Əsası böyük mütəfəkkir Əli bəy Hüseynzadə tərəfindən qoyulmuş “Füyuzat” jurnalı 100 ildən sonra – 2007-ci ildə 33-cü nömrə ilə yenidən nəşrə başladı. Artıq yeni “Füyuzat”ın 15 yaşı tamam olur. Ötən illər ərzində dərgi hansı mövzulara toxunub, hansı mətləblərdən xəbər verib? Bu məqamda deyiləsi söz, yazılası mövzu, həqiqətən də, çoxdur…
“Füyuzat” XX əsrin əvvəllərində xalqı cəhalətdən qurtarmaq, müasirliyə, ümumtürk birliyinə nail olmaq üçün söz tribunası yaratdı. O dövrdə jurnal ətrafına toplaşan ziyalılar öz nurlu düşüncələri ilə sanki qaranlığa işıq saçdılar, xalqın nurlu sabahı üçün ömürlərini şam kimi əritdilər.
Əli bəy Hüseynzadənin bədii-publisist irsinin təhlili onun həm nəzəri, həm də praktiki cəhətdən maarifçi bir insan olduğunu təsdiq edir. Ədibin müasiri olduğu Azərbaycan ziyalıları millətin üzləşdiyi əksər problemlərin kütlənin savadlanması, maarifləndirilməsi yolu ilə aradan qaldırılacağına inanırdı.
Nəşrin coğrafiyası türklərin yaşadığı etnik-tarixi arealın mühüm bir qismini əhatə edirdi. “Füyuzat”ın fəal müəllifləri sırasında baş redaktor Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycan və Osmanlı ədəbiyyatını təmsil edən, dövrün çağdaş ədəbi fikrində yetərincə populyarlıq qazanmış Həsən bəy Zərdabi, Məhəmməd Hadi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Səid Səlmasi, Əhməd Kamal, Abdulla Şaiq, Abbas Səhhət, Abdulla Sur, Abdullah Cövdət, İsmayıl Səfa kimi ictimai-siyasi xadimlər, yazıçı, şair və filosoflar vardı.
“Füyuzat”ın 32 sayı işıq üzü gördü. Və 1907-ci ildə fəaliyyətini dayandırmaq məcburiyyətində qalan, lakin 100 il sonra Milli, İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun dəstəyi, həmçinin ustad jurnalist Teymur Əhmədovun redaktorluğu ilə yenidən nəşrə başlayan bu dərginin bir amalı, bir məqsədi var: Xalqa, Vətənə, Millətə, Dövlətə faydalı olmaq. Bu ənənə bu gün də yaşayır. “Füyuzat” jurnalını vərəqlədikcə xalqımızın tarixinə, mədəniyyətinə dərin ehtiram və sevgi aydın duyulur. Cəmiyyətdə öz mövqeyi ilə tanınan ziyalılar, qələm sahibləri, jurnalistlər, şair və yazıçılar, tarixçilərin bir-birindən maraqlı yazıları burada öz əksini tapır. Hansı mövzuya müraciət olunmasına baxmayaraq “Füyuzat” oxucusu onu oxumaqdan yorulmur, usanmır. Çünki elmiliklə yanaşı, həmin yazılarda vətənpərvərlik və səmimiyyət açıq hiss olunur. Günümüzün gənci “Füyuzat”ı oxumaqla sanki dərin bir ümmana baş vurur, tariximizin, mədəniyyətimizin, zəngin folklorumuzun sehrinə düşür; soykökümüzün, ulularımızın nə qədər dəyərli, qiymətli bir mirasa sahib olduğunun fərqinə varır.
Atalarımızın gözəl bir sözü var: “Xalqın içərisinə nə qədər enərsən, xalq səni bir o qədər yüksəyə qaldırar”. Bu gün “Füyuzat” xalqın ruhunda, onun mədəniyyətində, ədəbiyyatında yaşayır və sevilir. Dərgidə həmçinin dövlət rəmzlərimiz, bayrağımız, himnimiz, gerbimiz, eyni zamanda Cümhuriyyət tariximizə dair bir-birindən maraqlı yazılara yer verilir. Bu məqalələri oxuduqca mənəvi dəyərlərə nə qədər həssaslıqla yanaşıldığının şahidi olursan. Budur vətənpərvərlik, budur öz tarixini, mədəniyyətini sevmək, mütərəqqi ideyaları yaşatmaq. Jurnal təkcə yazıları baxımından deyil, nəfis tərtibatı ilə də diqqət çəkir; hər səhifədə bir gözəllik, estetik zövq duyulur.
XIX əsrin əvvəllərində xalqımız tərəfindən yaşadılan xeyriyyəçilik ənənəsi günümüzdə də davam edir. MİMTA Fondu buna bariz nümunədir. Vaxtilə Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və digər xalq fədailəri hansı xidmətləri göstərmişdisə, bu gün o missiyanı MİMTA ailəsi yerinə yetirir. MİMTA Fondunun məram və məqsədi xalqa, millətə, dövlətə faydalı olmaqdır.
Bir məqamı da qeyd edək ki, MİMTA Fondu təkcə “Füyuzat”a deyil, XX əsrin əvvəllərində qadın məcmuəsi kimi nəşr olunan “İşıq” qəzetinə də yeni həyat verdi. Artıq 2012-ci ildən “İşıq” jurnalı olaraq çap edilən bu dərginin səhifələrində xalqımızın tarix və mədəniyyətində öz fəaliyyəti ilə gənclərə nümunə ola biləcək qadınların həyatına nəzər yetirilir. Qadını savadlı olan millətin gələcəyi də işıqlı olar. Bu baxımdan “İşıq”ın da fəaliyyəti və xidmətləri misilsizdir.
Belə bir söz var: “Amal yüksək olanda insan özü də ucalır”. “Füyuzat” jurnalı yenidən nəşrə başlayanda onun redaksiya üzvləri bu qədər seviləcəklərini bəlkə heç özləri də təxmin etmirdilər. Bu gün “Füyuzat” oxucusunda bu müqəddəs amalın daşıyıcılarına dərin hörmət və ehtiram var. Redaksiya rəhbərliyi, “Füyuzat” kollektivi bu sevgini öz əqidəsi, vətənpərvərliyi, təvazökarlığı, qarşıya qoyduğu müqəddəs amalla qazanıb.
Doğma Qarabağımız, onun tarix və mədəniyyətini, gözəlliyini vəsf edən yazılar, şeirlər “Füyuzat”ın səhifələrində mütəmadi olaraq yayımlandı. O torpaqlara qayıdacağımız günün yaxın olduğu hər məqamda böyük inam hissi ilə oxucuya aşılandı.
50 milyonluq Azərbaycan xalqı və böyük türk milləti bu gün “Füyuzat”ın səhifələrindən nəinki Qarabağın, həm də Cənubi Azərbaycanın, Qərbi Azərbaycanın, Borçalının, Dərbəndin tarixini sevə-sevə oxuyur. Çünki bu coğrafiyanın tarixi və dəyərləri bizə canımız-qanımız qədər yaxın, doğma və əzizdir.
Uğurlarınız bol olsun, MİMTA ailəsi! 15 yaşın mübarək, “Füyuzat”!