Ədəbiyyat

Mişkinaz Cavid: Ədəbiyyat tarixində işıqlı iz

Azərbaycan qadını hər zaman özünəməxsus, ləyaqəti, isməti, namusu, zərifliyi ilə seçilib. Onlar hər zaman, hər cür çətin şəraitdə milli mənəvi dəyərləri qoruyub saxlamaqla yanaşı, ailənin, cəmiyyətin və xalqın mədəniyyətini, əxlaqını, ənənələrini gələcək nəsillərə ötürməkdə mühüm rol oynayıblar. Bu ümdə xüsusiyyətlər tarix boyu azərbaycan qadınını digər millətlərin qadınlarından həmişə fərqləndirib. Tarix boyu Vətənimin qadınları ailənin dayağı, övlad tərbiyəsində əsl müəllim, çətin günlərdə isə cəsur dəstəkçi rolunda çıxış ediblər. Azərbaycan ədəbiyyatında və tarixində silinməz iz qoyan belə mərd, cəsur, ismətli, namuslu, müdrik qadınlardan biri də Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz Caviddir.

1902-ci ildə ulu Naxçıvan torpağında dünyaya göz açır Mişkinaz Molla Hüseyn qızı. Mişkinaz xanımın ata evi Cavid Əfəndinin ata evi ilə yaxın idi. Mişkinaz xanım lap gənc yaşlarında Naxçıvana gələn Hüseyn Cavidi yaxşı tanıyır, yerli ziyalıların onun başına necə yığıldığını, onu tək qoymadıqlarını görürdü. Artıq bu dövrə qədər Cavidin “Ana”, “Şeyda”, “Bahar şəbnəmləri” kitabları çap olunmuşdu. Hüseyn Cavidlə Mişkinaz xanımın tanışlıq tarixçəsi də çox maraqlı şəraitdə baş verir. Mişkinaz xanımın sadə, zəhmətkeş, qədirbilən olması Hüseyn Cavidin bacılarına da məlum idi və onlar çox arzulayırdılar ki, bu izdivac baş tutsun. Lakin Cavid Əfəndi görmədiyi qızla heç vaxt evlənməyəcəyini bildirir, bacıları öz evlərində şərait yaradırlar ki, Cavid Mişkinaz xanımı görsün. Lakin bu görüşdən Mişkinaz özü xəbərsiz idi. Bacılar paltar tikmək bəhanəsi ilə Mişkinaz xanımı öz evlərinə çağırırlar, sandığın üzərinə yük yığılır, yükün arxa hissəzində isə Cavid gizlənir, Mişkinaz xanımın üzünə gün düşür və Hüseyn Cavid onu görə bilmir. Növbəti görüşdə isə qapı arxasında gizlənən şair bu dəfə gələcək ömür gün yoldaşını görməyə müvəffəq olur. Mişkinaz xanımın çox gözəl tikiş tikmək qabiliyyəti varmış, elə bu qabiliyyəti Cavidsiz keçirdiyi ağrılı-acılı illərdə ona çox böyük kömək olur. Beləliklə, 1918-ci ilin yayında Cavid Əfəndi ilə Mişkinaz xanım evlənir. Mişkinaz xanım savadsız idi. Toydan sonra Cavid bildirir ki, onun ilk oxucusu, tənqidçisi, fikir mübadiləsi apardığı şəxs məhz Mişkinaz Cavid olmalıdır. Və beləliklə, Cavid Əfəndi Mişkinaz xanıma dərs verməyə başlayır.

Mişkinaz xanımın oxuma-yazma öyrənməsi sonralar Cavidin irsinin toplanmasında, öyrənilməsində, gələcək nəsillərə ötürülməsində müstəsna rol oynayır. Mişkinaz xanım xatirələrində Cavidin ona belə dediyini yazırdı: “Mişkinaz! Bir xalqın gələcək nəslinin ağıllı-kamallı olması üçün o xalqın həm də kamil anaları olmalıdır. Mən gələcəyin analarına-xanım qızlara dərs deyərkən hiss edirəm ki, onlar vətən üçün, xalq üçün namuslu, vicdanlı balalar tərbiyə edəcəklər” (“Cavidi xatırlarkən”, səh. 39). Toydan sonra Mişkinaz xanımla Hüseyn Cavid Bakıya köçürlər, kiçik bir ev kiralayırlar. Hüseyn Cavid orta məktəbdə dərs verməyə başlayır. Maddi vəziyyətləri o qədər də ürəkaçan deyildi. Bir gün işdən evə dönən şair xanımını bikef oturmuş görüb deyir ki, bax indi əsl qaçqına oxşayırsan və “Qaçqın” şeirini yazır. Cavidlər birlikdə yaşadıqları 19 il boyunca çox mehriban, nümunəvi ailə olmağı bacarırlar.

Mişkinaz xanım xatirələrində qeyd edir ki, adətən, tək olanda xörək yeməzmiş, bir gün bərk acır, xörəyə qədər kiçik bir minalı boşqabda yumurta yeməyə başlayır, bu vaxt Hüseyn Cavid içəri daxil olur və xanımının köhnə boşqabda yediyini görüb deyir: “Əgər evə bir qonaq gəlsəydi, sən bu qabda nə özün xörək yeyərdin, nə də qonağa verərdin. Yığışdır bu qabı. Həmişə evin gözəl və yaxşı qabında xörək ye” (“Cavidi xatırlarkən”, səh. 99). Cavid əfəndi hər zaman Mişkinaza belə dəyər verir, ehtiram göstərir. Mişkinaz xanım isə bütün nümayiş olunan tamaşalarda Hüseyn Cavidlə yan-yana əyləşir, ömür-gün yoldaşını dəstəkləyir, onun yanında olur. Mişkinaz xanım bir qayğıkeş qadın kimi hər zaman Cavidin qayğısına qalır, onun sevdiyi qızılgülləri süfrədən əskik etmir, hər axşam sevdiyi qəhvəsini dəmləyir, özü də hədsiz çox sevir qəhvəni, lakin… 1937-ci ilin böyük terroru Cavidlər ailəsindən də yan keçmir və iyun ayının 4-ü, gecə evlərində axtarış aparılır və Hüseyn Cavid həbs olunur. Həmin gecə Mişkinaz xanım Cavidinə qəhvə dəmləyə bilmir, bu nisgil onunla qalır, bir də heç vaxt qəhvə içmir. Evdə aparılan axtarış zamanı “Atilla”, “Çingizxan” kimi dəyərli əsərləri müsadirə edilir. Mişkinaz Cavidin öz yanğılı dili ilə desək: “Mən ən dəyərli bir evin sahibəsi, ən qiymətli bir adamın həyat yoldaşı, oğul-qız anası, bəxtəvər bir qadın idim, xoşbəxt ailəmizi, şöləli yanan çırağımızı xain əllər dağıtdı, qara nəfəslər üfürüb söndürdülər”. Hüseyn Cavidin “İblisin intiqamı” dram əsəri məhz Mişkinaz xanımın savadı, bacarığı sayəsində öz xətti ilə köçürülüb və günümüzədək gəlib çatıb. Mişkinaz xanım Hüseyn Cavidin əsərlərinin nəşri və təbliği üçün illərlə mübarizə aparmış, gələcək nəsillərə böyük ədəbi miras qoymuşdur.

O təkcə bir şairin həyat yoldaşı yox, həm də Azərbaycan mədəniyyətinə və tarixinə işıq saçan fədakar qadın idi. Hüseyn Caviddən aldığı təhsil onun oxuma-yazma qabiliyyətini gücləndirdi. Cavidin Mişkinazı nə qədər şeir bilirdi… Təkcə Hüseyn Cavid küllüyatını deyil, həmçinin Vaqifi, Aşıq Ələsgəri, Tofiq Fikrətin ən gözəl şeirləri hafizəsinə həkk olunmuşdu. Hüseyn Cavid həbs edildikdən sonra Mişkinaz xanım üçün ağır günlər başlayır, 9 m2 kiçik, az işıqlı bir otağa köçürülürlər. Bu evdə Cavidin yadigarları çox məşəqqətli, tənəli günlər keçirirlər. Mişkinaz xamın ən çətin günlərində övladları – ağıllı-kamallı Ərtoğrol Cavidə və Turan Cavidə arxa-dayaq olmağı bacardı. Tikiş tikmək qabiliyyəti bu ağır günlərdə çox köməyinə çatdı, uzun illər “Klara Setkin” adlı arteldə işlədi, burdakı iş onun üçün əsl göydəndüşmə oldu, çünki o illərdə “xalq düşməninin” ailəsini heç harda işə götürmürdülər. Onları ümidsizliyə qapılmağa icazə vermədi. Ərtoğrol Cavid Tiflisdə ağır vəziyyətdə olanda belə Cavidin yeganə nişanəsi barmağındakı üzüyü və Cavidin çox xoşuna gələn paltarını satıb övladının görüşünə gəldi və hər şeyin yaxşı olacağına inandırır. Ciyərparası Ərtoğrolun vaxtsız, faciəli vəfatı, son nəfəsində yanında ola bilməməsi isə onu içdən yeyirdi, hətta belə deyirdi: “Divarı nəm yeyir, insanı qəm”. Bu sözlərdə biz onun qəlbinin ağrısını sızıltısını eşidirik. Ərtoğrolla son görüşdə Tiflisdə xəstəxana otağında öz duyğularını ssizcə hayqırırdı: “Nə günahımız vardı, Allah? Nə pis əməl tutduq ki, bizi darı kimi səpib dağıtdın, acı yellər qabağına qatdın?”

Övlad itgisi kimi dərd çəkilməz, Mişkinaz xanım isə Ərtoğrol kimi fitri istedada malik, gələcəyi çox parlaq olan bir oğulu itirir. Lakin taleyin bu acı təlatümlü boranında da Mişkinaz xanım ayaqda durmaq üçün özündə bir güc, bir səbəb tapır, onu gözləyən Turan Cavid var idi. Çünki Turan üçün yaşamalı idi, çünki “nənəsinin əmanəti” – Cavidin ən müqəddəs vəsiyyətlərindən idi. Mişkinaz xanım bu qədər dərdin içində həmişə dik durmağı, şux zarafatlar etməyi bacarırdı, bəlkə də, qızı Turan üçün şux səbrli, qadın rolunda çıxış edirdi. Turan xanım qeyd edir ki, heç vaxt anasının dilindən “şükür” sözündən qeyri söz eşitməzdi. Xatirələrində qeyd edir ki, bir dəfə o darısqal evdə qaldıqları vaxtda Mişkinaz xanım büdrəyib yıxılır, həkimə gedəndən sonra məlum olur ki, ayaq və qol sümüyü çatlayıb, evə qayıdanda “Şükür sənə ay, Allah!” deyir. Turan xanım deyir ki, nəyə şükür edirsən, ay Ana?.. Mişkinaz xanım isə deyir ki, bala fəqərə sütünum sınardı, başım zədələnərdi, ancaq indi gül kimi sağ salamat uzanmışam çarpayıda. Cavid əfəndi adəti üzrə özünün və uşaqlarının doğum günlərini Şəmsəddin Sami bəyin “Qamusi-türki”sində qeyd edirdi. Mişkinaz xanımın ad günü bəlli deyildi. Turan xanım qeyd edir: “Bir gün anama dedim ki, haçan bu evdən köçsək, sənin ad gününü o vaxtdan qeyd edəcəyik. Bəraətdən sonra bizə Nizami küçəsində ikiotaqlı mənzil verdilər – 1957 ci il 26 fevralda. Həmin tarix oldu anamın ad günü. Bir dəfə Mehdi Məmmədov muzeyə gəlmişdi materiallara baxırdı, anamın ad günü söhbətini eşitdi:

– Təbrik eləyirəm. Neçə yaşı tamam olur?
– Yeddi.
– Necə yəni yeddi?
Əhvalatı danışdım…

Anam hər il ad günü yaxınlaşanda zarafat edərdi: hələ bağçaya gedirəm… Birinci sinifi bitirdim… Orta məktəbi qurtardım… İnstituta da girmək çətindi, neyləyəcəm?.. Gözləyirdim ki, 20 yaşını qeyd eləyim, 20 şam yandırım. Qismət olmadı” (səh. 201–202, Vaxtdan uca)

Mişkinaz xanım təkcə həyat yoldaşı olmadı Cavidə, bu soyadın bütün məsuliyyətini, öz zərif çiyinlərində daşıdı. Ömrünün son günlərinədək heç bir təqibdən qorxmadan bütün instansiyalara Cavidin günahsız olduğu haqqında məktublar yazdı. Mişkinaz xanım təkcə öz övladlarına yox, ətrafında olan bütün yaxınlarının övladlarına analıq etmişdi və hər kəs ona “gözəl Ana” deyə müraciət edirdi. Budur Azərbaycan qadının ləyaqəti, dözümlülüyü, geniş ürəkliliyi, özgənin övladını da öz balası kimi sinəsinə sıxmaq, doğru yol göstərmək niyyəti. Mişkinaz Cavidin həyatı bizə göstərir ki, sevgi və sədaqət insan ömrünün ən böyük dəyərlərindəndir. 1976-ci ildə qəlbi nisgilli Mişkinaz xanım gözlərini əbədi yumur. 1996-cı ilin oktyabr tarixində Hüseyn Cavidin anadan olmasının 114 illiyinə töhfə olaraq Heydər Əliyevin sərəncamı ilə H.Cavidin qəbri üstündə məqbərə inşa edilmişdir. Şairin qızı Turan xanımın icazəsi ilə Mişkinaz xanımın nəşi dəfn olunduğu Bakı şəhərindən götürülərək məqbərədə dahi ədibin qəbri ilə yanaşı dəfn olunmuşdur. Bu tarixi hadisəyə şair Şahmar Əkbərzadə belə bir şeir həsr edib:

…Kəcavən mübarək, toyun mübarək,
Qan qana qovuşan gün deyil bu gün,
Sibirdə içildi qanı Cavidin.
Toyudur sürgündə donan sümüyün,
Bu gün açılacaq donu Cavidin!..

Ədəbiyyat siyahısı:

1. Hüseynov R. Vaxtdan uca. Bakı, 1987, İşıq, 363
2. Mişkinaz Cavid. Cavidi xatırlarkən
3. Cavid haqqında xatirələr. Bakı, 2015, Xan, 120
4. Babaxanlı G. Azərbaycan ədəbi fikri və Hüseyn Cavid

Məmmədova Nübar
Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı