Fikir vermisiz heç? İnsan onun xeyrinə olmayan şeylər haqqında özündə çox fərqli düşüncələr formalaşdırır. Məsələn, fərz edək ki, bir istəyimiz var, ona çatmaq üçün lazımlı-lazımsız hər künc-bucaqda bir işarə axtarırıq. Bəlkə də, bu, adi bir şey olur, amma onu özümüzə təsəlli verərək işarət sayırıq.
Gülməlidir, elə deyilmi? Bir yarpaq budaqdan qopub ayağının altına düşür, sən dayanıb saatlarla onun düşmə bucağını analiz edirsən. “Görəsən, bu bir mesajdır?” deyirsən. “Görəsən, yolumun üstünə düşməsi təsadüf deyil ki?” Əslində isə sadəcə külək əsib və o yarpaq çürüyüb. Amma yox, biz bəsit olanı sevmirik. Çünki bəsitlik reallıqdır, reallıq isə çox vaxt can yandırır.
Biz özümüzə işgəncə verməyin ən rahat yolunu tapmışıq – ümid etmək.
Hər şeyi ssenariləşdiririk. Birinin soyuq salamını “yəqin, bu gün yorğundur” deyə yozuruq. Halbuki, bəlkə də, o adamın heç bizdən xoşu gəlmir. Yenə də “yəqin” sözünün arxasına sığınırıq. O kiçik söz bizim üçün sığınacaq olur. Çünki həqiqəti qəbul etmək, o boşluğu, o “yox” cavabını həzm etmək bütün dünyamızı başımıza yıxa bilər…
Beynimizin içində minlərlə hazır “vəkillər” var. Hamısı da bizi yox, o uydurduğumuz yalanları müdafiə edir. “Bax bu gün göy üzü aydındır, deməli, hər şey düzələcək”, “Bax həmin mahnı qarşıma çıxdı, deməli, o da məni düşünür”… Özümüzü elə bir labirintə salırıq ki, çıxış qapısını görəndə belə: “Yox, bu qapı çox sadədir, yəqin, nəsə bir tələ var”, – deyib yenidən qaranlığa qaçırıq.
Əslində, biz işarətləri axtarmırıq, özümüzü aldatmaq üçün yeni bəhanələr yaradarıq. Çünki insanı öldürən həqiqətin özü deyil, o həqiqəti qəbul edəcək cəsarətin yoxluğudur. Öz mənfəətimiz üçün bütün kainatı öz xeyrimizə yalan danışmağa məcbur edirik. Sonra da o yalanların altında qalıb boğulanda günahı “taleyin işarətlərində” tapırıq.
Nə qəribədir… Öz uydurduğumuz nağıla hamıdan çox biz inanırıq.
Amma bilirsiz, insana ən ağır gələn şey nədir? İtirməkdən qorxduğu hər şeyi – bütün dünyasını, illərini, əməyini bircə şeyə və yaxud bircə insana qurban verməyə hazır olması. Əlbəttə, adam bu həyatda nəyisə qazanmaq üçün nələrinisə qurban verməlidir, bu öz yerində. Əyləncələrindən keçirsən, rahatlığını fəda edirsən… Bunlar dözüləndir. Amma adama ən çox təsir edən, ruhunu ən çox incidən şey başqadır: birinin uğruna, ya da nəyinsə naminə ən dəyərli nələrinisə fəda edirsən, illərini, gəncliyini, inamını masaya qoyursan və sonda bütün bunların heç nəyə dəymədiyini görürsən. Bax o an səni incidən şey o adam və ya o hədəf olmur. Sən itirdiyin o adama deyil, onun uğruna fəda etdiklərinə, özündən qoparıb verdiklərinə görə üzülürsən. O fəda etdiklərin geri gəlmir axı… Səndən gedən səndə qalmır.
Və sonra… Zaman keçir, dəyişirsən, o arzular köhnəlir. İllər sonra o arzuladığın hər şey bir-bir ayağına gəlir. Amma artıq nə həvəsin qalır, nə də o köhnə sevincin. Sanki tox adama dünyanın ən dadlı yeməyini gətirirlər, amma dadına baxmağa belə ərinir. Hər şey vaxtında gözəldir, vaxtı keçən hər şey sadəcə bir yükdür.
Daha sonra həyatımızda “birdən”lər peyda olur. Bu bircə kəlmə bizi, demək olar ki, hər şeydən məhrum edir. Addım atmaq istəyirik, “birdən” bizi saxlayır. “Birdən bu sözü desəm, xətrinə dəyər”, “birdən bunu eləsəm, səhv başa düşər”, “birdən mən bunu yesəm, o ac olar…” Sonsuz ehtimallar… Biz özümüzü o qədər bu sözün dustağı edirik ki, nəfəs almağa belə qorxuruq. Həyatı başqalarının rahatlığı, başqalarının hissləri üçün yaşayırıq.
Amma heç fikir vermisiz? Biz o “birdən” deyib özümüzü sıxdığımız, özümüzdən kəsib onlara verdiyimiz, xətri dəyməsin deyə susduğumuz adamlar… “of” belə demədən, bircə saniyə düşünmədən yeri gələndə bizim xətrimizə də dəyiblər, ürəyimizi də qırıblar. Biz “birdən o ac olar” deyə boğazımızdan kəsəndə onlar bizim yanımızda iştahla yeməklərini də yeyiblər. Biz onların kölgəsi üşüməsin deyə günəşin qabağını kəsəndə, onlar bizi fırtınanın ortasında tək qoyub gediblər.
Nə qədər paradoksal bir haldır, deyilmi? Sən “birdən”lər içində boğulub özünü yox sayırsan, amma qarşındakı üçün sən sadəcə bir “təsadüf”sən. Biz başqalarının qırılan qəlbini yapışdırmağa çalışarkən öz əllərimizin kəsik-kəsik olduğunu unuduruq. Və günün sonunda baxırıq ki, o “birdən”lər ancaq bizi məhv edib, onları isə sadəcə daha da lovğa və daha da acımasız edib… Axırda başa düşürsən ki, sən hər kəs üçün “birdən” olmayasan deyə vuruşanda onlar üçün onsuz da çoxdan “heç kim” olubmuşsan.
Yusif Əhməd
NDU-nun “Jurnalistika” ixtisası üzrə I kurs tələbəsi, “NDU Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvü



