Dəniz insanın duyğularının ən səssiz, ən sədaqətli şahididir. Bəzən insanların sevincinə şərik olar, coşar, dalğaları ilə göylərə yüksələrək sanki insan qəlbindəki xoşbəxtlik notlarını göyə yazmaq istəyər. Günəşli günlərdə parlayan, gülümsəyən dəniz insanın iç dünyasına da öz işıltısını hopdurar. Elə bil, dənizin hər damlası bir insanın qəlbindən süzülən sevinc göz yaşlarıdır.
Bəzənsə dəniz insanların dərdinə yoldaşlıq edər. Qəmli baxışlarla seyr olunan sahillərdə dəniz öz sakitliyi, həzin dalğaları ilə dərdlərə qucaq açar. İnsanın içindəki acıları sükut dolu bir anlayışla dinləyər. Bəlkə də, ən gözəl sirdaşdır dəniz… Hər kəsdən gizlədilən, dillə ifadə olunmayan dərdləri anlayar o. Səssiz bir dinləyici kimi insanın ürəyində gizlətdiyi qəmli xatirələri, üzüntülü duaları, ürkək ümidləri dinləyər və sanki hər birini dalğaları ilə toplayaraq uzaqlara aparar. Sanki sahildə bir adam durub bütün ürəyini dənizə danışır və dəniz onu heç bölmədən, hökmlər vermədən, sadəcə dinləyər. Sonra hər sözün, hər göz yaşının yükünü öz üzərinə götürüb sahildən uzaqlaşdırar. Dalğalar geri qayıdar, amma dərdlər geri qayıtmaz. İnsanın ruhunda bir yüngüllük doğar. Bir anlıq da olsa, qəlbindəki daş kimi ağırlaşan kədər əriməyə başlayar.
İnsanın sanki az da olsa, ruhunu dincəldər sakitliyi ilə, qoxusu ilə, rəngi ilə… Səhərin erkən çağlarında, dənizin sükut içində nəfəs aldığı o anlarda insan özünü kainatın qucağında hiss edər. Dənizin qoxusu, dalğaların mavi ilə bozun arasında dəyişən rəng oyunları insan ruhunda sonsuz bir sakitlik yaradar.
Axşamçağı, günəş dənizin qoynunda batarkən bənövşəyi və narıncı rənglərin qucağında bir zaman dayanar. İnsan da dayanıb baxar… Ruhunun qarmaqarışıq telləri bir-bir çözülər. Dənizin sonsuzluğuna baxdıqca insan öz dərdlərinin nə qədər kiçik olduğunu anlayar. Dalğalar kimi dərdlərin də gəlib-keçici olduğunu hiss edər. Sükutla dinləyər dənizi və dəniz ona dinclik pıçıldayar.
Dəniz insan ruhunun dərinliklərinə enən bir güzgü kimi insanı dinləyər, onu anlamağa çalışar. Onda özünü tapmaq istəyənlər üçün, öz iç səslərinə qulaq asmaq istəyənlər üçün əvəzolunmaz bir dostdur dəniz. İnsan bəzən özündən qaçar, amma dənizlə qarşılaşdığında öz ruhunun aynasına baxar.
Dəniz… Sonsuz bir dinləyici, səssiz bir dost, insan ruhunun ən dərin, ən gizli sirdaşı… İnsanlar gəlib-gedir, zaman ötər, qasırğalar qopar, fırtınalar yatar, amma dəniz dəyişməz… Hər zaman qucağını açıb insanı qəbul edən, dərdləri qucaqlayıb uzaqlara daşıyar. Böyük səbir və sevgi ilə dalğalanar.