Köşə Yazıları

Xalqların milli yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti

Maddi-mədəni irs xalqların milli yaddaşını bütövləşdirən dəyərdir. Maddi-mədəni irs xalqların tarixin bütün dövrlərini əhatə edən, onların yaşadığı ərazidə fiziki varlığını göstərən zəngin milli maddi-mədəni mirasdır. Xalqların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. Maddi-mədəni miras xalqların keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı və mühüm tarixi dəyəri olan sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Maddi-mədəni irs onu ərsəyə gətirən millətin pasportu milli kimliyininin daşıyıcısıdır. Maddi-mədəni irs yurdu vətənləşdirən, vətəni əbədiləşdirən dəyərdir. Maddi-mədəni irs milləti kökə bağlayan, milli-tarixi yaddaşı qoruyub, nəsillərarası rabitəni təmin edib onları əcdadlarının izlərinə calayan dəyərdir. Maddi-mədəni irs elin-obanının göz yaddaşı, xalqın söz yaddaşı və yurdun daş yaddaşıdır, xalqı milli kökə bağlayan tellərdir. Xalqı milli kökünə bağlayan o tellər nə qədər möhkəm, tarixinə bağlılıq isə nə qədər saf və qətiyyətli olarsa, Vətən o tənasübdə əyilməz. Dövlət o tənasübdə əbədi olar.

Azərbaycanın maddi-mədəni irsi xalqın yaddaşı, tarixinin gücü, qüdrətidir. Hər abidə mənsub olduğu xalqın keçmişi ilə yanaşı, onların adət-ənənə, həyat tərzi və ruhunu yaşadır. Abidələr nəsillərin qəlbinin odunu, duyğularının nurunu, qılınc-qələm tutan əllərin gücünü, qüdrətini bizə çatdıran tarixi əmanətdir. Azərbaycanın dastanlarından gələn nərələri eşidəndə, ulu şərqiləri dinləyəndə, bir bayatının sehrinə düşəndə qəlbin coşub, qanın qaynayırsa, deməli, xalqın yaddaş qapıları açılır üzünə; mənsub olduğun xalqın tarixi gücünə qovuşursan, o güclə silahlanıb sənə aid olan, nəsillərin mirası Qarabağı azad edirsən.

Maddi-mədəni irs keçmişdən bu günə, bu gündən gələcəyə uzanan yollar, dünyanın sinəsinə həkk olan əbədi izlərdir. Tarixi keçmişi tədqiq etmək nə qədər vacibsə, bu günü yaddaşlara hopdurmaq ondan da zəruridir. Unutmuşuq ki, yaşadığımız dövrün tarixini bizdən yaxşı heç kim yaza bilməyəcək və əgər bizə gün kimi aydın görünən həqiqətlər elə bu gün tam aydınlığı ilə gələcəyə əmanətlənməsə, bunu bizə heç kim bağışlamayacaq. Bugünkü tarix barədə sabah yazılacaq əsərlər quru statistikadan, basmaqəlib xronologiya çərçivəsindən başqa bir şey olmayacaq və gələcək nəsillər quru rəqəmlər arasındakı boşluğu doldurmaq üçün bu gün çəkdiyimizdən qat-qat çox əziyyət çəkməli olacaqlar. Tarix əməllə sözün vəhdətindən dikəlir. Bu iki başlıca amildən biri olmayanda, digəri də öz dəyərini itirir.