ABŞ prezidenti Co Bayden vəzifəsinin bitməsinə az qalmış, Ukraynaya Rusiya ərazilərinə ABŞ istehsalı ATACMS raketləri ilə zərbə vurmaq icazəsi verib.
Maraqlıdır ki, 3 ilə yaxındır ABŞ müharibənin yayılmaması bəhanəsiylə Ukraynanın bu məsələdəki bütün xahişlərini qulaqardı edirdi. İndi isə Bayden qəfil Ukraynanın istəklərini “xatırladı” və onlara belə bir imkan tanıdı.
Bəs Baydeni buna vadar edən səbəblər nə idi? Əlbəttə, ABŞ prezidenti bunu sadəcə Ukrayna məsələsində müsbət xatırlanmaq üçün etmədi.
Bir çox siyasi şərhçinin bu məsələylə bağlı müxtəlif fikirləri var. Bu qərarı “gecikmiş dəstək” olaraq da oxumaq olar, başqa cür də. Lakin mən bu qərarı Demokratların son illərdə Rusiya mövzusunda yeritdiyi daxili siyasət taktikasının bir parçası olaraq görürəm.
Belə ki, Bayden bu qərarla “Rusiya kartı”nı istifadə edərək Trampa indidən zərbə endirməyə çalışır. Baydenin icazəsindən sonra yaxın müddətdə Ukrayna əsgərləri ATACMS-ləri Rusiya torpaqlarına doğru atəşlədiyində, əlbəttə, fəsadlar böyük olacaq. Şübhəsiz, hər atılan raket Moskvanı bir az da radikallaşdıracaq.
Bu da Ağ Evin yeni rəhbərliyi (Tramp administrasiyası) üzərində Ukrayna məsələsinə görə ikitərəfli təzyiqi artıracaq.
Moskvanın normallaşma üçün ilk şərtlərindən biri kimi Rusiya ilə münasibətləri mülayimləşdirmək istəyən Trampın önünə “ATACAMS” məsələsini qoyması gözləniləndir. Tramp bu məsələdə Rusiyanı məmnun edəcək addım atarsa, bu dəfə həm NATO içərisində, həm də daxili siyasətdə problemlər yaşaya bilər.
Bu addımı atmadıqda isə ehtimal olunan Putin–Tramp uzlaşması yeni maneələrlə qarşı-qarşıya qalacaq.
Bu Demokratların əvvəl də işlətdiyi taktikadır. Obama–Bayden (Bayden Obama dönəmində vitse-prezident olub) cütlüyü 2016-cı ildə noyabr seçkisində Tramp qalib gəldikdən sonra da bənzər bir addım atmışdı.
Vəzifəsini Trampa təhvil verməyə hazırlaşan Obama da vəzifəsinin sonlarına yaxın 35 xarici vətəndaşı “Rusiya agenti” olduğu iddiasıyla ABŞ-dan deport etmişdi. Beləcə, özündən sonra Trampa Moskva–Vaşinqton münasibətlərində yeni bir gərginlik “miras” qoymuşdu. Bu gərginlik isə yeni formalaşan administrasiya üçün baş ağrısına çevrilmişdi.
Trampın ilk təyin etdiyi Milli Təhlükəsizlik Müşaviri Maykl Flin bu mövzuyla bağlı Moskvayla gizli danışıqlar apardığı üçün 24 gün sonra istefa vermək məcburiyyətində qalmışdı.
Onu da qeyd etmək lazımdır ki, Flin hadisəsi Tramp administrasiyasının ilk qalmaqalı olaraq tarixə düşdü.
Baydenin son qərarı mənə 2016-cı ildəki bənzər hadisəni xatırladır.
Demokratlar həmişə Trampa Rusiya məsələsində “güvənilməz” şəxs kimi baxır. Buna görə də sələf-xələf münasibətlərinə çox da uyğun olmayan bir şəkildə Tramp üçün artıq ikinci dəfədir xoşagəlməz bir “miras” qoyurlar. Beləcə, həm Trampın “Ukrayna müharibəsini bitirəcəm” vədini yerinə yetirməsinin qarşısını almağa, həm də Vaşinqton–Moskva münasibətlərini öz istədikləri orbitdə saxlamağa çalışırlar.