Füyuzat 136

Azərbaycan cümhuriyyətinin beynəlmiləl arenadakı milli həssaslığı

Yaşadıqları bölgələrə müxtəlif adlar verilsə də, ümumi olaraq Turan coğrafiyası adlandırılan arealda türk milləti öz müstəqilliyi uğrunda çox mübarizələr aparmışdır. Bunlardan biri də Qafqaz türklüyünün müdafiəçisi olan azərbaycanlıların əsrlər boyu tarixin gerçək səhifələrindəki istiqlal cəhdləridir. Yaxın dövrün ən önəmli hadisələrindən biri də XX əsrin I yarısında milli cümhuriyyətin qurulması olmuşdur. Həmçinin beynəlmiləl arenada Azərbaycan Cümhuriyyətinin milli varlığının qanuni hüquqlarını müdafiə etmək məqsədilə aparılan diplomatik mübarizələr diqqət çəkməkdədir.

Azərbaycan Cümhuriyyətinin ilk milliyyətçi addımı üç dövlətdən ibarət olan Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra 1918-ci ilin may ayında Osmanlı dövləti ilə birlikdə Batum müqaviləsini imzalamasıdır. Bu, Azərbaycanın 28 may 1918-ci ildə müstəqillik əldə etdikdən dərhal sonra – həmin ilin 4 iyun tarxində imzalanan “Osmanlı Dövləti–Azərbaycan Cümhuriyyəti Batum müqaviləsi”dir.

İki türk hökuməti tərəfindən imzalanan bu müqavilənin 1-ci maddəsində tərəflər arasında sülh və dostluq münasibətlərinin qurulacağı qeyd edilmişdir (Başbakanlık Osmanlı Arşivi, Hariciye Nezareti Hukuk Müşavirliği İstişare Odası, Defter №124, Gömlek №13, Varak №1–6).

4-cü maddədə ən diqqətçəkən məqam iki hökumət arasında yaradılacaq milli birlik məsələsidir. Burada Azərbaycan Cümhuriyyəti tərəfindən tələb edildiyi halda, Osmanlı hökumətinin daxili intizam və asayişi təmin etmək üçün lazımi hərbi qüv­və ilə kömək göstərəcəyi qeyd edilmişdir.

Yusif Vəzir Çəmənzəminli sonralar bolşevik rejimindən üzr istəyərək Azərbaycana qayıtsa da, milli hökumət dövründə qələmə aldığı “Xarici siyasətimiz” adlı yazısında vurğulayırdı ki, milli hökumətin quruluşunda əsas məsələ bölgədəki türk toplumunun, türk milliyyətinin gələcəyini özünün təyin etməsi ideyasıdır. O həmçinin yazır ki, “Türk Ədəmi-Mərkəziyyət” və “Müsavat” partiyaları bu məqsədlə qurulmuşdur: “Azərbaycanda hamıdan artıq olan biz türkləri mülahizə etdikdə özümüzü xoşbəxt görürəm, çünki toprağımıza söykənəcək heç bir düşmən bizə xətər yetirə bilməz. Ölkə və cəmaətdən başqa bir böyük məsələ də var. Bu məsələ də hakimiyyət məsələsidir. Bu hakimiyyət, yəni ölkəmizin ixtiyarı kimin əlinə düşsə, üstümüzdə o ağa olacaq… Böylə olan surətdə bizim üçün ən vacib məsələ Azərbaycanın hakimiyyətini öz əlimizə almaqdır. Bu isə istiqlal ilə olur. Odur ki Azərbaycan istiqlalı firqəmizə ələm olmuşdur. “Türk Ədəmi-Mərkəziyyət” firqəsi “Müsavat”ın əsl məqsədi də bundan ibarətdir” (Y.V.Çəmənzəminli. “Xarici siyasətimiz”, Bakı, 1993, s.8–9).

Azərbaycan Cümhuriyyətinin xarici siyasətində ən təməl hədəf beynəlmiləl arenada iştirak edən digər dövlətlərin onu de-fakto və hüquqi baxımdan tanıması üçün özünə yer tapmaq olmuşdur. Azərbaycan Cümhuriyyətinin həm daxili, həm də xarici siyasətində ən mühüm məsələ bu milli ruhu özündə göstərmək idi. Eyni zamanda Y.Vəzir Çəmənzəminli də yazısında bu mövzuya toxunaraq söyləmişdir…

Davamı…

Ergün Ucatürk
Tədqiqatçı yazar və şair