Uşaq olanda onu bizə “Şərqin Lenini” kimi təqdim edirdilər, biz də inanırdıq. Həm də sevinirdik ki, “Şərqin Lenini” başqa xalqların yox, məhz azərbaycanlıların içindən çıxıb. Fəxr edirdik ki, bizim Lenin əsl Leninlə eyni ildə və eyni ayda, hətta ondan 8 gün öncə dünyaya gəlib.
Yəqin ki, təxmin etdiniz, söhbət siyasi xadim, yazıçı, publisist və həkim Nəriman Nərimanovdan gedir. Həmin Nərimanovdan ki, ona münasibət heç vaxt birmənalı olmayıb: istər sağlığında, istərsə də ölümündən sonra – istər sovet işğalı dövründə, istərsə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra. Xüsusən 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində Cümhuriyyətimiz və onun liderləri ilə bağlı tarixi həqiqətlərin üzə çıxmasından sonra ona mənfi münasibət bəsləyənlərin sayı kəskin artıb. Səbəb bəllidir – Nərimanov Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinə son qoyan Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri olub.
Amma, bəlkə də, çoxları bilmir ki, 71 illik sovet işğalı dövründə Nəriman Nərimanovun adının bir siyasi xadim kimi anılması uzun illər qadağan olunub, barəsində yalnız ədəbiyyat xadimi, yazıçı kimi söz açılıb. Qəribədir, elə deyilmi? Bəs necə olub ki, sovetlərin ideoloji düşməni olan Cümhuriyyətimizin lideri Məhəmməd Əmin Rəsulzadə kimi bu cümhuriyyətə son qoyan Nəriman Nərimanovun da adı yasaqlanıb?
Nərimanov kim idi və nə istəyirdi?
Bizcə, bu yarımbaşlıqdakı suala ən yaxşı cavabı elə Nərimanovun özü verib – “Qafqaza hansı şüarlarla gedirik?”, “Bəzi yoldaşlara cavab”, “Qafqazın işğalına baxış” məqalələrində, Leninə və Stalinə ünvanladığı məktublarında, bir də oğlu Nəcəfə yazdığı, lakin tamamlaya bilmədiyi nəsihətnaməsində. Yeri gəlmişkən, “Ucqarlarda inqilabımızın tarixinə dair” adı ilə məşhur olan Mərkəzi Komitəyə və Stalinə yazdığı məktubu Azərbaycanın 1918–1923-cü illər tarixinə dair ən mükəmməl sənədlərdən biri sayılır.
Oğlu Nəcəfə yazdığı tamamlanmamış məktubunda Nəriman Nərimanov öz həyatını belə təsvir edir: “Mənim həyatım daim qayğılarla dolu olmuşdur. Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu özümün az maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil oldum, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən. Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam”.
Nərimanov bu məktubunda hakimiyyət adamı olmadığını da etiraf edir: “Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir” (Nəriman Nərimanov. Seçilmiş əsərləri, səh. 467–470).
Əslində, Nərimanov haqlı idi – o heç vaxt hakimiyyət dalınca qaçmadı, heç zaman da özü üçün yaşamadı, başqaları üçün yaşadı. Daha dəqiq desək, lider kimi qəbul etdiyi Lenin üçün, can-könüldən bağlandığı kommunizm ideyaları üçün yaşayıb-yaratdı. Doktor Nəriman kommunizm ideyasına o qədər aludə olmuşdu ki, 1918-ci ilin martında bolşevik-daşnak ermənilərin Bakıda və Azərbaycanın müxtəlif bölgələrində törətdiyi türk-müsəlman soyqırımı belə onu bu ideyadan vaz keçirə bilmədi…