1484-cü ildə Portuqaliyadan İspaniyaya səyahət edən bu nigaran gəmi sərnişininin, bəlkə, heç ağlına da gəlməzdi ki, bir neçə ildən sonra göstərəcəyi fəaliyyət onu “dünyanın ən çox araşdırılan 100 adamı”ndan birinə çevirəcək…
Haqqında bəhs etdiyimiz şəxs hamımızın ən azı məktəb dərsliklərindən tanıdığı böyük coğrafiyaşünas, “özünün də xəbəri olmadan”, əslində, Amerikanı kəşf edən Xristofor Kolumbdur. Səyyahın Amerikanı kəşf etməsi ilə bağlı müxtəlif hekayələr var və onların hər birinin həqiqətə uyğun olması ehtimalı Kolumbu ən çox araşdırılan şəxslər siyahısına daxil etmişdir. Əsrlər boyu bir çox coğrafiyaşünaslar, tarixçilər və siyasətşünaslar onun həyatını araşdırmış, kimliyi haqqında müxtəlif qənaətə gəlmişlər.
Bu yazıda isə sizə Kolumbun, bəlkə də, onun fəaliyyətindəki ziddiyyətləri ən müfəssəl izah edən hekayəsini təqdim edəcəyik.
Bir çox kitablarda Kolumbun Portuqaliyanı tərk etməsinə səbəb kimi onun Lissabon Akademiyasına (“Riyaziyyatçılar Xuntası”) təqdim etdiyi “Qərbə tədqiqat xarakterli səyahət” layihəsinin təsdiqlənməməsi və həyat yoldaşının vəfat etməsi göstərilmişdir. Lakin bəzi mənbələrdən görünür ki, bu heç də belə deyil. Əslində, Kolumb Portuqaliya kralı Alfonsonun qəzəbindən qurtulmaq üçün İspaniyaya sığınmışdır.
Belə ki, Alfonso öldükdən (1482) sonra hakimiyyətə gələn kral II Juan ölkədə baş verən maliyyə özbaşınalığına qarşı bir sıra islahatlar həyata keçirir. Bu islahatlar çərçivəsində zadəganların qurduğu maliyyə oyunlarını pozmaq üçün məhkəmələrə onların mülkiyyətinə sərbəst daxil olaraq araşdırma aparmaq səlahiyyəti verir. Şübhəsiz ki, bu cür addımlar bir çox əyan və zadəganları qəzəbləndirir. Onların içərisində ən güclüsü – II Ferdinandın evində aparılan gizli axtarış zamanı onun katolik kilsəsinin rəhbərliyi ilə məktublaşdığı və krala qarşı sui-qəsd törətməklə dövlət çevrilişinə dair planları ifşa edilir. Əlbəttə ki, II Ferdinand bu fəaliyyətində tək deyildi və bir çox yüksək vəzifəli əyan və zadəgan onunla müştərək hərəkət edirdi. Kral həmin şəxsləri müəyyən etmək üçün əldə edilmiş məlumatları dərhal ifşa etmədi, sözügedən məktubların nüsxəsini köçürüb sənədlərin yenidən yerinə qoyulmasına göstəriş verdi və hadisələri səbirlə izlədi. Nəticədə sui-qəsd hazırlığında iştirak edən şəxslərin dairəsini müəyyənləşdirdi. Bu zaman əsas fiqurlar ölkədən qaçmağa macal tapdı, bəxti gətirməyənlər isə edam olundu. Xristofor Kolumb da həmin dəstənin üzvü idi. Lakin o, təşkilatçılar deyil, köməkçilər sırasında yer almışdı, ifşa ediləcəyini anlayan kimi fürsət tapıb İspaniyaya qaçdı.
Burada da kralın qəzəbinə tuş gəlməməkdən ötrü özünü genuyalı olaraq təqdim etdi və onu dünyaya tanıdan hadisələr məhz İspaniyada baş verdiyindən tarix Kolumbu genuyalı italyan kimi xatırladı. Lakin Portuqaliya mənbələri onun əsl kimliyini təsdiq edən sənədlərin hazırda məxfi olaraq dövlət arxivində saxlandığını, digərlərinin isə saxtalaşdırıldığını (əslində, Kolumbun portuqaliyalı ata və italyan ananın yəhudi övladı olduğunu) bildirirlər (Portuqaliyada həmin dövrlərdə yəhudilər üstünlük təşkil edirdi).
Bura kimi danışdıqlarımız Kolumbun həyatının yalnız bir hissəsidir. Yəni səyyahın əsl əsrarəngiz tərəfi Amerikanı, onun təqdimatında isə “Hindistan”ı kəşf etməsidir.
Kolumb, əslində, Avropanın qərbində ərazilər kəşf etməzdən öncə də burada yeni dünyanın mövcudluğundan xəbərdar idi və heç də buranın özünün təqdim etdiyi kimi Asiya olduğunu güman etməmişdi. Bütün bunlar böyük siyasətin bir parçası, Kolumb da həmin siyasi maneranın əsas aktyorlarından biri idi.
Onun Qərbdə yeni torpaqların mövcudluğunu haradan bilməsinə dair müxtəlif ehtimallar var. Bəzi mənbələrə əsasən, bu ehtimallardan biri Azərbaycanın dahi astronomu Nəsirəddin Tusini işarə edir.
Belə ki, Tusinin müəllifi olduğu “Zic-Elxani” əsərindəki coğrafi koordinatlar cədvəli Yerin başlanğıc meridianının Xaldat adasından, yəni Qərb dənizinin sahilindən 100 qərbdə olduğunu göstərir. Xaldat müasir alimlər tərəfindən Kanar adaları adlandırılmışdır. Biruni və Xocəndi kimi Nəsirəddin Tusidən öncəki alimlər də sıfırıncı meridianı Qrinviçdən 250 qərb istiqamətində göstərdikləri halda, başlanğıc meridianını Xaldat adasında işarə etməklə onu 100 qərbə çəkmişdir. Artıq XV əsrdə Avropa Şərq alimlərinin astronomiya sahəsi ilə bağlı əsərlərindəki bilgiləri əsas qəbul etmiş və bir çox alimlər Biruni və Xocəndi kimi mütəfəkkirlərin verdiyi koordinatlara əsaslandıqları üçün indiki Amerika torpaqlarını kəşf etmədən geri qayıtmalı olmuşdur. Ehtimal ki, Kolumb Tusinin qeydlərinə əsaslanaraq səyahətə çıxmaq istəyirdi. Buna görə o bu barədə İspaniya kralına müraciət etmiş, lakin müraciəti uğursuzluqla nəticələnmişdi. Beləcə, o, İspaniyada yaşamağın məşəqqətli olacağını anlayıb məyus şəkildə Portuqaliya kralı II Juana məktub yazaraq öz günahsızlığını, etdiyi xətalardan peşmanlığını dilə gətirmişdi.
Kolumb ölkəni tərk etdikdən sonra ağıllı kral II Juan alimin təqdim etdiyi layihələri nəzərdən keçirmiş, bir neçə dəfə Qərb istiqamətində təcrübəli səyyahlardan ibarət heyət göndərmişdir. Səyyahlar da həmin istiqamətdə yeni torpaqların ola bilmə ehtimalını yüksək qiymətləndirmişdir. Lakin II Juan əlində o dövr üçün yüksək təminatlı hesab edilən donanma və təcrübəli səyyahlar olmasına baxmayaraq, sözügedən əraziyə bilərəkdən kəşf məqsədli heyət göndərməmişdir. Çünki kral bilirdi ki, o ərazilər kəşf edilən kimi tamahkarlıq İspaniya kralına güc gələcək və bütün müqavilə şərtlərini unudaraq həmin ərazilərə sahiblik iddiasına düşəcək. Bu zaman Portuqaliya güclü dəniz dövləti olsa da, İspaniya ilə rəqib durumuna düşmək onun üçün ən yaxşı halda məğlubiyyətə bərabər qələbə demək idi. Ona görə də II Juan üçün Kolumbun məktubu göydəndüşmə oldu. 1488-ci ildə kral Kolumba cavab məktub yazdı, onu hörmət və ehtiramla Portuqaliyaya dəvət etdi. Böyük siyasət naminə ona qarşı qurulmuş və qarşısı alınmış çevriliş planında köməkçi qismində iştirak edən bir nəfəri əfv etmək II Juan üçün heç də çətin olmadı. Beləliklə, Kolumb yenidən Portuqaliyaya qayıtdı. Amma bu dəfə onu yeni öhdəlik – dövlət siyasəti adına bir növ casusluq fəaliyyəti gözləyirdi. II Juanın planına əsasən Kolumb İspaniyaya qayıtmalı idi. Belə ki, o, kralı yeni torpaqlar kimi təqdim etdiyi ərazilərin “Hindistan” olduğuna əmin etməli və bu zəngin ərazilərin kəşfi üçün ora donanma göndərməyə inandırmalı idi. Kolumb İspaniya kralının əvvəlki münasibətini nəzərə alaraq ediləcək səyahətə dair bəzi öhdəlikləri öz üzərinə götürməli, çəkiləcək xərcə şərik çıxmalı, müqavilə şərtləri ilə kralı şübhələndirməməli, əksinə, onu şirnikləndirməli idi. Məqsəd aydın idi. II Juan da Kolumb kimi Qərbdə yeni torpaqların mövcudluğu, lakin oranın qeyri-zəngin, sadəcə ağaclardan və sakinlərdən ibarət olduğu qənaətində idi. Planın məqsədi bütün dövlətlərin mövcudluğunu bilib axtardığı yeni torpaqları “Hindistan” adı ilə İspaniyaya təqdim etmək idi. Bununla da Hindistanı kəşf edib sahiblənmək, İspaniyanın gözündən kənarda saxlamaq istəyirdi.