Körpə bir ürəyin sığındığı ilk liman, fırtınalı duyğuların dayandığı son dayanacaqdır. Ana sevginin dilə gəldiyi, mərhəmətin canlandığı varlıqdır. Bəzən səsini yüksəltsə də, qəzəblə baxsa da, onun qucağı yenə də ən böyük təsəllidir. Çünki ana nə olursa olsun, övladını heç nəyə dəyişməyən bir sevgidir. Danlayar, qorxudar, amma heç vaxt tərk etməz.
Övlad ağladıqda da, sevindikdə də ilk addımı ana qapısına yönələr. Çünki o bilir ki, ananın ürəyi dərd dinləməyi bacaran bir dəniz, sevincə geniş açılan bir səma kimidir. Danlanacağını bilə-bilə ürəyindəki ən gizli sirri ona açar. Çünki bilir ki, ananın qucağından isti, gözlərindən şəfqətli yer yoxdur bu dünyada.
Ana ilk sirdaşdır. Sözsüz dinləyər, sükutla qucaq açar, özündə minlərlə dua saxlayan gözləri ilə övladına “səninləyəm” deyər. Bəzən yorğun, bəzən kədərli, bəzən də susqun görünər Ana. Amma onun qəlbində daima çağlayan bir məhəbbət seli vardır. Sərtliyi qayğısındandır, qadağası qorxusundandır. Çünki hər ana övladının xoşbəxtliyi üçün özünü belə unudacaq qədər fədakardır.
Ana gecə yarısı beşiyin başında səssiz dua edən, qapı arxasında narahat gözləyən, övladının bir təbəssümündə min ümidi yaşadan qadındır. Onun üçün övladının bir gülüşü bütün dərdlərə məlhəmdir. Övladı ağlamasın deyə öz göz yaşlarını gizləyən, acı çəksə də, hiss etdirməyən sehrli bir gücdür ana. Onun yorğun əlləri bir evin yükünü daşımaz sadəcə, bir ailənin ruhunu daşıyar o əllər.
Anaya sarılmaq sanki bir dünyaya sarılmaq kimidir. O qoxu… İnsanı dərin bir rahatlığa bürüyən ən təbii, ən əvəzsiz qoxudur. Ana insanın heç vaxt böyüməyən tərəfinə xitab edən tək sığınacaqdır.
Hər ana üçün balası dünyanın ən gözəl övladıdır və hər bir övlad üçün anası varlığının mənası, həyatının səbəbidir.
Bəzən ana qorxar… Övladına bir zərər gəlməsindən, onun inciməsindən, dünyanın ona zərər yetirməsindən. Amma elə həmin qorxu anında ana bir dağa çevrilər. Səngər olar, divar olar, sipər olar. Balasının adı çəkiləndə ən gücsüz anında belə mübarizə ruhu ilə dolub-daşar. Çünki mübarizə onun qəlbinin başqa adıdır. Sevgi isə onun varlığının özü.
Ana varsa, ev həmişə işıqlıdır. Ana nəfəs alırsa, ürək həmişə ümidlə döyünür. Çünki ana yaşadığımız dünyanın içindəki cənnətdən bir parçadır. Dünya ana qədər gözəl olmasa da, ana dünyanın gözəlliyini öyrədən ilk varlıqdır.



