44 günlük müharibə Azərbaycan dövlətçiliyinin yalnız döyüş meydanında deyil, informasiya sahəsində də gücünü nümayiş etdirdi. Müasir dövrdə dövlətin dayanıqlığı təkcə silah və ordu ilə deyil, informasiya məkanının qorunması ilə də ölçülür. Səngərdə əsgər torpağı müdafiə edirdi, informasiya sahəsində isə qələm, kamera və efir dövlətin mövqeyini qoruyurdu. İnformasiya boşluğu düşmən üçün fürsətə çevrilə bilərdi və buna görə də boşluq buraxmamaq dövlətçilik məsuliyyəti idi.
Müharibə günlərində sosial media da cəbhə xəttinə dönmüşdü. Burada hər kəsin yazdığı fikir və paylaşdığı məlumat informasiya axınına təsir göstərirdi. Yanlış paylaşılan bir məlumat bəzən ordunun əməliyyatlarına təhlükə yarada bilərdi. Düşmən dezinformasiya yaymaqla ictimai rəyə təsir göstərməyə çalışırdı. Ona qarşı həqiqətin vaxtında və dəqiq şəkildə çatdırılması isə informasiya əsgərliyinin əsas borcu idi.
44 gün ərzində informasiya silah kimi işlədildi. Faktın dəqiqliyi, xəbərin vaxtında verilməsi xalqın güvənini artırırdı. İnsanlar həm ruhlanır, həm də dövlətin gücünə inanırdılar. Bu, dövlətçiliyin möhkəmlənməsi üçün vacib idi. Diplomatiya və beynəlxalq münasibətlər də həqiqətin doğru təqdim olunmasına əsaslanırdı. Dünyada ictimai rəy bir silahdır və Azərbaycan həmin silahı düzgün işlətdi.
Müharibə günlərində informasiya əsgərliyi anlayışı tam formalaşdı. Efirə çıxan hər kəs, yazan hər jurnalist, paylaşım edən hər vətəndaş dövlətçiliyin müdafiəsinə qoşuldu. Hər açıqlama, hər debat, hər reportaj bir sursat kimi dəyər qazanırdı. Həqiqəti qorumaq ordunun uğurunu tamamlayırdı. Dövlətin gücü yalnız hərbi qələbədə deyil, həm də həqiqətin dünyaya çatdırılmasında idi.
Xalqın davranışı da dövlətçilik üçün mühüm rol oynadı. İnsanlar emosiyalarını cilovladı, dövlətin rəsmi mövqeyini əsas götürdü. Bu birlik informasiya müharibəsində böyük üstünlük yaratdı. Dövlət və xalq informasiya sahəsində də eyni cəbhədə dayanmağı bacardı. Bu, müharibənin görünməyən, amma qalibiyyətə aparan yolu idi.
Müharibədən sonra informasiya mühitinin daimi bir səngər olduğu daha aydın göründü. Burada geri çəkilmək olmaz. “Feyk-nyus” təxribatları, yeni dezinformasiyalar davam edir. İnformasiya sahəsində ayıq qalmaq dövlətçilik borcudur. İnformasiya əsgərliyi isə davamlı məsuliyyət deməkdir. Dövlətçilik yalnız torpağın müdafiəsi ilə deyil, həm də sözün, faktın və həqiqətin qorunması ilə yaşamaqdadır.
İnformasiya müharibəsinin nəticələri göstərdi ki, sözün dəyəri bəzən silahın dəyəri ilə ölçülür. Əsgər necə səngərdə keşik çəkirdisə, jurnalist də informasiya məkanında keşik çəkirdi. Hər kəs öz mövqeyində əsgər idi – biri silahla, digəri sözlə. Dövlətin gücü də bu sinxronluqda idi. İnformasiya mühitində səhv etməmək ordunun səhv etməməsi qədər önəm daşıyırdı.
Bu, müharibənin gələcək nəsillərə qoyduğu ən böyük dərslərdən biridir. Çünki dövlətçilik yalnız bu günün qələbəsi ilə deyil, sabahın informasiya mühitində möhkəmlənməsi ilə davam edir. Gələcək nəsillər də anlayacaq ki, informasiya sahəsində də əsgər olmaq şərəfli missiyadır. Bu məsuliyyəti daşımaq dövlətçiliyin ayrılmaz tərkibidir. Hər kəs öz sözündə, öz əməlində dövlətin yanında durduqca informasiya mühiti saxta xəbərlərə qarşı daha dayanıqlı olacaq.



