Qədim Şərq mifologiyasında, xüsusilə fars və türk mədəniyyətlərində yer alan əfsanəvi, müqəddəs və sehrli sayılan, bir çox simvolik mənaları özündə ehtiva edən Simurq quşu haqqında çox eşitmişik. Bəs bu quş haqqında dərin bilgilərə sahibikmi?
Simurq quşu incəsənətdə qartal və ya tovuz quşunu xatırladan nəhəng qanadlı bir varlıq kimi, parlaq, al-əlvan rəngli lələklərlə bəzənmiş şəkildə təsvir olunur. Əfsanələrə görə, dünyanın ən yüksək dağlarının zirvəsində, bəzən “Qaf dağında” min illərlə yaşadığına inanılır. Ölüm vaxtı gələndə isə özünü alovlandıraraq külə dönür və külündən yenidən doğulur – bu xüsusiyyəti onu feniks quşuna bənzədir.
Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. Bu quş mədəniyyətimizdə hikmət, güc və qoruyucu ruhun simvoludur.
Simurq quşu bir çox simvolik mənaları özündə cəmləşdirir:
Yenidən doğuluş və transformasiya: öz külündən yenidən doğulması insan ruhunun təmizlənməsi və yenilənməsini simvolizə edir.
Birlik və kamillik axtarışı: ən məşhur nümunələrdən biri Fəridəddin Əttarın “Məntiq üt-teyr” (Quşların dili) əsəridir. Bu əsərdə quşlar Simurqu axtarır, lakin sonda anlayırlar ki, axtardıqları Simurq onların öz mənəvi bütövlüyüdür – yəni Simurq elə onların özüdür.
Hikmət və ağıl rəmzi: Simurq tez-tez əsərlərdə “bilgə quş”, “ilahə mələk”, “Allahın bələdçisi” kimi də təsvir olunur.
Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq “Məlikməmməd” nağılında Zümrüd adı ilə obrazlaşdırılıb.
Əfsanəyə görə, Simurq quşu Qaf dağında yaşayırmış. O, beş yüz ildən bir uçub Misirə gedər, “Ra”nın məbədini ziyarət edərmiş. Lakin bir dəfə onun bəxti gətirmir. Məbədə çatar-çatmaz onu tutub oda atırlar. Simurq isə oddan-atəşdən qorxmur. O, dəfələrlə atəşə atılsa da, yanmır, sönən odun külü içərisindən dirilib çıxır. Öldükdən sonra yenidən dirilmənin rəmzi hesab olunur. Qırx gün Misirdə qaldıqdan sonra isə Hindistana üz tutur.
Bir başqa əfsanəyə görə isə, ilk dəfə məhz Simurq quşu göydən, yaxud müqəddəs dağdan yer üzünə “həyat ağacının” kökünü gətirmişdir. Qədim Misir mifologiyasında “Feniks” adlanan bu əfsanəvi mistik quşun gözyaşları şəfa və dərman hesab edilirdi. “Simurq” quşu bəzi mənbələrdə ilahi gözəlliyin simvolu kimi təsvir olunur. Simurq (və ya Zümrüdü-Ənqa) bütün quşların şahı sayılır və gizli (kod ad) mənalarında ilanların şahı “Şahmaran”la eyniləşdirilir.
Bir çox şairlər və yazıçılar əsərlərində Simurq quşundan istifadə etmişdir. Məsələn: Yuxarıda qeyd etdiyimiz kimi, Fəridəddin Əttarın “Məntiq üt-teyr” əsərində Simurq kamillik zirvəsi kimi təsvir olunmuşdur. Nizami Gəncəvi və Firdovsi kimi klassiklər də Simurqa əsərlərində xüsusi yer vermişlər.
Ləman Vahid