Beynəlxalq foto gününə özəl
Bəzən elə anlar olur ki, içimizdə bir səs deyir:
“Kaş zamanı tutub saxlaya bilsəm…”
Və həmin anlardan qalan bir səs, bir söz xatirəyə çevrilib hopur yaddaşımıza. Ancaq illər sonra qaçhaqaçlı həyatın qayğıları onları da yavaş-yavaş silir hafizəmizdən. Nə sözlər, nə də səslər danışmır bizimlə. Təkcə təbəsssüm danışır. Necə?! Sadəcə bir foto ilə. Şəkilləri əlimizə alanda bir ruh bizlə söhbətə başlayır sanki. Hər bir foto ayrı bir dillə, ayrı bir təbəssümlə…
Əlinə aldığın ilk fotodakı saf təbəssüm dil açır:
“İçindəki uşaq hələ də yanındadır. Onu hər zaman xatırla. Hər dəfə onu düşünərkən çiçəklərə, ağaclara, təbiətə, bir sözlə bütün həyata gülümsəməyi də unutma”.
O uşaq təbəssümünlə sağollaşmaq istəyəndə onun yanında olan ağ-qara fotodakı nəvazişli, qayğıkeş təbəsssüm dinir:
“Yıxılsan da, qorxma. Bilirəm, özün qalxmağı bacaracaqsan. Amma bil ki, hər şeyə rəğmən mən həmişə arxandayam, əziz balam. Lap uşaqlığında olduğu kimi”.
Bu fotodakı təbəssümlə dərin bir fikrə gedirsən. Ancaq həmin anda başqa bir fotodakı şıltaq təbəssüm danışmağa başlayır:
“Narahat olma, düz edirsən. Düz olmasa da, birlikdə düzəldərik, əziz dostum”.
Və sonda xəfif, sevgi dolu təbəssüm danışmaq istəyir sənlə. Ancaq onun sözlərini eşidə bilmirsən heç. Sadəcə təbəssümünün səsi gəlir ağlına. Birdən sanki daldığın şirin yuxudan oyanırsan. Axı o sənin bu təbəssümü kitabının vərəqləri arasında gizlətdiyindən xəbərsizdir! Bəlkə, bir gün cəsarətli olsan, həmin təbəssüm də ailənə çevrilən təbəssümlərin sırasına qoşular. Uzaq, yad təbəssümlər də bir gün doğmalaşar…
“Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüzünlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq”.



