Perunun cənubunda yerləşən Naska səhrasında tapılan qədim yerüstü geoqliflər – Naska xətləri hələ də Yer üzündəki sirrini qoruyan nadir irsi miraslardan biri olaraq qalmaqdadır.
Bu nəhəng şəkillər və xətlər yalnız yüksəklikdən baxıldıqda görünən və təxminən 2000 il əvvəl yaradıldığı düşünülən abidələrdir.
İlk dəfə perulu arxeoloq Toribio Mejia Xesspe 1926-cı ildə xətləri sistematik şəkildə tədqiq edib. Lakin xətləri yer səviyyəsindən müəyyən etmək faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən onun barədə ilk dəfə ictimaiyyətə geniş məlumatı 1930-cu illərdə Peru üzərində kommersiya məqsədilə uçuşlar edən təyyarələrin pilotları vermişdilər. Amerikalı professor Pol Kosok 22 iyun 1941-ci ildə bu sirli məkan haqqında araşdırma aparmış və xəttlərlə tanış olmuşdu. Xətləri öyrənən Kosok fərqli astronomik nəticələrə gələrək ərazini “dünyanın ən böyük astronomiya kitabı” adlandırmışdı.
Kosokun ardınca “Xətlərin xanımı” kimi tanınan alman Maria Reiche araşdırmalara başlamışdı. Reiche 40 il boyunca xətləri öyrənmiş və xətlərin astronomik və təqvim məqsədli olması ilə bağlı nəzəriyyələrini irəli sürmüşdü. O, bu işinə görə 1974-cü ildə “National Geographic”dən qrant almışdı. Reiche hətta səhra yaxınlığında kiçik bir evdə yaşayırdı ki, xətləri ona zərər verə biləcək ziyarətçilərdən şəxsən qoruya bilsin.
Yerdən baxdıqda normal torpaqdan seçilməməsinə baxmayaraq, havadan baxıldıqda bu cizgilər bizlərə sanki nə isə göstərir. Qüsursuz dəqiqliklə çəkilən bu cizgilərin bəziləri, hətta kilometrlərlə dağlar, təpələr boyunca uzanır. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir.
Naska xətləri Naska şəhərindən təxminən 400 km cənubda, Naska çölündə yerləşir. Bu ərazidə 700-dən çox həndəsi fiqur, 30-a yaxın heyvan və bitki təsviri, həmçinin 13 minə qədər müxtəlif uzunluqda xətlər mövcuddur. Bu fiqurlar arasında quş, meymun, hörümçək, kaktus, yarpaq və digər müxtəlif şəkillər yer almışdır.
Naska xətlərinin Yer səthindəki kiçik daşların yığılması və ya çıxarılması ilə yaradıldığı ehtimal edilir. Bu fiqurların yaradılmasında məqsədin nə olduğu hələ də mübahisə mövzusu olaraq qalır. Bəzi alimlər xətlərin astronomik təqvimlər və ya dini mərasimlər üçün istifadə olunduğunu düşünürlər. Digər bir nəzəriyyə isə fiqurların yadplanetlilərlə əlaqə qurmaq məqsədilə yaradıldığını irəli sürür.
Yadplanetilərlə əlaqə qurmaq cəhdləri ilə tanınan yazıçı Erix fon Denikenin fikrincə, Naska çölündəki xətlər qədim aerodrom rolunu oynamaqla yanaşı bura gələn yadplanetlilərin qarşılanması üçün də bir vasitə olub.
Son araşdırmalar isə Naska xətlərinin qədim suvarma sistemləri ilə əlaqəli olduğunu göstərir. Arxeoloqlar bu xətlərin altında yerləşən su kəmərlərinin mürəkkəb bir suvarma şəbəkəsinin bir hissəsi olduğunu müəyyən ediblər. Bu sistem Naska mədəniyyətinin nümayəndələrinin quraqlıq şəraitində belə su ehtiyatlarını səmərəli şəkildə istifadə etmələrinə şərait yaratmışdır.
Bəzi nəzəriyyələrə görə, Naska xətləri astronomik məqsədlər üçün də istifadə edilmişdir. Məsələn, bəzi fiqurların Günəşin doğuş və batış nöqtələri ilə uyğunlaşdığı müşahidə edilmişdir. Bu, qədim insanların astronomik biliklərə malik olduqlarını və bu bilikləri dini və ya təqvim məqsədləri üçün istifadə etdiklərini göstərir.
Naska xətləri 1994-cü ildən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir və bu səbəbdən də beynəlxalq səviyyədə qorunur. Lakin təbii və insan mənşəli amillər bu abidələr üçün təhlükə mənbəyidir.
Naska xətləri hələ də bir çox sual doğurmağa davam edir. Onların yaradılma məqsədi, necə tikildiyi və hansı mədəniyyət tərəfindən inşa edildiyi barədə müxtəlif nəzəriyyələr mövcud olsa da, hələ ki bu barədə tam dəqiq məlumat mövcud deyil. Elə məhz bu müəmmalar Naska xətlərinin dünya mədəniyyətinin ən maraqlı və sirli abidələrindən birinə çevrilməsinə səbəb olmuşdur.
Ləman Vahid



