Göy üzünü buludlar bürümüşdü. Gah boz, gah qara rəngə çalan bu buludlar sanki yerə dərdini söyləməyə hazırlaşırdı. Gözlərimi göyə dikmişdim. Eyvandan həyəti seyr edirdim. Ağacların yarpaqları tərpənmirdi, quşlar da səssizcə bir sığınacaq tapıb gizlənmişdilər. Sanki təbiət nəfəsini tutmuşdu, bir azdan baş verəcək sehrli bir hadisəni gözləyirdi. Birdən ruh oxşayan yağış yağmağa başladı. İlk damlalar ehtiyatla, sanki icazə istəyirmiş kimi torpağa toxunurdu. Sonra sürətini artıraraq ritmik bir musiqi kimi ətrafa səpələnməyə başladı. Həmin an içimdə qəribə bir həyəcan, bir sevinc dalğası hiss etdim. Həyatımda ən çox sevdiyim şeydir bu mənzərəyə baxmaq. Hər dəfə yağış başlayanda sanki ruhum bir başqa aləmə köçür. Səssiz, sakit və eyni zamanda dərin bir dünyaya.
Küçədə qarışıq bir mənzərə vardı. Hər kəsin yağışa verdiyi reaksiya fərqli idi. Kimi boynundakı şərfi çıxarıb başına tutur, sanki bu təbii nemətdən qorunmağa çalışırdı. Kimi də əlindəki kitabları qorumağa çalışaraq onları paltarının altına gizlədirdi. Bəziləri sevgilisi ilə əl-ələ tutub yağışın həzzini çıxarmağa çalışırdı. Kimi də çətiri var deyə rahat, tələsmədən gəzir, heç nəyə fikir vermədən yolda addımlayırdı. Bu müxtəlif mənzərələr bir-birinə qarışmışdı və ortaya qəribə, eyni zamanda maraqlı bir tablo çıxmışdı. Mənsə onları diqqətlə seyr edirdim və mənə bunların hamısı gülməli gəlirdi. İnsanların yağışa bu qədər fərqli yanaşması məni düşündürürdü. Çünki o insanların çoxu sanki yağışdan zövq almağı bacarmırdı.
Əgər sehrli narın damlaların altında islanmadınsa, onu hiss etmədinsə, Xudanın təbiətə bəxş etdiyi möcüzəni çətin anlayasan. Çünki bu yalnız gözlə görəcəyin bir şey deyil. Bu, içində hiss olunmalı bir duyğudur. O damlalar təkcə torpağı deyil, insanın ruhunu da yuyur, içindəki qarmaqarışıqlığı səssizcə arındırır. Mən də bu möcüzənin sehrli tilsiminə düşmək üçün evdə bir şeyi bəhanə edib həyətə çıxdım. İçimdəki çağırışa cavab verdim, özümü bu nurlu damlalara təslim etdim. Hər damla sanki qəlbimə toxunurdu. Soyuq, lakin canlandırıcı bir hiss. Elə bil təbiət mənimlə danışır, “burdayam, sənə qucaq açmışam” deyirdi.
Yağışın hər zərrəsi yerə düşdükcə ruhum sakitləşirdi. Bu sakitlik gündəlik həyatın səs-küyündən, insanların bitməyən şikayətlərindən uzaq bir dünya idi. Bəziləri “Bu yağış niyə yağdı? Yenə üst-başımız palçıq olacaq. Eh, saçım islandı, onu çətinliklə düzləşdirmişdim, makiyajım da pozuldu,” – deyə gileylənib qaşlarını çataraq iti addımlarla hərəkət edərkən, mənsə balaca uşaq kimi sevinirdim. Onların şikayətləri mənim gözümə mənasız gəlirdi. Onlar təbiətin bu möcüzəsinə qarşı inadkarlıq edirdilər, amma mən bu möcüzənin bir parçası olmaq istəyirdim. Yağış damlalarının altında ətrafa yayılan xoş ətri içimə çəkirdim. Torpaqla yağışın qarışıq qoxusu sanki insanın ağlını başından alırdı. Bu qoxu mənə uşaqlığımı xatırladırdı, kənddə babamın həyətində yağan yaz yağışlarını, göy qurşağını gözlədiyimiz o günləri.
Qəlbimi qəribə bir hiss bürüyürdü. Qəlbimdəki duyğular baş qaldırır, özümü sanki ürəyim yerindən çıxacaqmış kimi hiss edirdim. Bəzən insanlar göz yaşı tökmək üçün bir səbəb axtarır. Mən isə sadəcə yağışın altına keçib göz yaşlarımla yağış damlalarını qarışdırırdım. Bu möhtəşəm hissi ifadə etmək qeyri-mümkündür. Sözlər yetmir. Bunu ancaq yağış aşiqləri anlaya bilər. O insanlar ki, yağış başlayanda pəncərədən çölə baxmaqla kifayətlənməz, özlərini damlaların altına atarlar, qəlblərində fırtınalarla birləşərlər.
Şirin xəyallara dalıb keçmiş xatirələri yada salmağa başladım. Sanki zaman dayanmışdı. Hər şey bir film lenti kimi gözümün önündən keçir, mən isə o lentin baş qəhrəmanı kimi hər səhnəni hiss edirdim. Hər bir xatirə, hər bir baxış, hər bir hiss sanki canlanıb qarşıma çıxırdı. Hiss edirdim ki, təbəssüm dolu yanaqlarımı göz yaşlarımla isladıram. İçimdəki sevinc və kədər bir-birinə qarışmışdı. Amma bunu bilən yeganə insan mən idim. Bəlkə də, yağışı elə buna görə sevirəm. Axı yağış altında axan göz yaşları bilinmir. Göz yaşlarımı heç kim görmür, heç kim soruşmur “niyə ağlayırsan?” – deyə. Yağışla birlikdə susur, onunla birlikdə içimi boşaldıram.
Bu, bir az azadlıq, bir az sığınacaqdır. Təbiətin qoynunda, gözə görünməyən bir məbədin içində olmaq kimidir. Burada nə saxta gülümsəmələr var, nə də mənasız danışıq. Burada yalnız səssiz duyğular, yaş damlaları və təbiətin ağuşunda əriyən bir insan var.