Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

Ruhun yaddaşındakı nəğmə

“Çəmən yaşıl, göy təmiz

Ömrə vaxtsız-vədəsiz

Gətirmisən qışı sən

Necə unudum səni?!”

Bir vaxtlar sevdiyini itirən qəlbin harayından doğan bu misralar gün gəlir başqa bir sevdanın ağrısını daşıyır. Zivər (Ağayeva) xanımın dünyadan vaxtsız köçən ömür-gün yoldaşına həsr etdiyi “Necə unudum səni?” şeiri sədaqət və məhəbbət duyğusunu unutmayanların nəğməsidir artıq. Bu sətirləri notlarla bəzəyən nəğmə, bəlkə də, bir çoxumuza tanış olsa da, həmin misraların yaranma səbəbindən bixəbər idik. Elə mən də… Anamın mətbəxdən gələn səsinin mətbəx qeydlərinə çevrildiyi, atamın kölgəsi boylanan otaqda gecənin sükutunun bu nəğmə ilə pozulduğu günə qədər…

Bu mənzərə sadəcə bir nəğmənin yox, həm də sevginin tərifini deyir mənə sanki. Sevgi hər zaman hayqırış deyil. Sevgi bəzən pıçıltıdır. Hər kəsin duya bilmədiyi. Bəs əsl sevginin məhək daşı olan sədaqət? Onun dəyəri necə ölçülür? Yenə suallarıma cavab tapmaq üçün uzağa getmirəm. Bu dəfə suallarımı “anamın mətbəx qeydləri” deyil, ailəmin “sevgi dəftəri” cavablandırır:

Uşaqlıqdan bəri hər səhər istisnasız olaraq anam atamı işə yola salardı. Hətta xəstə olduğu vaxtlarda belə, atamın israrına baxmayaraq bu adətini pozmazdı. Bu kiçik görünən səhnə, əslində, böyük məhəbbətin kulisindən xəbər verirdi. O sevginin sarsılmaz sədaqətindən isə hər səhər anamın şəkli ilə sağollaşan atam danışmış olur:

İnsan sevdiyini yalnız hiss etməklə kifayətlənmir, yoxluğunda belə onu yaşatmaqla sevgisini təsdiqləyir. Çünki həqiqi sevgi unudulmur. O, insanın yaddaşında yox, ruhunda yaşayır bir nəğmə kimi.

Misralarla başlayan bu sevgi hekayəsindən bəhs edən yazını böyük məhəbbəti ağrı ilə xatırladan nəğmə ilə sonlandıracam. Axı xatirələr bəzən ağrı versə də, həmin ağrı sevginin yaşadığını sübut edir.

“Ürəyimdə qorundun

Saçlarımda dən oldun

Alnımın qırşısan

Necə unudum səni?!”