Giriş üçün
XX əsr maarifçilik məktəbinin ünlü nümayəndələri yazdıqları hər məqalə, felyeton, məktub, hətta hər bir sətirdə gələcək üçün işığa, aydınlanmaya aparan yolları göstərib, bizlər üçün o yollarda xüsusi ayırdedici işarələr qoyaraq bələdçilik missiyasını həyata keçiriblər. Onlar tərəfindən yazılan və ilk baxışdan sadə görünən bir cümlədə gələcək nəsillər üçün doğru qərarların strukturu, şifrəsi gizlənir. Biz bu gün həmin şəxslərin – C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ö.Nemanzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.Hacıbəyli və başqa mütəfəkkirlərin yazdıqlarına təkcə sıradan mətn kimi yox, həm də aydınlanma prosesi üçün düstur kimi yanaşmalıyıq. O düsturlar bir yox, bir neçə sahədə özünü əks etdirib bizlər üçün bələdçi missiyasını həyata keçirməyə çalışıblar. Mümkün olubmu, olmayıbmı? – burada bizim də müəyyən dərəcədə məsuliyyət payımız var. Bu düsturların mühüm qismi maarifçilərimizin təhsillə bağlı qeydlərində gizlidir. Onların hələ XX əsrin əvvəllərindəki yazılarına yenidən nəzər salsaq, modern çağın təhsil uğurları üçün nə qədər faydalı məsələləri görə bilərik. Odur ki “fuyuzat.az” saytında mütəmadi olaraq klassik maarifçilərimizin təhsil düsturlarına müraciət edib onların indiki dövr üçün əlaqəliliyinə diqqət yetiririk. Bu dəfə isə böyük şəxsiyyət, fikir adamı, mədəniyyət və dövlət xadimi Üzeyir bəy Hacıbəylinin təhsil düsturlarını təqdim edirik:
Üzeyir bəy Hacıbəyli və təhsil
Üzeyir bəyin təhsil dosyesi bir zamanların “müəllimlər akademiyası” hesab olunan Qori Seminariyasından başlayır.
O, Zaqafqaziyanın müəllimlər yetişdirən əsas tədris ocağı olan Qori Müəllimlər Seminariyasında 1899–1904-cü illərdə təhsil alıb. Təbii ki, Üzeyir bəyin dünyagörüşünün formalaşmasında, maarifçilik missiyasının oturuşmasında Qori Müəllimlər Seminariyasının böyük rolu olub. Qori onu nəinki gələcəyin məşhur maarifçi publisisti, həm də böyük bəstəkarı kimi daha da formalaşdırdı. Məhz Qori dövründə Üzeyir bəy pedaqoji nəzəriyyə və təcrübə ilə yanaşı, dünya mədəniyyəti ilə yaxından tanış olub, rus və Avropa musiqiçilərinin əsərlərini mənimsəyib, skripkada, nəfəsli alətlərdə çalmağı öyrənib.
Seminariyanı bitirdikdən sonra Cəbrayıl qəzasının Hadrud kəndinə müəllim təyin olunub, burada o, rus dili, hesab, tarix, nəğmə və musiqi fənlərini tədris edib. Bakı şəhərinə gəldikdən sonra Bibiheybət məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirib. Üzeyir bəy “Səadət” məktəbində dərs dediyi dövrdə “Rus-türk və türk-rus lüğəti”, “Hesab məsələləri” kitablarını nəşr etdirib.
Burada kiçik haşiyə
Hadrut Üzeyir bəyin o qədər də uzun olmayan müəllimlik fəaliyyətində ilk dayanacaq olur. Doğrudur, Üzeyir bəy çox sevdiyi, var qüvvəsini qoyduğu müəllimliklə çox məşğul olmasa da, onun pedaqoji fəaliyyətinin qısa olduğunu deyə bilmərik. Zatən, o, ömrünün sonunadək pedaqoq, həm də böyük pedaqoq olmadımı?! Gah mətbu orqanların səhifələrində, gah böyük mədəniyyət məkanlarında o, hər zaman böyük pedaqoq missiyasını icra etdi…
Qayıdaq 1904-cü ilə… O zaman Qori Müəllimlər Seminariyasını vur-tut 17 nəfər bitirmişdi. Bu məzunların hər birinə dərhal Zaqafqaziyanın hansısa guşələrində işləmək üçün təyinat verilir, bircə Üzeyir bəydən başqa… Çünki o qısa müddətdə bir-birinin ardınca iki məktub yazaraq əvvəlcə Bakıda işləmək istədiyini bildirir. Amma sonradan nə olursa, necə olursa, özü könüllü şəkildə Gəncə quberniyasının müəllimlər inspektorluğuna müraciət edərək təyinatını istəyir. Beləcə, müəllimliyin ilk addımlarını atacağı Hadruta təyinat alır… O zamanın qaynar Bakısı özünün alovlanmaqda olan maarifçilik şövqü ilə, yeni yaranmaqda olan milli mətbu dəyərləri ilə onu özünə cəlb etsə də, gənc Üzeyir Hadrutda 5 fənni təkbaşına tədris etməyi seçir. Onsuz da o qısa müddətdən sonra Bakıya qayıdacaq, orada da uzun sürməyən müəllimlik peşəsi ilə məşğul olacaq və yeni yaranan qəzetlərin hər birində imzası görünəcəkdi.
Bəlkə də, Hadrutdan belə tez getməzdi. Amma artıq 1905-ci ildən başlanan erməni-müsəlman (türk) insidentləri buna səbəb olur. Üzeyir bəyə aid sənədlər arasında belə bir məktub var: “Dərslər başlamış, müəllim Üzeyir Hacıbəyov hələ də məktəbə gəlməmişdir”.
Bu sətirlər Hadrut məktəb müdirinin Gəncə quberniyasının məktəblər inspektoruna 1905-ci il oktyabr ayının 2-də yazdığı məktubdandır. Belə ki, 1905-ci ildə ermənilərlə türklər arasında başlanan münaqişə nəticəsində Üzeyir bəy Hadrutu tərk edir, avqustun axırlarında Bakıya gəlir.

FOTO – Üzeyir bəyin Hadrutda dərs dediyi məktəb binası
Üzeyir bəyin dərsləri
Üzeyir bəyin şagirdləri üçün hazırladıqları dərsliklərin adını çəkdik. Yeri gəlmişkən, onu da qeyd edək ki, çox təəssüf, Üzeyir bəy yaradıcılığının, ümumiyyətlə ömrünün sonrakı illərində pedaqoji əsaslı dərsliklərin hazırlanması ilə məşğul olmamışdır. Doğrudur, onun daha böyük miqyasda, daha ciddi məzmunda və tam fərqli kateqoriyada muğamlarımız, musiqi sənəti və tariximiz haqqında elmi işləri, kitabları olsa da, sırf orta ümumtəhsil seqmenti üçün yalnız gənclik illərində dərsliklər hazırlamışdı. Təbii ki, bu da məcburiyyətdən irəli gəlib. 1904-cü ilin Azərbaycanının uzaq bir kəndində dərslik çatışmazlığı, təbii ki, olacaqdı, amma o öz şagirdləri üçün şəxsən özü dərsliklər hazırlayaraq bu boşluğu aradan qaldırır.
Daha sonra isə dərsliklər hazırlamasa da, müxtəlif mətbu orqanlarda dərsliklərə bərabər məqalələr yazır. Həmin məqalələrdə müasir dövrün təhsil baxışlarına, hazırkı irəliləmiş tədris trendlərinin işartılarına belə rast gəlmək mümkündür. Bütün bunlar isə Üzeyir bəyin maarifçi zəkasının necə dərin olmasına bir nümunədir. Məsələn, modern təhsildə milli kimliklə qlobal düşüncənin vəhdəti ön planda olan nəsnələrdəndir. Amma Üzeyir bəy hələ XX əsrin əvvəllərində məktəb və maariflə bağlı yazdıqlarında bu detalların eskizlərini cızmış, yol xəritəsini bəlirləmişdir. Onun düşüncəsində təhsil 3 əsas meyarı özündə birləşdirməli idi: şüurluluq, sistemlilik, xəlqilik.
Təhsillə bağlı məqalələrinin, demək olar, hər biri bu 3 prinsipə söykənir.
Ü.Hacıbəyov “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim ictimaiyyəti haqqında”, “Xəbərdarlıq” kimi məqalələrində bu 3 prinsipi xüsusi qabardır.
Məsələn, “Xəbərdarlıq” məqaləsində bu 3 prinsipin hər birinin elementlərinə rast gəlmək olar. Amma Üzeyir bəy daha çox təhsildə xəlqilik – milli məktəblər, ana dilində təhsil məsələlərinə toxunaraq yazırdı:
“Müəllimlik vəzifəsi çox çətin və məsuliyyətlidir. Hər adam onun öhdəsindən gələ bilməz, özünü müəllim adlandıran hər kəsə uşaqları tapşırmaq böyük bir xətadır. Təlimdən başqa uşaqların tərbiyəsi də müəllimin öhdəsindədir. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini poza bilər”.
Adıçəkilən “Xəbərdarlıq” məqaləsində toxunduğu bir başqa prinsip isə təhsildə sistemlilik məsələsidir. Bugün dünyanın nəhəng təhsil ölkələrinin (Finlandiya, Yaponiya, Sinqapur, Çin və s.) əsas uğuru təhsildə sistemlilik prinsipinin qorunması, “alt yapı”nın, azyaşlılardan başlanan təhsilin sonrakı uğurların əsas səbəbləri kimi görmələridir. Üzeyir bəy, ötən əsrin əvvəllərində qələmə aldığı “Xəbərdarlıq” məqaləsində bu detalı ustalıqla müşahidə etmiş və azyaşlıların tədris və təlimlərini təhsilin uğur göstəricisi hesab etmişdir:
“Doğrudan da, uşaq tərbiyəsi çətindir… Tərbiyənin yolunu ancaq elm sahəsində bilmək mümkündür”.
Vacib haşiyə
Burada mütləq qeyd etməli olduğumuz bir məsələ də var. Üzeyir bəyin təhsilə olan yanaşmasının özəyini millilik prinsipi tuturdu. Bu meyarın isə əsas göstəricisi kimi o, “ana dili və təhsil” tandemində görürdü. Çünki özü Qori Seminariyasında rus dilində təhsil almış, paralel olaraq başqa dilləri (gürcü və fransız) öyrənmiş, amma yenə də doğma dilinə olan aclığı hər zaman hiss etmişdi. Hələ o zamandan anlamışdı ki, təhsilin şüura hopması, həyatilik statusu qazanması üçün onun mütləq doğma ana dilində olması vacibdir. Ana dili və təhsillə bağlı daha nələr yazmamışdı ki… Onların bir neçəsinə toxunmaq lazımdır. Çünki bu fikirlərin hamısı təhsil adına xilas düsturlarıdır. Bugün qaçdığımız rus və ingilis dili bölmələrindəki təhsil, əslində, bizdən nələri alırmış sualına bir cavabdır:
– “Bizim dilimiz Avropa alimləri və filosoflarının rəyinə görə, ən vüsətli və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və hisslərini bəyan etməyə qadirdir”;
– “Məktəb açıb bütün elmləri öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir. Bu arzunun hasilə gəlməsi üçün biz var qüvvətimizlə çalışmalıyız, zira nəşri-maarif və təmimi-mədəniyyət üçün yeganə vasitəmiz bir bu təriqdir…” (Qeyd: Burada müəllifin üslubu qorunub-saxlanılır. O bu fikirlərində maarif və mədəniyyətin yayılmasının əsas və yeganə yolunun ana dilində təhsil olmasında görür);
– “Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq… Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən elm və fənlərin hər bir qismi meydanında dahilər çıxardıb gələcəyimizi hər cəhətdən təminə çalışaq…”
Bu qəbildən olan dil-təhsil tandeminin vacibliyini özündə göstərən sitatlar, təbii ki, çoxdur. Amma Üzeyir bəy təkcə fikir yox, həm də əməl adamı idi. Bu xüsusda boşluğu doldurmaq üçün məhz özü nələrsə etməyə çalışır, “təhsildə millilik” prinsipinin tədris prosesində inkişafı üçün əməli addımlar atırdı. Onlardan bir neçəsinə toxunaq:
1. “Türk-rus və rus-türk” lüğətininin çapı – Dövrün bütün fənn və elm kitabları rus dilində olduğundan və Üzeyir bəyin təhsil-millilik prinsipinə yad sayıldığından o lüğətlərin tərtibinə xüsusi önəm verir.
1907-ci ildə 120 səhifəlik iki hissədən ibarət “Türk-rus və rus-türk” lüğətini çap etdirir. Bununla da nəinki dərslik, eləcə də lüğətçiliyin inkişafına zəruri başlanğıcın əsasını qoyur;
2. ”Hesab məsələləri” – Üzeyir bəy pedaqoji fəaliyyəti zamanı şagirdlərin dərs vəsaiti baxımından çətinlik çəkdiklərini görür və bu problemin aradan qaldırılması üçün çalışırdı. 1908-ci ildə tərtib etdiyi “Hesab məsələləri” dərsliyi Orucov qardaşları mətbəəsində dərc olunub. Dərslik 3 hissədən (birrəqəmli ədədlər, yuvarlaq onluqlar, ikirəqəmli ədədlər) ibarət olub, bura daxil edilmiş məsələlər pedaqoji tələblərə cavab verən ardıcıllıqla düzülüb. O dövrün pedaqoqları bu dərsliyi Azərbaycan məktəbləri üçün faydalı və lazımlı vəsait hesab ediblər. Dərslik M.Ə.Rəsulzadənin də diqqətini çəkib və “Tərəqqi” qəzetində onun haqqında məqalə dərc etdirib. “…104 səhifədən ibarət təmiz və aydın surətdə asan Azərbaycan sadə türkcəsiylə tərtib olunmuş “Hesab məsələləri” adında bir kitab nəşr olunmuşdur. Mühərrirlərimizdən müəllim Üzeyir Hacıbəyov cənablarının bu əsəri ibtidai məktəblərin 1-ci və 2-ci şöbələri şagirdlərindən ötrü lüzumlu bir dərs kitabıdır…”. (Zülfiyyə Şiriyeva, Üzeyir Hacıbəyovun yaradıcılığı və maarifçilik fəaliyyəti, “Azərbaycan müəllimi” qəzeti, 2023).
Üzeyir bəydən təhsil düsturları
Sonda böyük maarifçi Üzeyir bəy Hacıbəylinin 1905–1912-ci illərdə müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələrindən götürülən və təhsilin təbliğinə aid olan bir neçə sitatını təqdim edirik. Bu sitatları biz asanlıqla təhsilimizin bugünü və gələcəyi üçün xilas düsturları kimi qəbul edə bilərik. Bəzəksiz-düzəksiz, hər kəsin anlayacağı sadə dildə, qəliz məzmun yox, sadə praktiki mətləbləri önə çıxaran bu sitatlarda Üzeyir bəyin təhsil yanaşmalarındakı 3 prinsip (millilik, sistemlilik və şüurluluq) yenə də ön plandadır:
– “Bir yerdəki elm və maarif olmadı, orada zülm və istibdad hökm-fərma olar…” ;
– “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adamı müəllim bilib uşağı ona tapşırmaq böyük xətadır”;
– “… Təlimdən başqa, uşağın tərbiyəsi də müəllimin öhdəsindədir…”;
– Millətimizin gələcəyini təmin edən bizim övlad və törəmələrimiz olacaqdır. Ona binaən indidən lazımdır ki, onların tərbiyələri o cür icra olunsun ki, axırda millət və milliyyət hissi-müqəddəslər ilə məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər…”;
– “…Cəmaətimizin başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi isə elmsizliyin ucundandır”;
– “Kənd camaatı görsə ki, içərilərində olan müəllimlər dərd göstərən və dərman bilənlərdir, şübhəsizdir ki, o müəllimlərə məhəbbət və etibar ilə baxıb kamali-mərifətlə övladlarını onların təhti-tərbiyə və təliminə verərlər…”;
Fikrimcə, bu düstur-sitatlardan sonra əlavə nəsə deməyə ehtiyac yoxdur. Üzeyir bəyin bir çox dahilərə xas olan gələcəyə yönəlik baxışlarında məktəbin də, müəllimin də yeri tamamən aydındır. İndi qalır, bu düsturları, formulları nədəsə, necəsə və haçansa tətbiq etmək…
Elmin Nuri
Təhsil tədqiqatçısı