Azərbaycanın diplomatik iradəsi artıq bölgəsəl çərçivəni çoxdan aşıb. Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt Zirvəsi bunu bir daha göstərdi. Zirvə “qeyri-rəsmi” adlansa da, imzalanan Bəyannamənin məzmunu, verilən ismarıclar və göstərilən siyasi qətiyyət heç də qeyri-rəsmilik, qeyri-formallıqla yorumlanacaq qədər sadə deyildi.
Bu, mahiyyət etibarilə strateji dərinlikli və siyasi baxımdan qətiyyətli bir platformdur.
Açıqlamanın ən önəmli cəhətlərindən biri – əslində, bu dəfə ən çox gözlənilən siyasi jest – Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) verilən dəstək oldu. TDT-nin bu addımı sadəcə diplomatik bir sayğıduyarlıq ifadəsi deyil, açıq şəkildə Türk dünyasının öz içindəki birlik və həmrəyliyi daha ciddi səviyyəyə daşımaq niyyətini göstərir. Budapeşt Bəyannaməsində ŞKTC-nin təşkilata müşahidəçi statusunda verdiyi töhfələrin alqışlanması, Kipr məsələsinin ədalətli və həyat qabiliyyətli çözümünə çağırış diqqətəlayiqdir. Bu, uluslararası münasibətlər dilində açıq bir ismarıcdır: Təşkilat artıq səhnəyə yalnız müşahidəçi yox, gerçək siyasi aktor kimi çıxır.
Bu, bir başqa “zirvə”ni – Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələrinin yaxın aylarda keçirilmiş toplantısını da kontekstə gətirir. Həmin zirvənin (sammitin) yekun sənədində Kiprlə bağlı bənd, özəlliklə də Azərbaycan kimi öz suverenliyi uğrunda qətiyyətlə mübarizə aparmış bir dövlətin mövqeyindən baxdıqda tamamilə əsassız və gerçəklikdən uzaq idi. Bu, gerçəkçilərlə qeyriləri arasında yaranmış siyasi uçurumun növbəti örnəyidir.
Əlbəttə, Azərbaycan belə oyunları yaxşı tanıyır. Xatırlayaq ki, vaxtilə qardaş Qazaxıstan və Qırğızıstan KTMT üzvü olsa da, Ermənistanın Azərbaycanın əleyhinə olan isterik çağırışları bu platforumda “sıfır təsirli” olmuşdu. Bu gün isə eyni “sıfır təsirli”lilik, Aİ–Mərkəzi Asiya zirvəsinin Kiprlə bağlı qətnaməsinə də aiddir. Yəni o qətnamənin Kipr bəndi diplomatik ədəbiyyatda rütubətə düşəcək və tarixə keçməyəcək kağızüstü cümlələr ola bilər…
Bu baxımdan Azərbaycanın ŞKTC ilə bağlı uzun illərdir dəyişməyən (hətta özümüzün torpaqlarımız işğal altında və necə deyərlər, əl-qolumuz bağlıykən belə!) qətiyyətli mövqeyi artıq Budapeştdə sərgilənən siyasi mövqe ilə dərindən səsləşir. Azərbaycan Prezidentinin çıxışı, TDT çərçivəsindəki bütün sürəclərdə fəal iştirakı, sülhə çağırışları ilə yanaşı milli maraqların prinsipial şəkildə qorunması, həm də Türk dünyasının bütövləşməsinə verilən dəstəyi nümayiş etdirir.
Budapeşt Zirvəsinin digər önəmli ismarıcları da diqqətdən qıraqda qalmamalıdır:
- Türkiyənin Suriyadakı sabitləşdirici rolunun dəstəklənməsi;
- Qəzzaya humanitar yardım çağırışları;
- Novruzun (Yeni günün) ortaq bayram kimi vurğulanması.
Bunların hər biri TDT-nin artıq yalnız etnik və mədəni bağlılıqla deyil, siyasi, humanitar baxımdan da koordinasiyalı mövqelər formalaşdırmağa başladığını göstərir.
Və ən nəhayət:
- TDT Katibliyinin büdcəsinin artırılması – bu, təşkilatın texniki imkanlarının gücləndirilməsi ilə yanaşı Türk dünyasının gələcək güc mərkəzinə çevrilməsi yolunda önəmli infrastruktur addımıdır.
Budapeştdə səslənən ismarıclar, imzalananlar və qət edilənlər təkcə bu gün üçün deyil. Bu, XXI yüzilin əsl Türk Yüzilliyi olması üçün – Turan şahlanışı üçün atılan strateji addımların tərkib hissəsidir. Azərbaycan bu yolda, necə deyərlər, sözünü deyir, iradəsini də göstərir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!