Füyuzat 124 Kültür-sənət Muxtar Cəfərli

Qəhrdə gizlənmiş lütf – imtahan

İnsan bu dünyaya gələndən əbədiyyət aləminə köçəcəyi zamana qədər imtahanlar silsiləsi adlanan bir ömür sürür. Bu zaman ərzində hər kəs müəyyən imtahanlardan keçir, əksər hallarda ən çox sevdiyi və istədikləri ilə sınanır. Bu, Uca Yaradanın bir çox hikmətləri ehtiva edən dəyişməz qanunudur.

“Biz sizi bir az qorxu, bir az aclıq, bir qədər də mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Ey Rəsulum! Bu imtahanlara səbir edənləri müjdələ!” (“Bəqərə”, 155) ayəsindən də məlum olduğu kimi, insanların bir çox imtahanlarla üzləşəcəyi, lakin bu sınaq və müsibətlərə səbir edənlərin müjdələndiyi ifadə edilir. İbadətlər insanın dərəcəsini yüksəltdiyi kimi, imtahanlar da səbir edildiyi təqdirdə insanı günahlarından təmizləyir və onu uca məqamlara yüksəldir. Hətta insanlar ibadət və yaxşı əməllərlə çata bilmədikləri mənəvi dərəcələrə bəzən başlarına gələn müsibətlərə səbir edib ilahi təqdirə riza göstərməklə çatarlar.

Bu bir həqiqətdir ki, insanı mənəvi cəhətdən tərəqqi etdirib kamilləşdirən vasitə imtahanlardır. Bu səbəblə ən böyük imtahanları insanlığın zirvəsində duran peyğəmbərlər, sonra onların varisləri, daha sonra dərəcələrinə görə Allah dostları və saleh insanlar yaşamışlar. Onlar başlarına gələn ən çətin və məşəqqətli hallarda qəlb rahatlığı ilə Allaha sığınar, nə qədər ağır imtahanla üzləşsələr də, heç vaxt ümidsizliyə düşməzdilər. Hər bir imtahanı Rəbblərinin onları unutmadığının müjdəsi sayardılar. Beləcə, başa gələn müsibətlər qarşısında necə davranmağı və bu hadisələrdən lazımlı dərs çıxarmağı insanlara təlim edərdilər.

Ülvi qayələr naminə yaşayan insan üçün hər bir imtahan onun ruhuna qüvvət verən, iradəsini gücləndirən ilahi nemətdir. Belə bir insan üçün oda atılmaq Həzrət İbrahimtək Allahın dostluğuna doğru addım atmağın, zindana atılmaq Həzrət Yusiftək sultanlıq taxtına oturmağın, dözülməz xəstəliklər qarşısında Həzrət Əyyubtək şikayət etməyi ağlının ucundan belə keçirmədən səbir timsalına çevrilməyin, çarmıxa çəkilmək də Həzrət İsatək Rəbbinə yüksəlməyin ən ülvi vəsiləsidir. Habelə əzab-əziyyət və iztirablara dözmək “Allah yolunda heç kimin çəkmədiyi əziyyətlərə məruz qaldım…” buyuran Həzrət Muhəmmədtək (s) meraca yüksəlməyin ən bariz səbəbidir.

Ümumiyyətlə, inanan insanların imtahanı daha ağır olur. Allahın razılığını qazanmaq, cənnət kimi əbədi nemətə layiq olmaq üçün ciddi imtahanlardan keçmək şərtdir. Uca Allah bu barədə “Qurani-Kərim”də belə buyurur: “İnsanlar yalnız: “İman gətirdik!” – deməklə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” (“Ənkəbut”, 2). Bu səbəbdən bütün Allah dostları başlarına gələn bəla-müsibətləri acizlik və qulluq şüurunu dərinləşdirən, qəlbin Haqqa yaxınlaşmasını təmin edən bir nemət kimi görmüşlər. Allaha yaxınlığın zövq və ləzzəti qarşısında dünyadakı bütün əziyyət və çətinliklər onların gözünə çox kiçik görünmüş və “Ey Rəbbim, sənin narın da xoş, nurun da, lütfün də xoş, qəhrin də” ifadəsi dillərinin əzbəri olmuşdur.

Böyük Azərbaycan alimi, dövrünün böyük ariflərindən Eynəlqüzzat Miyanəci bəla və imtahanı ilahi eşqin meyarı sayaraq deyirdi: “Məşuqun zərbəsini dadmadıqca kimsə eşq iddiasında sadiq ola bilməz. Məşuqun cəfasını çəkməyən onun vəfasının qədrini bilməz. Məşuqun hicran acısını dadmayan ona qovuşmağın ləzzətini bilməz. Məşuqun etdiyi imtahanı lütf bilməyən məşuqdan uzaq düşər”.

Həyat imtahanlar sayəsində rəngarənglik qazanır. Qızılı torpaqdan, almazı kömürdən, saf ruhlu insanları xəbis ruhlulardan imtahanla ayırd etmək mümkündür. İnsan xeyir-şərlə, xəstəlik-səhhətlə, zənginlik-kasıblıqla, çətinlik-rahatlıqla imtahan olunur ki, həqiqi şəxsiyyəti və keyfiyyəti ortaya çıxsın. İmam Baqir (ə) bu barədə belə buyurur: “Allaha and olsun ki, imtahan olunacaqsınız. Allaha and olsun ki, ələnəcəksiniz, acı dənələrin buğdadan ələnərək ayrıldığı kimi ələnəcəksiniz”.

İnsan bu dünyada təkcə bəla və müsibətlərlə imtahan edilmir. O, eyni zamanda rahatlıqla, tənpərvərliklə, şan-şöhrətlə, mal-mülklə, vəzifəpərəstliklə, təriflə, bir sözlə, maddi-mənəvi nemətlərlə sınanır. Böyük İslam mütəfəkkiri Muhəmməd Qəzali insanın həyat macərasını və onun qarşılaşdığı imtahanları yığcam şəkildə belə bir misalla ifadə edir: “İnsan Cənnət kimi bir yerə getmək üçün ciddi əzm və cəhdlə yola çıxır. Çünki gedəcəyi yerin cazibədar gözəllikləri barəsində əvvəlcədən ona məlumat verilmişdir. Lakin yolda (dünya həyatında) şırıltı ilə axan suları, yamyaşıl ağacları, cəh-cəh vuran quşları, sərin kölgələri və rahatlıq tapacağı yerləri görüncə birdən gedəcəyi yeri unudaraq orada məskunlaşmağa qərar verir. Dərhal orada bir daxma tikir və içində yaşamağa başlayır”.

İmtahan insanın ruh tərbiyəsidir: insanın daxili dünyasını və həqiqi mahiyyətini müəyyənləşdirməyə xidmət edir. Qövsül-Əzəm Əbdülqadir Gilani insanın əsl kimliyinin imtahanlarla ortaya çıxacağını, onun ilahi sevgidə sadiq olub-olmadığını imtahanların təyin etdiyini belə vurğulayır: “Sən ancaq nemət içində olduğun zamanlar Allahı sevirsən. Bəla və müsibət gəldiyi an isə sanki Allah sənin dostun deyilmiş kimi qaçırsan. İnsanın kimliyi imtahan əsnasında ortaya çıxar. Əgər bəla və müsibətlər gəldiyi an əvvəlki halında sabit qala bilirsənsə, deməli, həqiqətən, Onu sevirsən. Yox, əgər başına bir müsibət gəlməyə başladıqda səndə dəyişiklik olursa, yalanın ortaya çıxmış olur, iddia etdiyin Allah sevgisinin həqiqətdə var olmadığı aydın olur. Bəlalara, müsibətlərə, çətinliklərə dözüb könül razılığı ilə sabitqədəm olmaq Allah sevgisinin bir əlamətidir”.

Doğrudur, insan həmişə istiqamət üzrə yaşamağa çalışır, lakin hər zaman düzxətli yaşaması mümkün olmur. Vaxtaşırı sınaqlar qarşısında sarsıntılar yaşanması təbiidir, çünki insan daim imtahanlarla üz-üzədir. Üstəlik, insanı doğru yoldan döndərməyə çalışan şeytan kimi əzəli düşməni də pusqudadır. İnsan yaşadığı çətinliklər qarşısında zaman-zaman düz yoldan kənara çıxsa da, iradəsi sayəsində yola qayıtmaq gücünə sahibdir.

İmtahanın ən ciddi növlərindən biri insanların bir-biri ilə sınanmasıdır. Uca Allah “Qurani-Kərim”də belə buyurur: “And olsun ki, sizi bir-birinizlə imtahan edəcəyik. Görək, səbir edə biləcəksinizmi?” (“Furqan”, 20). Bu baxımdan mənəviyyat yolunun yolçusu digər insanlarla, xüsusilə də dost və yoldaşları ilə xoş keçinməyə, onların hər cür davranışlarına qatlanmağa çalışmalıdır. Çünki dostluğun zinəti xətalara dözməkdir.

Bu dünyanın səfası da, cəfası da müvəqqətidir. Buradakı hər imtahan düşünən insan üçün hikmətlə dolu bir sirdir. İnsan bu sirri bəsirəti, fərasəti və səbri ilə çözməyə çalışmalıdır. Bu səbəbdən də hər bir insan üçün çətinlik və imtahanlara səbir etmək, hər imtahanın içində başqa bir imtahan olduğunu görmək mühüm şərtdir. Çətin sınaqlar zamanı üsyan etmək əvəzinə imtahanda olduğunu dərk etmək və qarşılaşdığı hadisələrə həmin prizmadan baxıb nankorluqdan çəkinmək inanan insanın həyat prinsipi olmalıdır. Həyat ağır imtahanlarla yaşanmaz hala gəlsə, bəla və müsibətlər ətrafını əhatə etsə, hər şey əlindən çıxsa da, insan yenə istiqamətdən, doğru yoldan dönməməlidir. Və unutmamalıdır ki, mənəvi dərəcəsi və amalı böyük olanın imtahanı ağır olar, imtahanı ağır olanın isə mükafatı böyük olar.