? Hamısı da nəticəsiz qaldı! Yüz il keçir. Mazandaranda yaşayan kəndli: “Biz Qarabağdanıq, azərbaycanlıyıq!” – deyir.
“Yolçu yolunda gərək!” – deyiblər. Qarabağlılarla vidalaşıb ayrıldıq” (Q.Məmmədli “Ömür dəftərindən səhifələr”, “Təhsil” nəşriyyatı, 2016, səh. 127).
Qulam müəllim əslən Təbrizdən idi. 25 mart 1897-ci ildə orada anadan olmuşdu. Çox gənc ikən ailəsi ilə Aşqabada köçmüş, oradan isə Bakıya gələrək burada məskunlaşmışdı. O, fədakar, yorulmaz tədqiqatçı, salnaməçi idi. Mən onunla ötən əsrin səksəninci illərində “Yazıçı” nəşriyyatında tanış olmuşdum. Qulam müəllim 8 iyul 1980-ci ildə Azərbaycan radiosunda səslənən “Aşqabad Azərbaycan teatrı” adlı verilişimin qonağı olmuşdu.
II Dünya müharibəsində İranda çıxan “Vətən yolunda” qəzetində ədəbi işçi kimi çalışmış Qulam Məmmədli Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi. Onun cəfakeşliyinin şahidi olan Xalq yazıçısı Qılman İlkin müsahibələrinin birində deyirdi: “İranda olduğu müddətdə Qulamın baş çəkmədiyi bir kitabxana və ya kitab mağazası qalmamışdı. Həmişə axtarışda idi. Nəticəsi də pis olmadı. Möcüz və Heyran xanım kimi şairləri xalqımıza ilk dəfə o tanıtdı. Əsərlərini ilk dəfə o çap etdirdi. Qulam Cənubi Azərbaycanın, demək olar ki, bu başından vurub o başından çıxmışdı” (“Həyatım ağrıyır” toplusu, Bakı, “Təhsil”, 2013, səh. 176).
Daim elmi axtarışlarını davam etdirən, yorulmaz tədqiqatçı Qulam Məmmədli 1994-cü il noyabrın 18-də Bakıda vəfat etmişdir.
Min təəssüf ki, 1945-ci ildə Cənubi Azərbaycanda yaradılmış Milli Hökumətin ömrü çox uzun çəkmədi. O illərin şahidi, 22 yaşında Təbriz filarmoniyasının direktoru olmuş şair Əli Tudə illər sonra yazıb çap etdirdiyi “Öz gözlərimlə” kitabında yazırdı: “… bu axşam, yəni Azər ayının 21-ci axşamı (dekabr ayının 12-ci axşamı) bayram axşamı olacaqdı. Bu axşam azadlıq da bir yaşa dolacaqdı. Bu azadlığın şirin bəhrələrini dadan insanlar bu axşam öz evlərində açacaqları Vətən nemətləri ilə dolu halal süfrə başında kövrək qədəmli səadət bayramının bir yaşını minnətdarlıqla, təntənəylə, ləyaqətlə qeyd edəcəkdilər”.