Ədəbiyyat Füyuzat 124 ŞƏFƏQ SULTAN ƏLİXANLI

Nə söylər bu qərib dillər?

…Mən nə bilim bu qürbətin çəkilməyən nazı var?..

                    Qəmlərini yaza-yaza ömür keçdi, gün bitdi,

                    “Mən dərdi yox edəm” derkən dərdim məni əritdi…

                    Vurma, könül, vurma, əlbət bu qışın da yazı var,

                    Bu qara gün keçəridir, bir gün bitər, inləmə,

                    Bağçamızda “Sarı bülbül” yenə ötər, inləmə…

                                                                                          Almas Yıldırım

Bu misralar ildırım ürəkli, ildırım ruhlu və nə anlamdasa, elə ildırım taleli, mühacir ömrü yaşamış şairimiz Almas Yıldırımın bağrından qopub…

2022-ci ilin ilk baharında Almas Yıldırımın həsrət dolu misralarından süzülən bu işığa bənd olub: “O qış ötdü, qara gün bitdi. Vətən bağçasında ötən sarı bülbül naləsinə qatıldıq”, – deyirik, şairim!

Amma bu günlərə yetişincə gənc bir şair ömrü də ötdü, nə ötdü!.. Bu günlərə çox xəfif, kövrək, ancaq şərəfli izləri qaldı!..

Karanlıkta gözlerim dikilmiş ufuklara,
Bir fırtına sesi var, bulutlar gökte dal dal,
Açmış doğu bağrını sökecek şafaklara,
Kop ey deli fırtına, râşeni gönlüme sal,
İhtilâl istiyorum, mukaddes bir ihtilâl!..

Doğan güneşle kopsun bir akın velvelesi,
Görünsün kan köpüklü kısrakların yelesi,
Bitsin esir Türklüğün, bitsin artık çilesi,
Ne zincirli bir Kafkas, ne kan kusan bir Ural,
İhtilâl istiyorum, mukaddes bir ihtilâl!..

Adı Yıldırım, soyadı Almaszadə! 1907-ci ildə Bakıda anadan olub. Valideynləri Əbdülməhəmməd və Nisə xanım xırda ticarətlə məşğul olub, ailəni dolandırırmış. Oğlunun istedadını görən ata əvvəlcə onu o vaxtlar Bakıda iranlıların açmış olduğu “İttihad” məktəbinə verir. İlk təhsilini orada alır, ibtidai və orta təhsilinin tamamlanması I Dünya müharibəsi və rus inqilabı illərinə düşür…

Almas Yıldırım 1925-ci ildə Azərbaycan Universitetinin Şərq ədəbiyyatı fakültəsinə daxil olur. Amma bu sevinci uzun sürmür. Bir neçə aydan sonra proletar cəmiyyəti onu “tüccar” zümrəsindən olduğunu səbəb gətirərək universitetdən uzaqlaşdırır… Sonra təqiblər başlanır. Gənc şairin şeirlərindən “proletar” qoxusu, təbii ki, gəlmirdi… Ruhu bu qədər azad, abad, işıqlı, dilinə, torpağına dəyər verən bir şairi “bolşevizm” zəncirləriylə cilovlamaq olardımı?!

                              …Çəkilmiş qəlbinə əskidən min dağ,

                              Titrəyir eşqini anan hər dodaq,

                              Yayılır şikəstə səsləri dağ-dağ,

                              Nə söylər bu qərib dillər, a dağlar?

“A dağlar” şeirini o vaxt İstanbulda çıxan “Həyat” dərgisində nəşr etdirir və bununla da hökumətə yarınmaq istəyən proletar şairlərin hiddətini bir az da coşdurur…

Ona yerli mətbuatda açıqdan-açığa hücumlar başlanır. Nəhayət, dövrün amansız damğası – əslində isə bəlkə də bir şair kimi ən yüksək mükafatı “H.Cavid və Ə.Cavadın davamçısı, o yolun yolçusu” adı ilə ədəbiyyat cəmiyyətindən uzaqlaşdırılan A.Yıldırım əvvəlcə Dağıstana, oradan da Türküstana sürgün olunur. Və ömrün qürbət illəri başlanır…

Bir zamanlar adına aşk okudum illere,
Şimdi artık kalbimin içinde inle Bakü…
Uğrunda çarpışanlar kolları bağlı gitti,
Ben yanarak kül oldum senin derdinle Bakü.

Yanarken “Sebayelde” her akşam yeşil mayak,
Yolumu senelerle bekleyen annem uyak,
Talihe bak, uzaklar yakın, yakınlar uzak,
Uzak dağlar ardından gel beni dinle Bakü.

1932-ci il… Almas Yıldırım Türküstanda, Aşqabadda türk, iranlı və qafqazlı balalarının oxuduğu bir məktəbdə tədris-hissə müdiri olur. Amma bu, sovet hökumətinin onun ürəyində “proletar”lara bir sevgi oyatmaq, istiqlal və hürriyyət ideyalarından əl çəkmək, qəlbindəki “türkçülük” atəşini söndürmək cəhdindən başqa heç bir məqsəd güdmürdü! Şairi susdurmaq üçün belə şirnikləşdirici üsullar bihudə idi.

          Almasın bu aralar yazdığı milli, vətənpərvər, atəşin şeirlər isə yenə gizlicə çap olunur, həyəcanla oxunur, əl-əl gəzirdi. Hətta Aşqabadda şərqiçilər ona nəğmələr də bəstələyirdi. Bu cəhdin də boşa çıxdığı zamanda A.Yıldırımı ciddi cəzalar gözləyərkən dostları onu məcburən qaçaq yolla İrana göndərir. Burada qürbətdə vətən həsrəti çəkir və bir neçə aydan sonra şair onu ömrünün sonuna qədər ağuşuna alan türk dünyasının yeganə müstəqil qalası olan Türkiyəyə gəlir…

Yaşıl, zümrüd sinəndə ovunsun deyə acım

Sənə gəldim, gəl sorma, haralıyam, İstanbul.

Dərd anlayan bir dizə, bir qucağa möhtacam,

Qəlbimdən vurulmuşam, yaralıyam, İstanbul.

Kim dedi qürbət eldə çırpınaraq inləyim?..

Yandım atəş içində, gəldim ki, sərinləyim…

Burax ki, öz dərdimi beş yazıb, beş dinləyim,

Könüldən fırtınalı, boranlıyam, İstanbul…

Adı – Yıldırım, soyadı – Almas! Ömrünün erkən yaşındaykən qürubunu yaşamalı olan misraları. Od biçimli bir şair! 17 illik mühacir həyatında Almaniyada çıxan “Qurtuluş”, Türkiyədə yayımlanan “Çinaraltı”, “Özləyiş” və başqa məcmuələrdə müntəzəm olaraq odlu, vətənpərvər şeirləriylə çıxış edir, istibdada qarşı ittihad və istiqlal ruhuyla Malatya, Van kimi vilayətlərin belə sevilən şairi olaraq tanınır!

1936-cı ildə “Boğulmayan bir səs” adlı şeir və “Azərbaycan mahnıları” kitabları nəşr olunur…

Elə həmən nəşrlərdən kiçik bir hayqırtı:

“…Ey Azəri türkü! Ey Vətəndaşım!.. Sənin qarət olunmuş haqqından doğan daşqınlığına tərcüman olayım deyə hayqırdım… Nə yazıq ki bu hayqırışlarımdan ibarət boğuq bir səs oldu…

…Ah, bu səsdə belə səni, həm sənin eşqini, həsrətini, qəribliyini azacıq da olsa yaşada bildimsə, nə mutlu mana!”

Əlbəttə, nə mutlu sənə!.. Ey sözü, səsiylə bu torpağın arınmış Alması, ürəyinin odu-atəşiylə tək bir vətəni Azərbaycanın deyil, bütün Türk dünyasının başı üstündə çaxan ildırımı xatırladan sevdalı şair!