Füyuzat 141 Həşim Səhrablı

Bütün münaqişələrin səbəbkarları

Suriya problemi, Yaxın Şərqdə ümumi xaosun davam etməsi, Ukrayna müharibəsi, Asiya–Sakit okean hövzəsində başlayan “ölüm-dirim” savaşı, Afrikaya sahib olmaq uğrunda böyük dövlətlərin “super mübarizə”si, Cənubi Qafqazda baş verənlər, Şərq–Qərb qarşıdurması və s. onlarca qlobal münaqişənin ilkin siyasi mənzərəsinə nəzər saldıqda bütün bunların səbəbinin böyük dövlətlər arasındakı çəkişmələr olduğu görünür. Ancaq hadisələr bu qədər bəsit səbəblərdən ibarət deyil.

II Dünya müharibəsindən sonra faktiki bir nizam quruldu. Müharibədə qalib gələn Qərb dövlətlərinə nüfuz etmiş, bu gün qlobalistlər adlandıra biləcəyimiz güc mərkəzləri beynəlxalq hüququn ön planda olduğu yeni dünya nizamını – beynəlxalq sistem mərkəzli qlobal dünyanı inşa etdilər. Bir zamanlar güclü SSRİ hakimiyyətinin mövcudluğu onlara təkqütblü nizam qurmağa imkan verməsə də, “Soyuq müharibə” nəticəsində imperiyanı parçalamağa müvəffəq olan qlobalistlər Qərb–ABŞ mərkəzli təkqütblü ittifaqı formalaşdıra bildilər. Əslində, SSRİ-nin məğlubiyyətə düçar olmasının səbəbi də yeni dünyaya – qlobal dəyərlərə zamanında əhəmiyyət verməməsi, insanların fərd olaraq qəbul edilməməsi və bütün sahələrdəki, xüsusilə texnologiya sahəsindəki yeniliklərin görməzdən gəlinməsi idi. Beləliklə, qlobalistlər dünyamiqyaslı idarəçilik forması almış nizam qurdular və bu nizamı beynəlxalq təşkilatlar vasitəsilə idarə etməyə başladılar. Bunun nəticəsi idi ki, qısa müddətdə bir neçə önəmli beynəlxalq təşkilat formalaşdırıldı və onlar əsrlərdir Avropada tökülən qanları dayandırdı. Bu, ölkələr arasındakı qarşıdurmalara, ən azından müharibələrə son qoydu və Qərbin təkqütblü dünya nizamını qurmasına yol açdı.

Ancaq Qərb, yəni burada idarəetmədə güclü təsiri olan qlobalistlər anlayırdılar ki, imperiyaların mövcud və güclü olduğu müddətcə onlar öz məqsədlərinə tam mənada çata bilməyəcəklər. Hakim sülalələr onlara baş əyməyəcək və dünyanı vahid mərkəzdən – “qlobal əl”dən idarə edə bilməyəcəklər.

I Dünya müharibəsinin nəticəsində rəsmi olaraq Osmanlı imperiyasının süqutu və mülkünün parçalanması qlobalistlərin xeyrinə olmuşdu. Bundan başqa, Fransa və Böyük Britaniya imperiyalarının da əsarət altına aldıqları bir çox əraziləri (indiki müstəqil dövlətləri) itirməsi qlobalistlərin bütün məqsədlərinə addım-addım irəliləməsini asanlaşdırırdı. Ancaq bu yolda onların yeni hədəfləri də var idi: Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ), Yuqoslaviya, Çexoslovakiya kimi imperiyalar dağılmalı və əsarətdən qurtulan ölkələrə “qlobal dəyərlər” ayaq açmalı idi. Qeyd etdiyimiz kimi, bu planlar da uğurla nəticələndi.

Ancaq SSRİ-nin dağılması üçün ABŞ ilk növbədə Çini ram etməyi, daha doğrusu, öz tərəfinə çəkməyi bacarmalı idi. Belə də oldu. Çin Qərb və Rusiya arasındakı mübarizədən kənarda qaldı, nəticədə müəyyən avantajlar əldə etdi. Təsadüfi  deyil ki, SSRİ-nin dağıldığı tarix ilə Çinin bugünkü inkişaf rüşeymlərinin atıldığı illər eynilik təşkil edir.

Çini öz tərəfinə çəkməklə SSRİ-ni dağıtmağı, bununla da qloballaşma üçün əsas maneəni aradan qaldırmağı istəyən qüvvələr, görünür ki, onun ani yüksəlişini hesablaya bilməmişdilər. Onlar elə düşünürdülər ki, SSRİ-nin dağılması ilə dünyada “qlobal zəncir” formalaşacaq, bütün milli və mənəvi dəyərlər sıradan çıxacaq, dünya sadəcə London və Vaşinqtondan idarə ediləcək.

Ancaq praktika göstərdi ki, SSRİ-nin dağılması Moskvanın dünya siyasətindəki rolunu azalda bilmədi, əksinə, Pekin ona edilən güzəştləri müstəsna dəyərləndirmiş, qısa zamanda ciddi inkişaf yolu qət etmişdi. Qərb artıq sadəcə Rusiyaya qarşı deyil, Çinə qarşı da ehtiyatlı davranmalı idi…

Davamı…