Çindavul Kabil şəhərinin həm tarixi, həm də mədəni baxımdan ən zəngin və dəyərli məhəllələrindən biridir. Bu məhəllə 1738–1739-cu illərdə Qızılbaşlar tərəfindən salınaraq şəhərin qədim türk-şiə izlərini yaşadan ilk icmalardan birinə çevrilmişdir. Məhəllənin ilkin sakinləri Qızılbaşlar olmuşdur. Günümüzdə də Çindavulda yenə Qızılbaşlar və Həzaralar yaşamaqdadır.
Əfqanıstan tarixindəki ictimai ziyalıların əksəriyyəti burada dünyaya gəldiyi üçün buranı Əfqanıstanın Oksfordu adlandırırlar. Hətta bir Əfqan-Qızılbaş şeirində deyilir ki, “Əgər Kabil üzük olarsa, onun gözəl qaşı Çindavul olardı”.
Qızılbaş icması, dövlət və şəxsi ticarət fəaliyyətlərinin mətn və yazılı tərəflərində iştirak edən yerli əfqan tərəflər arasında ən nüfuzlusu sayılır. Bu sahələrdə savadlılıq gücünə sahib olmaq Əfqanıstandakı şiə Qızılbaşları şiə Həzaralardan fərqləndirən əsas amillərdən biridir.
1890-cı illərdə Əfqanıstanda yeni bir dövlət bürokratları sinfi möhkəm şəkildə formalaşmışdı və bu sinif daxilində Kabilin Qızılbaş icması geniş şəkildə təmsil olunurdu. Təxminən iki nəsil əvvəl, 1830-cu illərdə, müstəmləkə idarəçiləri (İngilislər) Kabil Qızılbaşlarının nüfuzuna böyük maraq göstərmişdilər. Onlar Qızılbaşları ayrıca bir yaşayış məhəlləsində – Çindavulda yaşayan (müstəqilliyə sahib) bir icma kimi təsvir edirdilər. Bu məhəllənin “ayrı polisi və ədalət məhkəmələri” mövcud idi və ən önəmlisi, Kabilin “bütün yerli və xarici yazışmalarını” onlar idarə edirdi ki, bu da onların təsirinin hər istiqamətə yayılmasına səbəb olurdu. XIX əsrdə Kabil Qızılbaşları yüksəlməkdə olan dövlət katibləri sinfi daxilində nüfuzlu mövqelərini daha da inkişaf etdirib möhkəmləndirdilər və bu səbəbdən də dövlətin bürokratik elitasının getdikcə daha mühüm bir hissəsinə çevrildilər.
20-ci əsrin əvvəllərində dövlət bürokratiyasında və formalaşmaqda olan ictimai ziyalılar arasında Qızılbaşların nüfuzu o dərəcədə artmışdı ki, Kabilin Qızılbaş məhəlləsi olan Çindavul yerli əhali arasında “Əfqanıstanın Oksfordu” kimi tanınmağa başlamışdı.
Gəlin Çindavulun tarixini və mədəniyyətini, onun sakinlərinin yaddaşında qaldığı şəkildə davam etdirək.
Qızılbaş hərbi dəstələri 1738–39-cu illərdə Kabilə yerləşərək Çindavul məhəlləsini yaratdılar. Bu ərazi möhkəmləndirilmiş bir sahə idi. Çindavul o vaxtdan bəri şiələrin görünən və tanınan məhəlləsi olub və bu statusunu bu gün də qoruyur. Orada özünəməxsus bazar, məscidlər, məclis zalları, hamamlar, emalatxanalar (ipək, yun, ayaqqabı ustaları), tövlələr, ziyarətgahlar, bağlar və gəzinti yolları var idi. “Çindavul” sözü türkcə hərbi termindir və “arxa cəbhə”, “mühafizə dəstəsi” mənasını verir. Bu, əsas süvari qüvvələrdən sonra hərəkət edən ordu dəstələrini ifadə edir.
İnanılır ki, Çindavulun ilk sakinləri Cavanşir Qızılbaş qoluna mənsub olublar; bu qol Qacarlı, Mahmudlu və Kəngərlilər ailələrindən ibarət idi. Digər əsas ailə isə Şahsevənlər olub (yerli dildə “Şah Səmənd” adlanırdı). Əmir Aslan xan və Cəfər xan Çindavulun ilk rəhbərləri kimi xatırlanırlar.
Mənbələr:
– Shah Mahmoud Hanifi, “Connecting Histories in Afghanistan: Market Relations and State Formation on a Colonial Frontier” əsəri və “Making Space for Shi’ism in Afghanistan’s Public Sphere and State Structure” məqaləsi.
– Solaiman M. Fazel, “Ethnohıstory Of The Qızılbash In Kabul: Migration, State, and A Shi’a Minority, [Indiana University]”
Vahid İbayev
Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı