Köşə Yazıları Tural İsmayılov

Yaşayan məfkurə, düşünən cəmiyyət

Məfkurə toplumları varlıq baxımından bütövləşdirən ideologiyadır. O, gündəlik həyatımızda rastlaşdığımız qaydaların, qadağaların, hətta ümidlərin arxasında gizlənən görünməz kod sistemidir.

Bir xalqın düşüncə tərzi, qərar anlarındakı refleksləri və gələcəyi ilə bağlı gözləntiləri – hamısı müəyyən bir məfkurənin süzgəcindən keçir. Fərdin zehni sərbəstliyi çox vaxt bu süzgəcin hüdudlarını tanımaqla başlayır.

Görünən odur ki, cəmiyyətlər çox zaman ideyalar üzərində inşa olunur, lakin zamanla bu ideyalar o qədər toxunulmaz hala gətirilir ki, inkişafın əleyhinə çevrilir. Elə bu baxımdan məfkurə ilə doqmanı bir-birindən ayırmaq həyati önəm daşıyır. Yoxsa düşüncəni stimullaşdırmaq əvəzinə onu hüdudlaşdırmağa başlayırıq.

Bəzən ən təsirli məfkurə səssizliyə çevrilmiş olandır.

Fəlsəfə tarixində bir sual həmişə öz aktuallığını qoruyub: “İnsan nə üçün yaşayır?”

Məfkurə sadəcə ideoloji bir anlayış deyil. Bu, insanın varoluşuna yön verən, onu gündəlik mövcudluq girdabından çıxarıb zamanın fövqünə daşıyan bir gücdür. Hər bir böyük mədəniyyətin, dövlətin, hərəkatın arxasında bir məfkurə dayanır. Məfkurə, əslində, zamanın toz-torpağı içində bir növ qaya kimidir – ətraf dəyişsə də, o qalır və istiqamət verir.

Bu gün isə qəribə bir mənzərə ilə üz-üzəyik. Məlumat bolluğu içində məfkurə aclığı yaşanır. İnsanların bəzisi çox şey bilir, amma niyə yaşadıqlarını unudurlar. Niyə mübarizə aparmalı olduqlarını, hansı dəyərlərə söykənməli olduqlarını bilmədən sosial şəbəkələrdə “trendlərin” dalınca qaçırlar. Halbuki tarixin hər dönüş nöqtəsində məhz məfkurəsi olan adamlar sükan arxasında oturub. Tək bir fikrə, dəyərlər sisteminə sadiqlik – bu bütün texnologiyalardan daha böyük silah olub.

Məfkurə bəzən ana dilini qorumaq olur, bəzən bir kənd məktəbinin varlığını davam etdirmək. Bəzən milli ədəbiyyatı yaşatmaq, bəzən bir şəhid məzarının üstündə dua oxumaq. Əsas məsələ budur: sənin bir “niyən” var, yoxsa yox? Çünki “niyə”sini bilməyən adam, necə yaşamalı olduğunu da bilmir.

Nitsşe deyirdi: “Yaşamaq üçün bir “niyə”si olan insan hər cür “necə”yə dözər”. Bizim də bu günə lazım olan budur: dəyərlərin dağılmadığı, fikirlərin alış-verişə çıxarılmadığı, ruhun susmadığı bir mühit. Bir az Vətəni düşünən, bir az keçmişin ağırlığını çiyinlərində hiss edən, bir az da sabahı ucaldacaq iradəyə sahib adamlar…

Yəni qısası, məfkurə – adamı adam edən şeydir. Təkcə düşüncə deyil, mövqe, iddia və yüklənmiş məsuliyyətdir. Məfkurə varsa, insan fırlanan dünya içində sabit qalmağı bacarar.