Millətləri, milli dövlətləri, milli sərhədləri, habelə milli kimlikləri aşılmalı olan əngəl hesab edən (post) modern Qərbin neoliberal diskursunda, dünya baxışında “açıq cəmiyyət” konsepti çox önəmli yer tutur. Öz kimliyini (identikliyini), sosio-kultural dəyərlərini qorumağa çalışan dövlətlərin qarşılaşdığı ən böyük təhdid öz sosial düzənindən başqa digər bütün sosial-mədəni düzən prinsiplərinə qapalı olan neoliberal “açıq cəmiyyət” ideologiyasıdır. Bu gün xüsusilə Qərbi Avropa dövlətlərinin cəmiyyətlərində, ABŞ və Kanadada qeyd olunan ideologiyanın sosial, siyasi və kultural anlamda dağıdıcı təsirləri aşkar şəkildə müşahidə olunmaqdadır.
“Açıq cəmiyyət” konsepti filosof Karl Raymund Popperin 1940-cı illərdə yazdığı “Açıq cəmiyyət və onun düşmənləri” adlı kitabı ilə populyarlaşdı. O, açıqlığı topluluq və milli şüurun “traybalist mentallığ”ına qarşı qoyurdu. I Dünya müharibəsinin fəlakətli nəticələri və totalitar dövlətlərin meydana çıxması Popperin milli və ideoloji bağlılıqlardan qorxmasına, onlara qarşı ikrah duymasına səbəb olmuşdu. O milli dövlətləri sərhədləri aşılmalı, daha açıq beynəlmiləl düşüncəli institutlar tərəfindən keçərsizləşdirilməli olan qapalı cəmiyyətlər olaraq görürdü. Bu məqsədlə o, traybalist qapalı cəmiyyətləri təmsil edən institutlara qarşı olaraq maariflənmiş imperiyalar və imperializmi müdafiə edirdi.
Popperin imperializmi müdafiəsi ən çox onun Qədim Yunanıstan ilə bağlı diskussiyasında qarşımıza çıxır. O, Spartanın traybalist siyasi sisteminə qarşı olaraq Afina imperiyasının qeyri-milli imperializmi üzərində pozitiv baxışlara sahibdir. Popper ümid edirdi ki, traybalist müstəsnalıq və özünəyetərlilik müəyyən bir imperializm forması tərəfindən aşıla bilər.
Onun “açıq cəmiyyət” ideyası insanları qapalı cəmiyyətlərdən xilas edəcək qlobal institutlar axtarışında olan kosmopolitanizmin yeni inkişaf etmiş, texnokratik versiyası ilə bağlı idi. Kantın kosmopolitanizm açıqlamasından fərqli olaraq, Popperin versiyası milli bağlılıqları rədd edir və milli suverenliyin yerinə yetirilməsinə kəskin şübhə ilə yanaşır. Popperin baxışları II Dünya müharibəsinin sonrasında bəşər tarixinin bu dəhşətli epizodunun səbəbi kimi ifrat milliyətçiliyi təqsirləndirən və idrəetmənin beynəlxalq formalarına ümid bağlayan post-müharibə liberalları tərəfindən də bölüşülürdü. Tədricən Popperin açıq cəmiyyət konsepti daha radikal dimensiyalar qazanmağa başladı. Marşall Makluhan 1964-cü ildə nəşr edilən “Qlobal Kənd” adlı əsərində Qərb cəmiyyətlərinin kultural elitalarının müəyyən hissəsini həyəcanlandıran sərhədsizlik anlayışını əks etdirirdi.
Sərhədsizliyin ən mühüm dəstəkçiləri Avropa Birliyinin əksər üzvləri arasında sərhəd nəzarətini aradan qaldırmasındakı uğurundan ilhamlanırlar. Alman sosioloqu Ulrix Bek iddia edir ki, kosmopolit proyektin öncül propnentlərindən biri, Avropa proyektinin müəyyənedici səciyyəsi onun “radikal açıqlığı”dır. Avropa Komissiyasının keçmiş prezidenti Xose Manuel Barrozo da bəyan edirdi ki, “inteqrasiya prosesinin başlanmasından bəri dəyərlərimizin bölünməz parçası olan açıqlıq “konjenital (doğuluşdan gələn) hal”dır”. Bek sərhədsizlik anlayışının öz həyatında sabit istinadlarını itirən insanlarda dərin əndişə yaratdığını bildirsə də, sabitləşmiş differensiasiyalar və dixatomiyaların tənəzzülünü alqışlayır. Ona görə kosmopolitanizm konsepti sadəcə milli hüdudlara deyil, özəl-daxili sferada insanlara bələdçilik edən simvolik hüdudlara da aiddir. Ümumi olaraq sabitləşmiş differensiasiyaları, kultural və konseptual dixatomiyaları “zamanı keçmiş” qalıqlar olaraq görmə tendensiyası dinamik, sürətlə dəyişən dünyada hər şeyin axıcılaşması səbəbləri ilə əsaslandırılır.
Ulrix Bek diqqəti milli olaraq hüdudlanmış təxəyyülün ənənələrindən meydana çıxan təhlükəsizlik və zəmanət axtarışında olanların “sabitləşmiş sərhəd şüuru”ndan ayırmaq və yenidən fokuslamaq üçün “metodoloji kosmopolitanizm” konseptini irəli sürüb. Bek vurğulayır ki, “modern” cəmiyyətin təməl konseptləri – ev təsərrüfatı, ailə, sinif, demokratiya, dövlət, iqtisadiyyat, publik sfera, siyasət və s. – “metodoloji millətçiliy”in sabitləmələrindən azad edilməli və metodoloji kosmopolitanizm kontekstində yenidən müəyyən edilməli və konseptuallaşdırılmalıdır. Bek metodoloji millətçiliyin fiksasiyalarını simvolik hüdudların təmin etdiyi yönləndirmə vasitəsilə müəyyənlik qazanan sorğu-sualsız qəbul edilən anlamlara istinad etdiyini bildirir.
Yürgen Habermas da demokratik transsərhəd iradəsinin formalaşmasını bloklayan, özlərini bir-birindən ayıran milli makrosubyektlərə qarşı kəskin hiddət və ikrah dili ilə yanaşır. Onlar “sağçı populizm”in dəstəkçiləri olaraq görülür. Bek də milli hüdudlara “xaricetmə (kənarlaşdırma) əxlaqı”nın daşıyıcıları olaraq yanaşır. Popperin ideyalarını davam etdirən, “antikosmopolit millətçiliy”i düşmən olaraq görən U.Bek (o cümlədən, digər anti-suverenist intellektuallar) ön siyasi topluluqlar və münasibətləri, qohumluq, ailə, dostluq, din və sosial konvensiyaları açıqlığın önündə semi-arxaik qalıqlar kimi dərk edirlər. Belə antaqonist, aqqressiv yanaşmanın qəbulu bir qapalı cəmiyyətin ən pis günahı olaraq görülən milli həsassiyyət xüsusunda daha kəskindir. Bek ilə birlikdə ingilis sosioloqu E.Giddens də millətçiliyin Avropa millətlərinin ən pis düşməninə çevrildiyini bildirir. Habermas milli hüdudların aşınması və transsərhəd interaksiyalarına yardım etdiyi üçün “iqtisadi ağlın hiyləgərliyi”ni təqdir edir. Lakin onun kosmopolit baxışı milli publik sferaların özlərini tədricən bir-birinə açmalarını tələb edir. Habermas anlayır ki, topluluqlar özlərini spontan şəkildə açmırlar, buna görə də onun ideyaları topluluqların bağlı qalmasını sarsıdacaq bir kosmopolit siyasi kültürün təşviqi və institusionallaşması üzərində dayanır.
Bəzi kommentatorlar vətəndaşlığı heç də gerçək açıq konsept olaraq qəbul etmirlər, çünki planeti məskunlaşdıran hər kəs üçün əlçatımlı olmadığını bildirirlər. Nəticədə, demokratik cəmiyyətlərin işləyişinin təməlini təşkil edən demos qapalı cəmiyyətin əbədiləşməsində “cinayət ortağı” kimi xarakterizə edilir. Buna görə “açıq cəmiyyət”in dəstəkçiləri demokratiyaya qarşı praqmatik və ya instrumental yanaşmanı qəbul ediblər. Bu perspektivdən yazan britaniyalı filosof Ayen Jarvi “siyasət fəlsəfəsində debat lokusunun demokratiyadan açıqlığa dönüşü”nə səbəb olduğu üçün Popperin ideyalarını alqışlayır.
Hüdudsuzluğun dominant təsir gücü açıqlığın xüsusi dəyər qazanması və qeyri-mühakiməçiliyin kultural keçərlilik əldə etməsinin üst-üstə düşməsindən qaynaqlanır. Bu iki trendin konvergensiyası 1960-cı illərdə baş verdi. Bu zamanadək qeyri-mühakiməçilik konsepti terapevtik və sosial iş ixtisasları ilə məhdudlaşırdı. “Qeyri-mühakiməçi” olmaq imperativinin təhsil, kultural institutlar və pop-kültürə intişarı təlatümlü 60-cı illər ilə assosiasiya edilən əxlaqi iqtidarın sürətli eroziyasından qaynaqlanır. Məhz bu dövrdə tradisional dəyərlər, institutlar və sosial konvensiyalar aşkar sorğu-suala və rədd edilməyə tabe olunurdu. Tarixçi E.Hobsbaum bu dövrlə bağlı yazır: “Hüquqlar və vəzifələr, qarşılıqlı öhdəlik, günah və fəzilət, fədakarlıq, vicdan, cəzalandırma və mükafatlandırmanın qədim əxlaqi lüğəti artıq arzulanan (ani) məmnunluğun yeni dilinə tərcümə edilə bilməzdi. Əxlaqi dəyərlərin insan həyatını strukturlaşdırma gücü aradan qalxıb”. Təbii ki, bu gedişata təkan verən ən mühüm amil azad-bazar istehlakçılığından postmodernizmə qədər hakim qlobal ideologiya və baxışların mühakimə və dəyərlər problemini bütövlükdə neytrallaşdırmağa köklənməsidir.
Təməl olaraq bağlı cəmiyyətin tənqidi ön-siyasi bağların təkzibinə əsaslanır. “Açıqlığ”a çağırış tez-tez öz topluluğu daxilində insanları müəyyən edən və bir-birinə bağlayan münasibətlərin aradan qaldırılması proyekti ilə əlaqələndirilir. Prinsip etibarilə, demokratiya yönümlü xalqlar seçim etməyə və azadlığını icra etməyə açıq olan cəmiyyəti qərarvermədə ictimai iştiraka bağlı olan cəmiyyətlərdən daha üstün tutur, tərcih edir. Lakin açıqlığın əksər dəstəkçilərinə görə, qapalı cəmiyyət ilə bağlı problem seçim yoxluğu deyil, öncədən mövcud olan loyallıqların təsiridir. Belə orqanik bağlar modern intellektuallar tərəfindən dərin şübhə ilə görülür. 1950-ci illərdə Berqson yazırdı ki, toplumlarda dominant olan “təbii” impulslar aqressiv və münaqişə istiqamətli davranışlara yol açır. O, bağlı toplumlar haqqında pessimist baxışını belə ifadə edir: “Bağlı cəmiyyət üzvlərinin bir yerdə olduğu, insanlığın yerdə qalanı haqqında heç bir qayğı duymayan, daim hücum və müdafiəyə – döyüşə hazır cəmiyyətdir. Orada insan bu cəmiyyət üçün yaradılır”. Berqsona görə insani instinktin təbii funksionallığı insanlığı birləşdirməkdən daha çox, cəmiyyətləri mübarizəyə təhrik edir.
Berqsonun qapalı cəmiyyətlər ilə bağlı pessimist baxışı Popperdə də öz əksini tapır. Orqanik bağlara qarşı kəskin ikrah hissi duyan Popper qapalı cəmiyyətləri üzvlərinin “şəxsi qərarları ilə üzləşmədiyi” kollektivist arı şanı olaraq görür.