Füyuzat 131 Mahir Qəribov, Tarix

Əhməd bəy Ağaoğlunun “Suruş” qəzetindəki yazıları

XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlunun Osmanlı dövlətində məqalələrinin nəşr olunduğu mətbuat orqanlarından biri fars dilində dərc edilən “Suruş” qəzeti idi. Bu qəzetdə daha çox tənqidi məqalələrə yer verilir, dövrün çətinlikləri, irtica rejimi, zülm və istibdadın tənqidi öz əksini tapırdı. İranda Məşrutə inqilabının tarixi nailiyyətlərindən biri də ölkədə konstitusiya ilə yanaşı, müstəqil, tənqidi jurnalistikanın formalaşması olmuşdur. Bu jurnalistika üslubunun görkəmli nümayəndələrindən biri “Sur-i Esrafil” qəzetindəki məqalələri ilə İran jurnalistikasının həyatında yeni səhifə açan Əli Əkbər Dehxoda idi. Tehranın tanınmış məşrutəçilərindən və yazarlarından olan Dehxoda İrandan qaçdıqdan sonra 30 iyun 1909-cu ildə İstanbulda “Suruş” qəzetini nəşr edir. Onun İran zülmünə qarşı mübarizəsi və fəaliyyəti “Suruş” qəzetinin səhifələrində öz əksini tapır. Türkiyəyə gedəndən sonra Əhməd bəy Ağaoğlu da “İttihad və Tərəqqi” nümayəndələriylə yanaşı, Əli Əkbər Dehxoda ilə əməkdaşlıq edir və onun rəhbərliyi ilə çıxan “Suruş” qəzetində məqalələr çap etdirir.

Dehxoda Ağaoğlu haqqında öz qəzetində yazırdı: “Çox müdrik insan,  “İrşad” və “Tərəqqi” qəzetlərinin baş redaktoru olan Əhməd bəy Ağayevin adı İranda, Qafqazda və Türkiyədə islam dünyası üçün göstərdiyi xidmətlərə görə məşhurdur”. Dehxodanın fikrincə, Ağaoğlunu digərlərindən fərqləndirən onun mehribanlığı, pak niyyəti və əməli xidmətləri idi. “Cəmiyyətimizin insanları kortəbii mühit içində olduğu bir vaxtda bu böyük mütəfəkkirimiz islam dünyasındakı insanlara maarifçilik yolunu gətirdi”. Dehxodanın bu qeydi oxuculara “iki son dərəcə yaxşı xəbər”i verməklə bitirdi: biri Ağaoğlunun yaxın gələcəkdə İrana qayıtmaq qərarı, digəri isə “Suruş” qəzeti ilə əməkdaşlıq edəcəyi idi. Əhməd bəy Ağaoğlunun “Suruş”dakı ilk məqaləsi qəzetin 6-cı sayında, 1909-cu il sen­tyabrın 1-də nəşr olunur. Ağaoğlunun bu yazısı həm forma, həm də məzmunca Parisin “Nouvelle Revue” jurnalında yazdıqlarını xatırladırdı (Süleymanlı M. “Əhməd Ağaoğlunun ilk elmi əsəri: Şiə dinindəki məzdəki inancları”, Bakı, 2007, s. 128). Əhməd bəy Ağaoğlu ilk məqaləsində İranda itirilmiş milli kimliyi, ancaq mərsiyə və yas tutan kədərli fars rejimini təsvir edir. Bununla o, son 150 ildə İranda yaşayan bütün xalqları aşağılayan “despotizm əjdahası”nı tənqid edir, iranlıları tiranlığa qarşı mübarizəyə səsləyirdi. Ağaoğlu bu mübarizəni Musanın fironla, Allahın şeytanla yeni mübarizəsi kimi izah edirdi. O həmçinin “zülmün köklərinin vərdişlərimizdə, davranışlarımızda, susqunluğumuzda və hətta dinimizdə qalacağından” ehtiyatlanırdı(Suruş” qəzeti, №6, 1 sentyabr 1909, s. 3).

Ağaoğlunun “İran hökuməti hanı?” adlı ikinci məqaləsi “Suruş”un yeddinci sayında dərc olunub. O, Təbriz Şəhər Şurasının (Əncümən) “Sabah” qəzetinə göndərdiyi teleqrama istinad edərək beynəlxalq ictimaiyyəti Rusiyanın qanun pozuntularına qarşı mübarizəyə çağırır, İranın xaotik vəziyyətini şiddətlə tənqid edir, eyni zamanda Tehran hakimiyyətini məsuliyyətsizliyinə görə tənqid edir. Həmin dövrdə Məhəmməd Əli şah rejiminin devrilməsinə baxmayaraq, məclis hələ də çağırılmamışdı. Bəzi bölgələrdə qubernator yox idi, digərlərində isə konstitusiyaya zidd şəxslər qubernator təyin edilmişdi. Ağaoğlu iddia edirdi ki, Tehranı azad edənlər dövlət işlərini təşkil etmək yerinə öz maraqlarını güdürlər: “İranlıların bədbəxtliyi həmişə ondan ibarət olub ki, biz iranlılar titulların, adların, ambisiyaların əsiri oluruq, lakin bizə həvalə olunmuş vəzifə və məqsədləri lazımi səviyyədə yerinə yetirmirik. Tehran hazırda sui-qəsd, hiylə, yaltaqlıq və riyakarlıqla idarə olunur” (“Suruş” qəzeti, №7, 22 sentyabr 1909, s. 2).

Ağaoğlu “Suruş”un səkkizinci sayında “İranın şərtləri” adlı üçüncü məqaləsində Monteskyönün “De L’esprit des Loix” (Qanunların ruhu haqqında) əsərində avtokratiya ilə konstitusionalizm arasındakı fərqi izah edir, diktaturanın qorxu və zülm üzərində qurulduğunu və bu iki ünsürün ailə münasibətlərindən tutmuş tərbiyə metodlarına qədər ictimai həyatın bütün sahələrini kölgədə qoyduğunu qeyd edir. Daha sonra müəllif bildirir ki, “despotizm ünsürləri” bizim qəlbimizdə və ruhumuzda dərin kök salıb, ona görə Məhəmməd Əli şah rejiminin süqutu İran xalqlarının üzərində beş min illik zülmün başa çatması demək deyil. Ağaoğlunun fikrincə, diktatura irsinin tamamilə məhv edilməsi yalnız konstitusionalizm prinsiplərini təbliğ edən, həm də xalqın mənafeyini avtokratik prinsiplərdən təmizləyən qurumların yaradılması ilə mümkün ola bilər. Lakin İrandan gələn xəbərlər yeni dövlət adamlarının bir-birinə zidd olduğunu və mənfəət əldə etməkdən başqa heç bir maraqlarının olmadığını göstərirdi…

Davamı…